Yeni orfoqrafiya lüğəti nə vaxt hazır olacaq?


Digərləri 07 Noy 2018 11:42:00 324 0

Yeni orfoqrafiya lüğəti nə vaxt hazır olacaq?

Yeni orfoqrafiya lüğəti 2019-cu ilin birinci yarısında hazır olacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəylinin rəsmi mətbuatda dərc olunan məqaləsində deyilir.

Qeyd olunur ki, Milli Elmlər Akademiyasında yaradılmış Orfoqrafiya Komissiyası Azərbaycan dilinin müstəqillik dövründə ilk orfoqrafiya lüğətini hazırlamaq üçün yeniləşdirilmiş orfoqrafiya qaydalarını hazırlayıb ümumxalq müzakirəsinə çıxarıb. Ölkə miqyasında 2017-ci ilin dekabrından 13 sentyabr 2018-ci il tarixədək 9 ay davam edən orfoqrafiya müzakirələri çoxsaylı dilçilik problemlərini diqqət mərkəzinə çıxarıb və elm adamlarını həmin problem məsələlərin həllinə səfərbər edib. İctimai müzakirələr eyni zamanda ana dilinə - dövlət dilinə münasibətdə azərbaycançılıq mövqeyindən çıxış edənlərlə yanaşı, bəzi hallarda hələ də müxtəlif dillərdən alınma sözlərin müdafiəçiləri olanların da fəal mövqedə olduğunu nəzərə çarpdırıb:

"Bununla belə, gərgin elmi müzakirələr şəraitində keçən debatlardan sonra "Azərbaycan dilinin orfoqrafiya qaydaları" təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim olunub, həmin qaydalar əsasında xalqımızın milli maraqlarına və dövlətçilik prinsiplərinə, ən başlıcası isə Azərbaycan dilinin qrammatik quruluşuna cavab verən yeni orfoqrafiya lüğətinin hazırlanmasına start verilib. 2019-cu ilin birinci yarısında yeniləşdirilmiş orfoqrafiya lüğəti xalqımıza çatdırılacaq. Bundan başqa, son illərdə bir neçə sahə üzrə izahlı lüğətlərin hazırlanıb nəşr edilməsi də dilimizin ümumi mənzərəsini qorumaq, onun daxili potensialını xalqa çatdırmaq və nəticə etibarilə ana dilinin zənginliklərindən istifadə etmək üçün mükəmməl elmi baza yaratmağa xidmət edir. Heç şübhəsiz, bu qeyd olunanlar nə qədər əhəmiyyətli dilçilik faktları olsalar da, tam yetərli deyildir. Mövcud Prezident fərmanı Azərbaycan Respublikasının dövlət dilinin saflığının qorunması və işlək mexanizmlərinin təkmilləşdirilməsi baxımından qarşıya daha məsuliyyətli vəzifələr qoyur".