Ekspertiza: "Mikayıl Müşfiqin qohumu olan şəxslər müəyyənləşdirilib, onlardan nümunələr götürülüb"


Digərləri 07 Noy 2018 14:20:00 302 0

Ekspertiza: "Mikayıl Müşfiqin qohumu olan şəxslər müəyyənləşdirilib, onlardan nümunələr götürülüb"

Şair Mikayıl Müşfiqə aid olduğu iddia edilən sümük qalıqlarının ona aid olub-olmadığını müəyyən etmək üçün şairin ata nəslindən olan kişi cinsli yaxın qohumlarından da müayinələrin götürülməsi lazımdır. Artıq istintaq orqanları tərəfindən həmin şəxslər müəyyənləşdirilib və onlar müayinələrin götürülməsi üçün bizə təqdim edilib.

Son.az xəbər verir ki, bunu özəl olaraq Trend-ə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.

Onun sözlərinə görə, müayinələrin aparılması üçün onlara bir deyil, çox sayda sümük qalıqları təqdim edilib. Sümük qalıqları üzərində məhkəmə-kriminalistik, məhkəmə-tibbi, molekulyar-genetik və s. ekspertizaları həyata keçiriləcək:

"Artıq bu müayinələrin hamısına başlanılıb. Sümük qalıqları bir neçə şəxsə aiddir. Onların hələlik kimlərə aid olduğu bilinmir. DNT analizi apardıqdan sonra sümük qalıqlarının müayinələrinin nəticələri Müşfiqin qohumlarının müayinələrinin nəticələri ilə tutuşdurulacaq və müəyyən ediləcək ki, bizə təqdim edilən sümüklər arasında Mikayıl Müşfiqə aid sümük qalıqları var, ya yoxdur".

Ə.Həsənov hələlik müayinələrin nə zaman bitəcəyini söyləyə bilməcəyini deyib: "Bu müayinələr uzun çəkən prosesdir. Digər tərəfdən, həmin sümüklər çürüyüblər, amma biz çalışacağıq ki, bu işi maksimum dərəcədə tez yekunlaşdıraq".

Direktor qeyd edib ki, sümük qalıqları üzərində müayinələrin aparılması bitdikdən sonra bu nəticələr M.Müşfiqin qohumlarının müayinələrinin nəticələri ilə müqayisə ediləcək və müvafiq nəticələrə gəlinəcək.