Nazir: "Qeyrineft ixracında kənd təsərrüfatı məhsullarının payı 47 faizdən çoxdur" FOTO


Digərləri 07 Noy 2018 13:58:00 293 0

Nazir: "Qeyrineft ixracında kənd təsərrüfatı məhsullarının payı 47 faizdən çoxdur"  FOTO

İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və sahibkarlardan ibarət nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir.

İqtisadiyyat Nazirliyindən Son.az-a verilən məlumata görə, səfərin ilk günü iqtisadiyyat naziri Şahin Mustafayev Şanxayda keçirilən Birinci Çin Beynəlxalq İdxal Sərgisinin açılış mərasimində iştirak edib.

Sərginin açılış mərasimində Çin Xalq Respublikasının sədri Si Cinpin çıxış edib.

Qeyd edək ki, Milli Sərgi və Konqres Mərkəzində təşkil olunan sərgidə 170 ölkədən 3 mindən çox şirkət təmsil olunur. Bu, Çində idxal məhsullarının ilk sərgisidir. 100-dən çox yeni məhsul və texnologiyalar ilk dəfə olaraq məhz bu sərgidə nümayiş olunur.

Sərgidə qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 30-dan çox Azərbaycan şirkətinin 180 çeşiddən artıq məhsulları qida və kənd təsərrüfatı məhsulları, həmçinin xidmətlər pavilionlarında təqdim edilir.

İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycanın üzüm və meyvə şərabları və digər spirtli içkilər, çay, meyvə şirələri, mürəbbələr və digər konserv məhsulları, qənnadı məmulatları, fındıq, quru meyvələr və s. qida məhsulları "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunur. Azərbaycan pavilyonlarında sərgi ziyarətçilərinə məhsullarımız və xidmətlər barədə məlumat verilir, müxtəlif maarifləndirici materiallar təqdim edilir. Həmçinin, sərginin müxtəlif yerlərində "Made in Azerbaijan" reklam lövhələri quraşdırılıb. Noyabrın 10-dək davam edəcək sərgi çərçivəsində Çinin kənd təsərrüfatı və yeyinti sənayesi məhsullarının satışı ilə məşğul olan distributorları ilə Azərbaycan şirkətlərinin görüşləri təşkil olunacaq.

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Birinci Çin Beynəlxalq İdxal Sərgisi ilə tanış olub.


Xəbərə aid fotolar