İstanbulda iki tarixi görüş: region dövlətlərinin əməkdaşlığında yeni səhifə


Dünya 07 Noy 2018 15:48:00 244 0

İstanbulda iki tarixi görüş: region dövlətlərinin əməkdaşlığında yeni səhifə

Qlobal miqyasda proseslərin sürətli transformasiyası məlumdur. Son zamanlar bunun regional səviyyədə də ciddi təsir göstərməkdə olduğunu mütəxəssislər vurğulayırlar. Həmin bağlılıqda Cənubi Qafqazla ilgili müşahidə edilən hadisələrin geosiyasi qiymətləndirilməsi daha da aktuallaşıb. Bir tərəfdən, ABŞ və Rusiyanın fəallığı, digər tərəfdən isə İrana qarşı sanksiyaların tam olaraq qüvvəyə minməsi ortaya yeni suallar çıxarır. Şübhəsizdir ki, sanksiyalar region ölkələrindən yan keçə bilməz.

Son.az newtimes.az-a istinadən xəbər verir ki, artıq mütəxəssislər maliyyə sferasında vəziyyətin dəyişə biləcəyinin ilk işarələrini verirlər. Bu cür məsuliyyətli bir mərhələdə tarixi Dolmabaxça sarayında Türkiyə-Azərbaycan-İran və Türkiyə-Azərbaycan-Gürcüstan görüşünün keçirilməsi çox əhəmiyyətlidir. Ekspertlər həmin hadisələri regional əməkdaşlıqda yeni səhifənin açılması kimi dəyərləndirirlər. Həmin məsələ üzərində geniş dayanmağa böyük ehtiyac görürük.

Üçtərəfli əməkdaşlıq formatı: Azərbaycan Prezidentinin uğurlu təşəbbüsü

Ermənistanın xarici siyasətində ciddi bir yeniliyin olmadığı müşahidə olunur. Forpost ölkənin rəhbərliyi bütövlükdə əvvəlki iqtidarların qeyri-konstruktiv mövqeyini davam etdirir. Nikol Paşinyan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə etdiyi təxribat xarakterli səfərləri ilə vəziyyəti daha da qeyri-müəyyən istiqamətə yönəltmiş olur. Azərbaycan rəhbərliyi isə həmişə olduğu kimi xarici siyasətini dönmədən həyata keçirir. Bunun nəticəsidir ki, artıq Ermənistan KİV-i və ekspert dairələri də Bakının faktiki olaraq Ermənistanı təcrid vəziyyətinə saldığını qəbul edir.

Son dövrlərdə regionda baş verən geosiyasi proseslər və diplomatik fəallıq bu tezisi bir daha təsdiq edir. Belə ki, ABŞ və Rusiyanın yüksək səviyyəli rəsmiləri belə İrəvanı sevindirəcək bir fikir bildirmirlər. Əksinə, onlar münaqişənin ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyindən bəhs edirlər. Rusiyalı ekspertlər arasında isə artıq Moskvanın Ermənistanı müdafiə etməməsi kimi fikirləri tez-tez ifadə edənlərin sayı artır.

Vaşinqtonun mövqeyinə gəldikdə isə, Con Boltonun və digər rəsmi şəxslərin regiona səfərləri bir daha təsdiqlədi ki, Qərb bütövlükdə Azərbaycanın tələblərini haqlı sayır, rəsmi İrəvanın onlara əməl etməsi zəruriliyini açıq ifadə edirlər. Nəzərə alaq ki, cəmi bir neçə il öncə Qərb bu dərəcədə açıq və əmin danışmırdı. ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri isə İrəvanda faktiki olaraq psixoloji şok yaratdı: o, Amerikanın Azərbaycana da silah verə biləcəyinə işarə etdi. Bu o deməkdir ki, artıq Vaşinqton erməni diasporunu sipər gətirib, antiazərbaycan siyasətini davam etdirmək istəmir. Amerika üçün etibarlı, suveren və ədalətli tərəfdaş daha uyğundur.

Bütün bunların fonunda İstanbulda iki çox əhəmiyyətli görüş keçirilib. Onlardan biri Azərbaycan, Türkiyə və Gürcüstan, digəri isə Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli müzakirələri olub. Bu görüşləri bir çox məqamlar birləşdirir.

Birincisi, həmin görüşlər üçtərəfli əməkdaşlıq formatı çərçivəsində keçirilib. Məlumdur ki, bu formatın təşəbbüskarı Azərbaycan Prezidenti İlham Əliyevdir. Ekspertlərə görə, bu əməkdaşlıq formatını çeviklik və unikallığına görə diplomatiya tarixində yenilik adlandırmaq olar. Azərbaycan-Türkiyə-İran, Azərbaycan-İran-Rusiya, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlıq formatları öz bəhrəsini verməkdədir.

Bunlara dördtərəfli əməkdaşlıq formatını da əlavə etməliyik. Bu formatın da meydana gəlməsində Azərbaycan Prezidentinin ciddi töhfələri vardır. Bu bağlılıqda son olaraq Azərbaycan-Gürcüstan-İran-Türkiyə formatlarında əməkdaşlıq mexanizmlərinin yaradılması regional tərəfdaşlığın inkişafına və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına təkan verir.

İkincisi, həmin görüşlər Türkiyədə keçirilib. Yəni artıq region dövlətlərini (Ermənistan işğalçılığına görə istisna olmaqla) bir araya gətirən təşəbbüslər real nəticə verir. Və onların həyata keçməsində Azərbaycan Prezidentinin müstəsna xidmətləri vardır.

Üçüncüsü, hər iki görüşdə müzakirə edilən məsələlər regional əməkdaşlığa və əsasən də təhlükəsizliyə aid olan məqamlarla əlaqəli olub. Onlarda dövlətlərin ərazi bütövlüyünün qorunması, təhlükəsizliyin təmini, əməkdaşlığın müxtəlif formalarının inkişaf etdirilməsi və konkret olaraq Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məsələləri əks olunub.