Səfir: Niderland Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verir


Digərləri 06 Noy 2018 20:42:00 235 0

Səfir: Niderland Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verir

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Niderlandın Azərbaycandakı səfiri Onno Kervers ilə görüşüb.

Bakı. Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Niderlandın Azərbaycandakı səfiri Onno Kervers ilə görüşüb. DGK-dən Trend-ə verilən məlumata görə, S.Mehdiyev Niderland ilə ölkəmiz arasında əməkdaşlıq əlaqələrindən məmnunluqla bəhs edib, tərəflər arasında bundan sonra da qarşılıqlı fəaliyyətin, birgə əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində gömrük sistemində tətbiq olunan yeniliklərdən bəhs edən Komitə sədri bildirib ki, məqsəd beynəlxalq ticarətin asan və maneəsiz şəkildə həyata keçirilməsi, mal və nəqliyyat vasitələrinin sərhədkeçmə prosesinin sürətləndirilməsi, gömrük prosedurlarının daha da sadələşdirilməsi, şəffaflığın tam təmin olunmasıdır. Bu məqsədlə Avropanın və digər inkişaf etmiş ölkələrin qabaqcıl təcrübələrindən istifadə olunur, ən müasir tətbiq və yeniliklər həyata keçirilir. Hazırda gömrük orqanlarında informasiya texnologiyalarından səmərəli şəkildə istifadə edildiyi, kağızsız texnologiyaya geniş yer verildiyi, hər bir sahibkarın internetə çıxışı olan istənilən məkandan gömrüklə bağlı əməliyyatları yerinə yetirmək imkanına malik olduğu diqqətə çatdırılıb. Şəffaflığın tam təmin olunması və korrupsiyaya qarşı qətiyyətli mübarizə çərçivəsində mühüm addımların da atıldığı və nəticədə büdcə daxilolmalarının nəzərəçarpacaq dərəcədə artdığı diqqətə çatdırılıb."Yaşıl dəhliz" buraxılış sistemi və digər mütərəqqi layihələrin tətbiqi hesabına idxal-ixrac əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirildiyi, biznes subyektlərinə münbit şərait yaradıldığı bildirilib. Azərbaycan və Niderland gömrük xidmətləri arasında mövcud əməkdaşlıqdan da söhbət açan DGK sədri əlaqələrin daha da intensivləşdirilməsinin, ticarət dövriyyəsinin artırılması istiqamətində səylərin daha da gücləndirilməsinin vacibliyinə toxunub, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.