Emin Musavi: "Azərbaycan Beynəlxalq Bankı ilə birgə bunu bacardıq"


Digərləri 07 Noy 2018 10:08:00 232 0

Emin Musavi: "Azərbaycan Beynəlxalq Bankı ilə birgə bunu bacardıq"

Azərbaycanda biznes və media əməkdaşlığı dərinləşdikcə onların cəmiyyət qarşısında birgə sosial məsuliyyəti məsələsi də gündəmə gəlir. Bəzi media qurumlarının ötəri kütləvi marağı nəzərə alaraq bayağı reytinq ardınca qaçmasında reklamı reytinqə görə verən biznes qurumlarının məsuliyyəti nədən ibarətdir? Onlar kütləvi informasiya vasitələrini cəmiyyət üçün daha faydalı materiallar hazırlamağa həvəsləndirə bilərlərmi?

Bu sualların cavabını öz fəaliyyətində daha çox maarifləndirmə xəttini əsas götürən ASAN Radionun icraçı direktoru Emin Musavi ilə tapmağa çalışacağıq...   

- Emin müəllim, necə bilirsiniz, medianın diqqət yetirdiyi əsas mövzuları, auditoriyanın istəyi müəyyənləşdirməlidir, yoxsa media özü ictimai zövqü formalaşdırmağa çalışmalıdır?

- Düşünürəm ki, bunu bir tərəfdən oxucular, dinləyicilər, tamaşaçılar, digər tərəfdən isə media qurumunun özü müəyyənləşdirməlidir. Media ictimai zövqü formalaşdırmalıdır. Cəmiyyət üçün vacib məsələlərə diqqəti cəlb etməlidir. İstər radio, istər televiziya, istər internet portallar, fərq etməz, bunların hər biri əhəmiyyətli, prioritet mövzular üzrə polemikalar qurmalıdır. Mövzu ilə bağlı dəqiq informasiya verməlidir və əlbəttə, maarifləndirməlidir.

Hər bir media qurumunun öz rolu var: kimsə əyləndirir, kimsə idman yeniliklərini çatdırır, digəri iqtisadi prosesləri təhlil edir. Bizim də ASAN Radio olaraq bir neçə prioritet istiqamətimiz var. Bunlardan ən mühümü dövlət xidmətləri ilə bağlı vətəndaşların bütün suallarına asan dildə cavab verməkdir. Bu, bizim missiyamızdır.

- Çox populyar ifadə də var ki, oxucu, dinləyici, tamaşaçı nəyi istəyirsə, onu təqdim etmək lazımdır...

- Bilirsiniz, bunun özünü tam dəqiq təyin etmək hələ o qədər asan deyil ki, oxucu, dinləyici, tamaşaçı istəyi, əslində, nədən ibarətdir?! Cəmiyyəti maarifləndirmək, sağlam tərzdə faydalı informasiya çatdırmaq bizim borcumuzdur. Zövqü korlamaq olmaz. İndi bəzi media qurumlarında tez-tez bayağı, qeyri-etik materiallar yayılır. Səbəbləri məlumdur. Bu, bir tərəfdən qeyri-peşəkarlıq problemidir, digər tərəfdən də bununla reytinq toplamaq istəyirlər. Amma reytinq toplamağın yolu axı bu deyil. Daha doğrusu, bu, ən asan və bəsit yoldur. Keyfiyyətli kontent yaradaraq auditoriyanın diqqətini onunla cəlb etmək, bəli, çətindir. Bu, yetərincə peşəkarlıq tələb edir. Amma əgər biz çətin olmayan yolla reytinq istəyiriksə, onda gəlin ancaq elə qeyri-etik materiallar verək. Bu halda hamının diqqətini cəlb edəcəyik və reytinq də yüksək olacaq. Ustalıq və peşəkarlıq isə ondadır ki, daha keyfiyyətli kontentlə diqqət qazana biləsən. Bu, dünyada da belədir. Məsələn, dünyada sırf tarixi mövzularda verilişlər hazırlayan ayrıca televiziya kanalları var. Yaxud "National Geographic" kanalına nəzər salaq. Bu kanalda ayrı-ayrı ölkələr haqqında maraqlı məlumatlar, maarifləndirici informasiya çatdırılır. Çox böyük zəhmət, əziyyət bahasına hazırlanır bu verilişlər və çox da böyük tamaşaçı marağı qazanır.

Dedi-qodu, yoxlanılmamış informasiya, emosional tərzdə təqdim edilən xəbərlər, bunlar hamısı qeyri-peşəkarlıq nümunələridir. Azərbaycanda öz işinə vicdanla və insafla yanaşan, ciddi kontentlər yaradan, faydalı informasiya verən jurnalistlər kifayət qədərdir. Amma təsadüfi insanlar media fəaliyyəti ilə məşğul olanda bu cür xoşagəlməz hallar yaranır.

- Sizcə, keyfiyyətsiz, bayağı materialların ortaya çıxmasında belə media orqanlarına, verilişlərə reklam verən şirkətlərin də hər hansı məsuliyyəti varmı?

- Təbii ki, onların da müəyyən məsuliyyəti var. Çünki reklam yerləşdirən şirkət cəmiyyətimiz haqqında, vətəndaşlarımız haqqında, uşaq, böyük, yaşlı, gənc - hər kəs haqqında düşünməlidir.