Çin Beynəlxalq İdxal Sərgisində Azərbaycanın "Şərab evi" açıq elan ediləcək


Digərləri 07 Noy 2018 16:00:00 251 0

Çin Beynəlxalq İdxal Sərgisində Azərbaycanın "Şərab evi" açıq elan ediləcək

The China Youth Daily, Çin

07.11.2018 

Müəllif: Huanq Çin

"China Youth Daily"nin Qafqaz regionunda akkretidə olunmuş müxbiri Huanq Çinin verdiyi məlumata görə, Azərbaycanın İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev ÇXR-də səfərdədir. O, səfər çərçivəsində Şanxay şəhərində ilk dəfə keçirilən Çin Beynəlxalq İdxal Sərgisində iştirak edir. Sərgi zamanı Şanxayda Azərbaycanın "Şərab evi"nin açılışı da nəzərdə tutulub.

Müxbirimizin Azərbaycan İqtisadiyyat Nazirliyindən aldığı məlumata görə, Azərbaycan hökuməti Çin Beynəlxalq İdxal Sərgisinə böyük əhəmiyyət verir. Hətta Bakı ölkənin bir sıra tanınmış müəssisə və şirkətlərini sərgiyə qatılmağa da çağırıb. Bundan başqa, sərgidə iştirak etmək üçün Azərbaycanın hökumət rəsmiləri və işgüzar dairə təmsilçilərindən ibarət nümayəndə heyəti də yaradılıb. Sərginin gedişində onların "Ticarət və investisiya", "Bir kəmər-bir yol: ekoloji kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi", "Qlobal ticarət və beynəlxalq logistika" mövzularında forumlarda iştirakı da nəzərdə tutulub.

Sərgidə Azərbaycandan olan 32 şirkət 300-dən çox şərab, ərzaq və kənd təsərrüfatı məhsullarını nümayiş etdirir. Onların əksəriyyəti şərablardır.

Qeyd edək ki, Azərbaycan Cənubi Qafqaz regionunun üzümçülüyün güclü olduğu ölkələrindən biridir. Bu sahə təxminən 8000 illik tarixə malikdir. Bu gün Azərbaycanın şərab məhsulları əsasən Rusiya, Çin, Türkiyə, Cənubi Koreya, Fransa, Ukrayna, Almaniya, Yaponiya, Belarus və digər ölkələrə ixrac olunur. Rusiyaya ixracat Azərbaycanın ümumi şərab ixracının təxminən 85%-ni təşkil edir. Burada Çinin payı 10%-dən azdır. Məsələn, 2017-ci ildə Azərbaycanda istehsal olunmuş təxminən 10 milyon litr şərabın 3,75 milyon litri ixrac edilib. Onun 3,38 milyon litri Rusiyaya, yalnız 270 min litri Çinə göndərilib.