AzTV: Tarix və müasirliyin harmoniyası


Digərləri 06 Noy 2018 15:28:20 491 0

AzTV: Tarix və müasirliyin harmoniyası

Azərbaycan Televiziyası və Radio Verilişləri QSC müasir teleməkanda ən geniş yayım coğrafiyasına, müxbir məntəqəsinə və yaradıcı, texniki heyətə malik televiziyadır.

Bakı. Hər bir dövlətin transmilli informasiya resursları ilk növbədə həmin dövlətin dünya arenasında uğurlu təbliği, lokal və beynəlxalq miqyasda yaşanan ictimai-siyasi proseslərə obyektiv və operativ reaksiya, vətəndaş cəmiyyətinin müntəzəm qaydada zəruri məlumatlarla təmin olunması məqsədlərinə xidmət etməlidir. Müasir dövrdə qlobal infosferada izlədiyimiz proseslər onu deməyə əsas verir ki, dünyanın BBC, CNN, Euronews, New York Times, Washington Post və digər nüfuzlu media orqanları istənilən hadisəyə obyektiv, media parametrləri kontekstindən deyil, daha çox korporativ maraqlar müstəvisindən baxır, təmsil etdiyi dövlətin və ya beynəlxalq təşkilatın prinsiplərini üstün tutur, bir çox strateji məsələlərdə isə lazım gəldiyi an təhdid, yaxud təsir mexanizmi kimimedia resurslarından istifadə olunur. Başqa sözlə, daxili informasiya resursları zəif olan və ya cəmiyyətin informasiya təminatını tam ödəməyən ölkələr əcnəbi media qurumlarının aramsız hücumlarına, yaxud informasiya terroruna, kiberhücumlara məruz qalır ki, nəticədə vətəndaş cəmiyyəti ilə dövlət idarəçilik institutları arasında, daxili sabitlik və təhlükəsizliyin təmini məsələsinə yanaşmada ciddi problemlər yaşanır, infosistemin kənar təsirlərlə idarə olunması ölkəni xaos, anarxiya, qarşıdurmaya sürükləyir. Uzağa getmək lazım deyil. Yaxın Şərq ssenarisinin ilk növbədə məhz media və ya internet mediası üzərindən cəmiyyətə ötürüldüyü, əhalinin informasiya ilə manipulyasiya edildiyi, başqa sözlə, manqurtlaşdırıldığı və bütün bunların məntiqi nəticəsi olaraq dağıntılar, söndürülməsi hələ də mümkün olmayan müharibə ocaqları və beynəlxalq humanitar fəlakət çağdaş dünyamızın acı reallıqlarıdır. Bu baxımdan, virtual məkanda təmsil etdiyini gücünü, qüdrətini nümayiş etdirmək, habelə, milli maraqları ən yüklsək tribunalarda müdafiə etməyi bacarmaq üçüngüclü informasiya resursları olmalı, ölkənin informasiya təhlükəsizliyinin qorunması məqsədilə ilk növbədə daxildə düşünülmüş və kompleks ideoloji iş aparılmalı, cəmiyyətin informasiyaya olan tələbatı tam şəkildə ödənilməlidir. Yalnız real, obyektiv və operativ informasiya ilə təmin olunmuş cəmiyyətin kənar təsirlərdən qorunma instinkti yüksək olur, vətəndaşlar baş vermiş istənilən hadisəni düzgün və obyektiv təhlil etməyi bacarır. Bu baxımdan Azərbaycan da yerləşdiyi coğrafi mövqenin onun qarşısında informasiya təhlükəsizliyi sahəsində ciddi tələblər qoyduğunu dərk edir, istər regionda yaşanan geosiyasi proseslər, istərsə də ölkəmizə qarşı yürüdülən aktiv, yaxud passiv infotəhdidlərdən çıxış edərək öz informasiya məkanını qorumaq istiqamətində sistemli və kompleks addımlar atır. Bu gün ölkə daxilində onlarla TV, radio, internet resurslarının fəaliyyət göstərməsi, 80%-dən çox vətəndaşın geniş zolaqlı internet şəbəkəsindən istifadə etməsi, ən əsası isə Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, dünyanın istənilən nöqtəsini dəqiq və operativ izləmək imkanı verən 3 peykimizin orbitdə mövcud olması görülən işlərin real nəticəsidir. Bütün bunlar daxili informasiya resurslarımızın, xüsusən televiziya kanallarımızın dünya arenasına çıxmasına, deməli, həm də Azərbaycanın uğurlu təqdimatı, təbliğatçılıq işinin daha effektiv şəkildə aparılmasına geniş imkanlar yaradır. Qalır bu imkandan maksimum yararlanmaqla milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, milli mədəniyyətimizi, dilimizi, tariximizi beynəlxalq arenada məhsuldar və keyfiyyətli şəkildə təqdim etmək, yalnız daxildə deyil, qlobal informasiya məkanında azərbaycançılıq ideologiyasını geniş yaymaqla soydaşlarımız arasında həmrəyliyi daha da gücləndirmək. Prezident İlham Əliyevin əsas məqsədi də məhz budur: Vətənə, milli dəyərlərə, azərbaycançılıq ideologiyasına sıx bağlı olan, ürəyi Vətənlə döyünən, sağlam düşüncəli gənc nəsil yetişdirmək, vətəndaş cəmiyyətini yad təsirlərdən və təhdidlərdən qorumaq, media resurslarının peşəkarlığını artırmaq. Bu gün Azərbaycanda, regionda və dünyada media sahəsində mövcud trendləri təhlil edərkən, tam əminliklə söyləmək olar ki, sözügedən istiqamətdə ölkə mediasının ruporu, aparıcı qüvvəsi məhz Azərbaycan Televiziyası və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətidir. Nəyə görə AzTV? İlk növbədə ona görə ki, Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin tarixən olduğu kimi bu gün də yalnız bir missiyası, bir ideoloji xətti var: dövlətçilik ənənələrini, milli ideologiyanı və milli mənlik şüurunu, milli məfkurəni hər şeydən üstün tutmaq, bu yolda istənilən xarici təhdid və təsir mexanizmlərini nəyin bahasına olursa-olsun aradan qaldırmaq, yalnız dövlətə, xalqa xidmət etmək. Bu televiziya üçün həmin prinsipdən başqa bir ideoloji xətt yoxdur. İkincisi, Azərbaycan Televiziyası və Radio Verilişləri QSC müasir teleməkanda ən geniş yayım coğrafiyasına, müxbir məntəqəsinə və yaradıcı, texniki heyətə malik televiziyadır. Bu gün uzaq ABŞ və Çindən tutmuş, Avropada, həmçinin Rusiya, Türkiyə, İran, Gürcüstan kimi region ölkələrində, eləcə də Yaxın Şərq və Orta Asiya dövlətlərində Azərbaycan Televiziyasının müxbir məntəqələri fəaliyyət göstərir. Üçüncüsü, bu gün Azərbaycan Televiziyası qədər gündəlik efir proqramında xəbərlər buraxılışlarına, ictimai-siyasi verilişlərə, ümumiyyətlə, aktual mövzuların sosial-siyasi təhlilinə geniş yer ayıran ikinci kanal tapmaq, sadəcə mümkün deyil. Ümumiyyətlə, Azərbaycan Televiziyası və Radio Verilişləri QSC üçün ən böyük dəyər reytinq siyahısında birinci olmaq deyil. Məqsəd tamaşaçının illərdir formalaşmış etimadını, inamını qorumaq və əlbəttə ki, onun zövqünü, dünyagörüşünü təmiz nitq, efir estetikasının ən xırda tələblərini nəzərə almaqla düzgün şəkildə formalaşdımaqdır. Etiraf edək ki, bu gün hər kəs istənilən informasiyanın ən doğrusunu, yaxud müəyyən xəbərlə bağlı rəsmi mövqeyi məhz Azərbaycan Televiziyası və Radiosundan gözləyir. Cəmiyyətdə yayılan, hətta digər kanalların dəfələrlə bəyan etdiyi hər hansı xəbərin həqiqiliyi yalnız bu informasiya vasitəsində elan olunduqdan sonra təsdiqlənir. Cəmiyyət bu gün Azərbaycan dilinin zənginliyinin, saflığının qorunması sahəsində də liderliyin məhz Azərbaycan Televiziyası və Radiosuna məxsus olduğunu etiraf edir. Yeni dövrün tələblərinə uğurla transfer edən, məzmunca tam milli kanal statusunda formalaşan Azərbaycan televiziyası və radiosunda çalışan dilçi alim, akademik və professor heyətinin sayı, habelə, dilimizin təbliği ilə bağlı yayımlanan fərqli proqramlar bu fikrin həqiliyini birmənalı şəkildə sübuta yetirir. Kadr potensialı