Həqir bir zərrəni əziz bir nəhayətsizliyə qaldıran vasitə


Digərləri 06 Noy 2018 21:50:00 238 0

Həqir bir zərrəni əziz bir nəhayətsizliyə qaldıran vasitə

Bismilləhir-Rahmənir-Rahim!

Xeyirlə şər arasında savaş hər an, hər saniyə gedir. Və bu savaşın əsas arenası - məhz insan qəlbidir. Vandallıq törədənlərin, dini ədavəti qızışdıranların, insanların bir-birinə qənim kəsilməsini arzulayanların - hər qəbildən olan bu şər qüvvələrinin qarşısında bəşərin aydınları, zəkaları, intellektual qüvvələri mənəviyyatla, əxlaqla dirəniş göstərməlidirlər.

Uca Allahdan duamız budur ki, bu fitnələr öz müəllif və icraçılarına qayıtsın, Yer üzü müxtəlif qarşıdurmaların poliqonuna çevrilməsin, haqq-ədalət tezliklə qalib gəlsin!

İnsanın maddiyyatı və mənəviyyatı

Bu gün dünyanın düşdüyü bütün bu ağrılı-acılı vəziyyətlərin kökünü təhlil etdikdə, birmənalı nəticəyə gəlinir. Məsələnin bünövrəsində məhz əxlaqi-mənəvi dəyərlərin aşınması durur. İnsan artıq kosmosu fəth edə bilir, qalaktikanın uzaqlıqlarına uçuş aparatları buraxa bilir, okeanın dərinliklərində tədqiqat apara bilir, genomun kodunu açmağa yaxınlaşa bilir, kompüter texnologiyalarında böyük nailiyyətlər əldə edə bilir, amma bunların hamısının yalnız o zaman mənası və əhəmiyyəti vardır ki, bunlar insanın yüksəlişinə səbəb olsun. Məhz insanın insanlıq adlı keyfiyyətinin inkişafından, vücudi tərəqqisindən  söhbət getməlidir. Yəni, bütün bu elmi-texniki inkişafla yanaşı, "insan kimdir?" sualı xüsusi aktuallıq və əhəmiyyətlə qoyulur.

Bu mövzunun özülündə insana olan münasibət durur. Söhbət ondan gedir ki, insan maddi və mənəvi kompleksdən, madiyyatın və mənəviyyatın vəhdət və harmoniyada bulunmasından ibarətdir, yaxud yalnız maddi aləmi var insanın?

Əgər insan yalnız maddidən ibarət olsaydı, vəziyyət tamamilə başqa cür olardı. Cisminin, maddəsinin, materiyasının inkişafına və artımına hər nə ki, xidmət edirdi, həmin istiqamətlərə diqqət yetirməsi kafi olardı. Amma insan tək material tərkibdən ibarət deyildir. Və bundan başqa, insanı insan edən əsla onun maddi cisminin necəliyi deyil. Nizamini, Tolstoyu, Tusini, Eynşteyni, Dostoyevskini dühalığa çatdıran qətiyyən onların maddi quruluşu deyildir. Yaxud, əxlaq ustadlarının, filosofların material cisimlərinin necəliyi onların ardıcıllarını maraqlandırmamışdır. İnsanı insan edən, insana "mən"lik verən şey tamamilə başqa müstəvidə yerləşir.

Söhbət, əlbəttə ki, maddyyatın inkarından getmir. Maddi durum, insanın materiya olaraq vəziyyəti - insanın çox vacib və əlamətdar məsələsidir və buna az əhəmiyyət vermək olmaz. Bəhs ondan gedir ki, maddi yönəlmə insanın prioritetinə çevrilməsin.

Zahiriyyətin parıltısı insana nə vəd edir?

İlahi dayaqlara əsaslanmayan yanaşma, təminatların "optimallığı"nı da ən acınacaqlı səviyyəyə gətirib çıxarardı. İnsan nə bilir ki, nə xeyirdir, nə zərər? Bunu empirik yolla, təcrübə vasitəsilə müəyyən etmək ağlasığmazdır. Deməli, bu "eksperimentlərin", şəxsi mülahizələrin yekunu olaraq, maddi durum üçün də son dərəcə acı nəticələr hasil olacaqdı. Amma maddi və mənəvi durumun ayrı-ayrılıqda mövcud olmadığını, bunların sıx, vücudi əlaqədə bulunduğunu nəzərə alsaq, anlayarıq ki, məsələ mənəvi deqradasiya, aşınma, bədbəxt duruma düşmə ilə sonuclanır. İnsan alçaqlığa, rəzilliyə, eybəcərləşməyə doğru gedir. Gözəlliyin, inkişafın həqiqətdə nə olduğunu dərk etməyən insan, mənfiliyə sürüklənməyə məhkumdur.

Əlbəttə ki, bunlar - düşüncənin, təhlilin, durumun təftişinin mövcud olduğu halda görünə bilən bir şeydir. İblis lənətlik insanın gözündə maddiyyatı parlatmaqla, mənəvi kateqoriyaların unudulmasına nail olmağa çalışır və bir sıra hallarda buna müvəffəq də olur. Müəyyən zahiri görüntülərin hesabına insan öz həqiqi durumundan sapa bilir, yolundan aza bilir. Onun insanlığını təşkil edən keyfiyyətlər, xüsusiyyətlər isə unudulmuş, kənara atılmış olur. Təbii ki, bu amil, onun həqiqi insanlıqdan kənara düşməsinə səbəb olur.

Bunun bariz nümunəsini biz bir çox hallarda görürük. Görün dünya hara gedir? Mənəvi dəyərlər, fəzilətlər baxımından böyük tənəzzül müşahidə edilir. Ağlagəlməz çirkinliklər ayaq açır toplumlara, İlahi hədlər aşılır və insanlar bədbəxtliyə düçar olur. Sanki texniki tərəqqidə irəliyə atdığı bir addım, insanın mənəvi geriləməkdə onlarla, yüzlərlə addımıyla müşayiət olunur. Belə durumda inkişaf da, tərəqqi də təhlükə kəsb edir. Çünki, bir gün yetişə bilər ki, tam mənəvi boşluğa, zombiləşmiş qəlblərə malik insanlar məhvedici qüdrətə sahib olsunlar və onları heç nə saxlaya bilməsin. Necə ki, çağdaş dünyamızda bunların işartıları mütəmadi olaraq görünür. Qüdrət bəşərin düşməninin əlində olanda, bu, çox ağır nəticələrə gətirib çıxarır. Yalnız bir axırıncı əsr ərzində müharibələrdə yüz milyondan artıq insan tələf olmuşdur ki, bunların da böyük hissəsi hərbə heç bir aidiyyatı olmayan dinc adamlar idi.

İnsan bütün yaranmışlardan əzizdir

Allah Təala heç bir yaranmışa, heç bir məxluqa insana verilən qiyməti verməmişdir. Qurani-Kərimin "İsra" surəsinin 70-ci ayəsində buyrulur: "Biz Adəm övladını şərəfli və hörmətli etdik".

İnsan - elə sırf insan olaraq apriori bu qiymətə malikdir. Onun zatında, mahiyyətində kəramət, şərafət istedadı qoyulub. İzzətə, kəramətə yetişmək - insan fitrətinin bir hissəsidir. Hər bir insanın mahiyyətində bu nəcib xüsusiyyətlər qoyulmuşdur. Qoyulmuş bu keyfiyyətlərlə insan sonradan nə edəcək - bu, onun öz seçimidir.

Allah Təalanın xüsusi bir lütfü var insana. Digər varlıqlardan üstün, izzətli qərar vermişdir insanı Allah. Ariflər buyurublar ki, insan gerçəkdə özünü nə qədər tanısa, kəramət və izzətini tapar. Yəni, insan özünü nə qədər dərindən tanısa, nə qədər ağılla, müdrikliylə özünün gizli xüsusiyyətlərini doğru, dürüst bir durumda təftiş etsə, bir o qədər də tez surətdə insani keyfiyyətlərin daşıyıcısına çevrilər.

İslamın nəzərində insan bütün məxluqdan ən əzizidir. İmam Museyi-Kazımdan (ə) nəql edilən hədisdə bildirilir: "Mömin qırmızı yaqutdan da əzizdir".

Gördüyümüz kimi, iman gətirən son dərəcə nadir və qiymətli bir zinətlə müqayisə edilir. Bu, maddi bir müqayisədir, bu halda möminin cismani dəyərinin yüksəkliyini göstərilir.

İmam Cəfər Sadiqdən (ə) nəql edilən hədisdə isə möminin durumunun mənəvi tərkibi təqdim edilmişdir: "Möminin hörməti Kəbədən daha çoxdur".

Aydın olur ki, insanın öncədən dəyəri, qiyməti budur - ən müqəddəs bir məfhumla müqayisə edilir və ondan üstün bilinir. Kəbədən o yanası yoxdur ki! Milyarddan çox insanın ibadət zamanı yönəldiyi istiqamətdir, and yeridir. İnsanın bu böyüklükdə qiymətə malik olması - onun potensial xüsusiyyətidir. O, özü edə bilər ki, ən primitiv mikroorqanizmdən aşağı düşsün və elə də bilər ki, ən yüksək mənəvi zirvələrə yetişsin, mələklərə xas məqamları da üstələsin.

Zillətdən çəkindirmək

Dinimiz insana heç bir şəraitdə zillət və alçaqlığa enməyə icazə vermir. İstər fərdi, istər ictimai müstəvidə, əmək münasibətlərində, həyatın bütün digər sahələrində insan İlahi əmanət olan ruhunu məhv etməməli, heç kəsin qarşısında əyilməməlidir. Hər nə ki, insanı alçaqlığa, xarlığa, əskikliyə aparırsa, ondan uzaq olmalıdır. İmam Cəfər Sadiqdən (ə) nəql edirlər: "Həqiqətən, Allah Təala möminə hər bir şey üçün izn verib, amma öz varlığını, nəfsini zəlil etməyə ona icazə verməmişdir".

Aydın olur ki, öz mənliyini, kimliyini alçaltmağı dinimiz insana qadağan edir. Burada bir məsələnin fəlsəfəsi də açıqlanır - Allahın qadağan etdiyi, haram bildiyi bütün işlər insanı aşağılayır, alçaldır. Və məhz bu səbəbdən həmin haramlar qadağan edilmiş, insana yasaq buyurulmuşdur.