Bayern Munchen-i Bundesliqa “kral”ına çevirən sərxoş - daş qutaranda məşq bitirdi


İdman 06 Noy 2018 17:21:00 345 0

Bayern Munchen-i Bundesliqa “kral”ına çevirən sərxoş - daş qutaranda məşq bitirdi

Bundesliqa 50 il budan əvvəl alman klublarının ümumi  evi olmaq statusunu itirib. Liqa yarım əsrdir ki, Bayern Munchen-nin qərargahı funksiyasını daşıyır. Bu “qərargahı” Branko Zebeç yaradıb - Bavariya klubunun uğurlarının təməlini qoyan, lakin özünün  zəifliyi ilə bacarmayan məşqçi.  

 

1968-də Bayern Munchen-in baş məşqçisi xorvat Branko Zebeç idi. 40 yaşlı məşqçi kluba ilk çempionluğu qazandırdı. 1968/69 mövsümündə komanda bütün çempionat boyu turnir cədvəlinin birinci pilləsində yer aldı. Həmin dövr üçün inanılmaz bir uğur sayılırdı. Zebeçin klubu həmin mövsümdə həm də Almaniya kubokunu qazandı.  Buna qədər analoji nəticəni  Bundesliqada heç  bir komanda göstərməmişdi. 

Bavariya təmsilçisinin çempion olduğu mövsümdə heyətdə cəmi 13 futbolçu yer alırdı. Bekkenbauer,  Mayer, Şvarçenberk və Rot aparıcı futbolçular idi. Çempionluq uğrunda mübarizədə bütün yük məhz onların çiyninə düşürdü. Amma  baş məşqçinin sevimli futbolçuları deyildilər. Ümumiyyətlə, Zebeç heç kimə üstünlük vermirdi. Baş məşqçinin xarakteri, oyun metodu futbolçularla dostluq münasibəti yaratmaq üçün münasib deyildi. Xorvat hər gün gecə saat 23:00-da futbolçulara zəng etməyi xoşlayırdı. Telefona cavab verməyənlər səhəri gün mütləq töhmət alırdı. Baş məşqçi futbolçularının şəxsi həyatı barədə ətraflı məlumata malik idi. Pulla ələ aldığı xəbərçilər hər bir futbolçunun bazadan kənarda nə etdiyini ona çatdırırdı.  

Daş qurtadısa, deməli, məşq bitdi

Baş məşqçinin əsas iş pinsipi belə idi: topa daha çox nəzarət etmək. Zebeç deyirdi: “Top bizdədirsə, deməli rəqib qol vura bilməyəcək. Topa nəzarət rəqibi qoldan mərhum etmək deməkdir”

Bayern Munchen-nin məşq prosesi hər gün səhər qaçışla başlayırdı. Məşqdən əvvəl Zebeç kurtkasının ciblərini kiçik daşla doldurardı. Komandanın başa vurduğu hər dövrədən sonra daşın birini yerə atardı. Daş qurtaranda məşq başa çatardı. “Məşq günlərinin birində Zebeç sanki İzara çayının sahilində olan bütün kiçik daşları cibinə doldurmuşdu. Temperatur kölgədə 40 dərəcə idi. Biz ən azı 70 km qaçmışdıq. Qaçışdan sonra əsas məşq başlamalı idi. O qədər yorulmuşduq ki, su içməyə taqətimiz qalmamışdı”, - komandanın futbolçusu Franç Rot xatırlayır.

Bəzi futbolçular Zebeçin qəddarlığından narazı idi. Onun heç kimə rəhm etməməsi narazılıq yaradırdı. Frans Bekkenbauer isə, əksinə, Brankonu dünyanın ən yaxşı məşqçisi hesab edirdi. Təsadüfi deyil ki, məşhur futbolçu karyerasının son illərində Zebeçlə ailəvi dost oldu. Bu dostluğun əsası lap əvvəllər baş verən hadisə nəticəsində qoyulmuşdu. 23 yaşlı Franç baş məşqçnin bazada qalmaq tələbinə əhəmiyyət vermədən gecə pəncərədən çıxaraq evə getmişdi. Səhərə yaxın qayıdan futbolçu qaldığı otağa girərək yerini açmağa başladı. Komanda hələ yatmışdı, “qalx” komandası bir neçə dəqiqədən sonra olacaqdı. Birdən Franç hiss etdi ki, otağın küncündə qaranlıqda kimsə oturub. Bu, Zebeç idi. Məşqçi ayağa durdu, işığı yandırdı və heç nə demədən otaqdan çıxdı. Bekkenbauer bir daha qaydaları pozmadı.

Xorvat mütəxəssis komanda üzvlərinə əziyyət verirdi. Hətta pivə içməyi belə, qadağan etmişdi. Baş məşqçinin hərəkətlərindən bezən futbolçular tez-tez klub rəhbərliyinə şikayət edirdi. Rəhbərlik 1969/70 mövsümünün başa çatmasını gözləmədən onu istefaya göndərdi. İstefaya baxmayaraq, Zebeç əlindən gələni etmişdi: Bayern Munchen Bundesliqada hakimiyyətin nə olduğunu artıq bilirdi. Növbəti altı ildə münhenlilər 3 dəfə Almaniya çempionu oldu və 3 dəfə çempionlar kubokunu əldə etdi. Uğurun təməlini Zebeç qoymuşdu.

Ağrılardan əzab çəkən Zebeç 1970-ci ildə cərrahi əməliyyat olundu. Şəkər xəstəsi idi və həkimlər içməyi qadağan etmişdi. Bununla belə, hər gün içirdi. İçirdi ki, ağrılarını bilməsin. Məşqçilik etdiyi dövrdə hətta soyunub-geyinmə otağında əlində viski şüşəsi olardı. Oyundan sonra az qala bir şüşə boşaltmaq adəti idi. Artıq içkidən uzaqlaşa bilmirdi.

Bayern Munchen-dən gedəndən bir müddət sonra Braunşveyq klubundan dəvət aldı. Komanda birinci diviziona yenicə çıxmışdı. Zebeç ilk məşqçi idi ki, rəqib hücumçuların fərdi şəkildə qorunmasını ləğv etdi və ümumi müdafiə sistemini yaratdı. Heç kimin inanmadığı  eksperiment əla nəticə verdi: 1976/77 mösümündə komanda çempiondan cəmi bir xal geri qaldı. Nəticəyə baxmayaraq, baş məşqçi içkidən əl çəkmirdi. Maraqlıdır ki, klubun sponsoru Jeqermeister şirkəti Zebeçin vərdişinə etiraz etmirdi. Əksinə onun məvacibini ikiqat artırdı. Branko hər gün sərxoş olsa da, klubda nizam – intizam qaydalarına ciddi əməl edilməsini nəzarətdə saxlayırdı. Tələbkarlığı əvvəlki kimi idi. Artıq çəkiyə və məşqə yubanmağa görə futbolçuları pul cəriməsi gözləyirdi. Halbuki, özünü cərimələsəydi, yığılan pulla böyük bir ev ala bilərdi. 

Alman məşqçilərin əksəriyyəti sərxoşluqla məşğul olurdu

Branko Zebeç Almaniyada yeganə araq içən məşqçi deyildi. 70-ci illərdə araşdırma aparan alman jurnalistlər Bundesliqa məşqçilərinin əksəriyyətinin içki aludəçisi olduğunu ortaya çıxarmışdı. Herta-nın baş məşqçisi Kuno Kletçer otağındakı soyuducuda həmişə viski saxlayırdı. Çalışdırıcı deyirdi: “İçməsəm mümkün deyil. Bu iş elədir ki, içki şüşəsi əlinin altında olmalıdır”. Frankfurt-un çalışdırıcısı Dyula Lorant komandadan daha çox konyak barədə düşünürdü. Deyilənə görə, Dortmund-un baş məşqçisi Udo Lattek rəhbərliklə 1000 markdan mərc gəlib ki, komanda ardıcıl üç oyunda qalib gələnə qədər içməyəcək. “Bu, həyatımın ən ağılsız mərci idi” - Lattek sonralar etiraf etmşdi.

70-ci illərdə məşqçilərin hüququ rəsmi şəkildə qorunmurdu. Nəticədən asılı olmayaraq hər an klubdan qovula bilərdilər. Yüksək liqada olan 16 məşqçi yerinə yüzlərlə namizədin olması işi bir az da çətinləşdirirdi.  Fanatların təhqiri isə məşqçiləri tam “öldürürdü”. Bütün bunlar çalışdırıcıların içkiyə qurşanmasına səbəb olurdu. Necə deyərlər, dərdlərini sərxoşluqla boğmaq məşqçilərin vərdişinə çevrilmşdi. Nürnberq klubunun  baş məşqçisi Herbert Vidmayer yeni yaradılan Bundesliqadan qovulan ilk məşqçi idi. Cəmi 9 turdan sonra istefaya göndərilmişdi. Bu hadisədən sonra həyat yoldaşı ət mağazasına belə rahat geə bilmirdi. Fanatlar onun ardınca qışqırırdı: “Baxın, donuz evdəki donuz üçün axşam yeməyi alır”. 

1980-ci ildə Hamburq klubuna gətirilən Zebeç burada formal məşqçi idi. Stolda oturur və məşq prosesi keçirdi. Ayağa qalxan kimi yıxılırdı. Amma klub rəhbərliyi ona hər şeyi bağışlayırdı. Çünki komanda məhz onun sayəsində Avropa çempionlar kubokunun finalına yüksələ bilmişdi.

Hamburg-un baş meneceri Qünter Hetçer hər dəfə Zebeçdən xahiş edirdi ki, jurnalistlərin qarşısına çıxmasın. Çünki baş məşqçinin sərxoş halda mətbuat konfransına gəlməsi klub üçün faciə idi. Amma hər dəfə eyni sözləri eşidirdi: “Rədd ol. Öz işinlə məşğul olsan yaxşıdır”.

1981-ci ildə Zebeç Dortmund-la bir illik müqavilə bağladı. Amma qalmaqallı xorvat cəmi 5ay klubda qaldı. Sərxoş halda idarə etdiyi maşınla qəza törətdiyinə görə 4 aylıq şifahi həbs cəzası aldı və klubdan qovuldu. İşsiz qalan baş məşqçi həyatının son 4 ilini tamamilə içkiyə həsr etdi. Axırıncı dəfə jurnalistlər onu 1988-ci ildə Bayern Munchen - Hamburg matçında tapa bildilər:

- Cənab Zebeç, indi nə işlə məşğul olursunuz?

- Heç nə etmirəm. Həyatdan zövq alıram.

Bu söhbətdən bir həftə sonra Branko Zebeç zövq aldığı həyatda yox idi...