"Azərbaycanın çörəyini Azərbaycan dilində danışa bilən adamlar yeməlidir"


Digərləri 07 Noy 2018 07:00:00 384 0

"Azərbaycanın çörəyini Azərbaycan dilində danışa bilən adamlar yeməlidir"

"Artıq ölkədə rus və ingilis məktəblərinə meyl Azərbaycan məktəblərinə nisbətən daha güclüdür"

"Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərman imzalaması, eləcə də Ağdamda olarkən Azərbaycan dilinin qorunması ilə əlaqədar səsləndirdiyi fikirlər təkcə bir dövlət başçısının səlahiyyətləri daxilində imzalanan sənəd, yaxud görüş zamanı söylədiyi adi sözlər deyil. Bu, kifayət qədər siyasi, mənəvi, əxlaqi məzmun və mahiyyət kəsb edən bir məsələdir. Çünki dil bir millətin göstəricisi, onun şərəf, layəqət, anlama hissi, mövcudluq formasıdır. Milləti olmayanın dili olmur". 

Bunu Son.az-a açıqlamasında Milli Məclisin üzvü, tarix elmləri doktoru, professor Fəzail İbrahimli bildirib.

Azərbaycan dilinin normaları daha çox Bakıda pozulur - Xalq şairi Prezidentin Fərmanını təqdir etdi Millət vəkili hesab edir ki, ona görə də öz dilini qoruyub saxlamaq hər bi insanın, vətəndaşın borcudur: "Əslində dövlət başçısı bu fərmanla bir xalqın, millətin çəkə biləcəyi yükü ifadə edib. Çünki burda kifayət qədər ciddi məsələlər var.

Dünyada qloballaşma gedir. Bu siyasət bəzən kiçik dövlətlərin, xalqların tarixi taleyinə mənfi təsir gösətərə bilər. İqtisadiyyatda, siyasətdə olduğu kimi dağıdıcı qüvvələr mənəviyyatda da böyük dağıdıcılıq törədirlər. Məsələn, bu gün xarici şirkətlər xarici xarici dili bilənləri işə götürürlər. Bu da təbiidir, öz dilində danışmalıdır. Amma bu proses, çox təəssüf ki, bəzən Azərbaycanın daxilində gedən məsələlərə də sirayət edir. Bu gün işə qəbul prosesində xarici dilləri bilməlisən deyə tələblər var. Sovet İmperiyasi dövründə rus dili tələb edilirdi, indi isə ingilis dili. Amma İngiltərədə heç bir işə qəbul zamanı xarici dil bilmək tələbi qoyulmur. Tutaq ki, çin və ya yapon, yaxud fransız və ya alman dilini bil, belə tələb qoyulmur. Avropa ölkələrində belə bir tələb yoxdur. Hər bir ölkə öz dilində danışır.

Biz müstəqil Azərbaycan dövləti qurmuşuq, müstəqillik zamanında yaşayırıq. Çox təəssüf ki, belə bir proses, xoşagəlməz hallar var. Məsələn, bu gün ingilis dilini bilən az qala özünü ali bir təbəqə kimi təqdim etməyə çalışır. Mənim düşüncəmə görə, insan nə qədər çox dil bilirsə, bu, o qədər gözəldir. Bu bir azərbaycanlının Avropa ilə Avropa dillərində danışa bilən çox böyük göstəricisidir. Ancaq bu göstərici o vaxt müsbət hal alır ki, o, həm də öz dilini sərbəst bilsin. Öz dilində danışa, fikrini sərbəst ifadə edə bilmədən şəxs başqa 10 dildə bilsə, yenə də elə bilin ki, öz milləti qarşısında laldır. Əgər o öz millətinin arasında istər rəsmi, istərsə də qeyri-rəsmi formada fikrini öz dilində ifadə bilmirsə, o xarici dil bilməsi ilə necə fəxr edə bilər?!"