Tələbə və pensiyaçılar üçün ictimai nəqliyyat güzəştli


Digərləri 06 Noy 2018 21:54:00 272 0

Tələbə və pensiyaçılar üçün ictimai nəqliyyat güzəştli

Tələbə və pensiyaçıların ictimai nəqliyyatdan güzəştli istifadəsi məsələsinə baxıla bilər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli paytaxtın nəqliyyat sahəsində görülən işlər və problemlərdən danışarkən deyib.

V.Kərimli bildirib ki, BNA-nın fəaliyyətə başladığı ilk ildə mövcud problemlər və onların araşdırılması, zəruri istiqamətdəki addımlar analiz olunub: "Problemləri mərhələli şəkildə - qısamüddətli və ortamüddətli hədəflər şəklində müəyyən etmişik. Ən zəruri məsələ avtobus parklarının yenilənməsidir. Bütün dünyada belə bir təcrübə var ki, şəhər daha çox avtomobil deyil, piyadaların istifadəsi üçün hazırlanmalıdır. Şəxsi nəqliyyat vasitələrinin daha az olması üçün isə ictimai nəqliyyatın işi yüksək səviyyədə olmalıdır. Bunun üçün parkinq yerləri, ictimai nəqliyyatın daha əlçatan olması vacibdir. Hazırda məhz bu istiqamətdə işlərimizi davam etdiririk. Agentliyin hədəfi Bakı standartlarını yaratmaqdır".

Agentlik rəhbəri yaxın zamanlarda avtobuslara qoyulan tələblərin açıqlanacağını deyib: "Nəqliyyat vasitəsinin həm daxili, həm xarici tərtibatı, həm də texniki göstəriciləri, ən əsası isə təhlükəsizlik məsələləri əsas şərt kimi qoyulub".

O qeyd edib ki, paytaxt küçələrində bu günə qədər 3 mindən çox pandus, eləcə də piyadaların təhlükəsizliyi üçün tumbalar quraşdırılıb: "Bu işlər davam etdiriləcək, fiziki məhdudiyyətli insanların ən çox getdiyi yerlərdə, küçələrdə, ən çox olduqları binaların pilləkənlərində pandusların quraşdırılmasına, eyni zamanda panduslu avtobuslara üstünlük veriləcək. Həmçinin, gözdən əlil insanların daha rahat hərəkəti üçün sədlərin düzəldilməsi nəzərdə tutulub. Avtobuslar da panduslu olmalıdır, əks təqdirdə, hansı daşıyıcıya məxsus olmasından asılı olmayaraq, həmin avtobuslar fəaliyyət göstərə bilməyəcək".