Azərbaycanın hava limanları bütün aviaşirkətlər üçün açıqdır


Digərləri 06 Noy 2018 21:17:00 259 0

Azərbaycanın hava limanları bütün aviaşirkətlər üçün açıqdır

AZAL prezidenti Cahangir Əsgərov bu gün KPMG Azerbaijan şirkətinin nümayəndələri - baş menecerlər Fərid Baxşıyev və Andrey İvanovla görüşüb.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, danışıqların əsas mövzusu Azərbaycan və Avropa arasında "Open Skies" müqaviləsinin təfərrüatları olub.

Qeyd edək ki, Azərbaycan hökumətinin sifarişi ilə KPMG şirkəti bu layihə üzrə məsləhətçi rolunda çıxış edir.

Cahangir Əsgərov görüşdə qeyd edib ki, hər hansı aviaşirkət üçün Azərbaycana reyslərin yerinə yetirilməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur:

"Belə bir fikir mövcuddur ki, guya AZAL Avropa ilə "Open Skies" müqaviləsinin imzalanmasının nəticələrindən ehtiyatlanır. Mən rəsmən bəyan edirəm ki, hər hansı aviaşirkət üçün Azərbaycana reyslərin yerinə yetirilməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur.  Hətta vurğulamaq istərdim ki, xarici daşıyıcılara hava məkanı azadlığı ilə bağlı geniş kommersiya hüquqları verilir".

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan azsaylı ölkələrdən biridir ki, xarici aviaşirkətlərə beşinci (Bakıdan keçərək tranzit), hətta ən yüksək səkkizinci (ölkə daxilində reyslər yerinə yetirmək hüququ) hava sərbəstliyi hüququ verir.

"Bir daha vurğulamaq istərdim ki, Azərbaycanın hava limanları bütün aviaşirkətlər üçün açıqdır, biz hava daşımaları bazarımızdakı bütün yeni aviadaşıyıcıları salamlayırıq", - deyə C. Əsgərov vurğulayıb.