İşsiz və işaxtaran vətəndaşlara mal və materiallar verilib


Digərləri 06 Noy 2018 17:00:04 230 0

İşsiz və işaxtaran vətəndaşlara mal və materiallar verilib

Qısa müddət ərzində proqram iştirakçılarından 600-dən çoxu aktivlərlə təmin olunaraq fərdi təsərrüfatlarını yaradıb.

Bakı. Özünüməşğulluq proqramı çərçivəsində daha bir neçə rayonda 50-dən çox işsiz və işaxtaran vətəndaşa mal və materiallar verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən nazirlik tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində bu gün Hacıqabul, Şamaxı, Ağsu, İmişli, Zərdab və digər bir neçə rayonda 50-dən çox işsiz və işaxtaran vətəndaşa mal və materiallar təqdim olunub. Onlardan böyük əksəriyyəti biznes-planlarına uyğun olaraq heyvandarlıq üzrə kiçik ailə təsərrüfatlarını yaratmaq üçün iri və xırda buynuzlu mal-qara ilə təmin olunublar. Digər bir qisminə isə xidmət sahələri üzrə özünüməşğulluq fəaliyyətini qurmaq üçün zəruri materiallar verilib. Ümumilikdə cari ilin ötən dövründə özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensialları olan 7300-dən çox vətəndaş seçilərək proqram üzrə təlimlərə cəlb olunub. Proqrama cəlb edilən işsiz və işaxtaranlar sırasında əlillliyi olanlara, şəhid ailələrinin üzvlərinə, məcburi köçkünlərə, sosial cəhətdən digər həssas qruplara üstünlük verilib. Təlim kursunu bitirərək qiymətləndirmələr zamanı biznes planları uğurlu hesab edilənlərin mal və materiallarla təmin olunması həyata keçirilir.