"Prezident İlham Əliyevin Ağdama səfəri çərçivəsində çıxışı tək işğalçıya deyil, onu himayə edənlərə də ciddi mesaj oldu"


Siyasət 06 Noy 2018 13:17:00 310 0

"Prezident İlham Əliyevin Ağdama səfəri çərçivəsində çıxışı tək işğalçıya deyil, onu himayə edənlərə də ciddi mesaj oldu"

Prezident İlham Əliyevin Ağdam rayonuna səfəri çərçivəsində çıxışı tək işğalçıya deyil, onu himayə edənlərə də ciddi mesaj oldu.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov bildirib.

E.Məmmədov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev cəbhəyanı rayonları daim diqqət mərkəzində saxlayır:

"Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdama səfəri cəbhə bölgəsində yaşayan vətəndaşlara böyük ruh yüksəkliyi verdi. Cənab Prezidentin Ağdam rayon ictimaiyyəti ilə görüşündə Dağlıq Qarabağ probleminin nizamlanması ilə bağlı söylədiyi fikirlər isə həmişə olduğu kimi, bu dəfə də düşmənə tərs şillə oldu. Bu çıxış Ermənistan hakimiyyətinə çox ciddi mesajdır. Bu, tək işğalçıya deyil, işğalçını himayə edənlərə, status-kvonun qorunub saxlanmasına şərait yaradanlara ciddi mesaj oldu. Cənab Prezident çıxışında bir daha vurğuladı ki, problemin yeganə həll yolu Azərbaycan ərazilərinin işğaldan azad olunmasından və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından keçir. Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etmək imkanı var, lakin biz bunun sülh yolu ilə həllini istəyirik".

Deputat bildirib ki, Ermənistanın indiki rəhbərliyi əvvəlki rəhbərliyin səhvlərini təkrarlamamalı, sərsəm bəyanatlardan əl çəkməlidir: "Onlar bu hərəkətlərindən əl çəkmirsə, deməli, problemin sülh yolu ilə həllinin tərəfdarı deyillər. Belə olan halda güclü Azərbaycan dövləti güclü ordusundan istifadə edərək torpaqlarını işğaldan azad etməyə başlayacaq. Bu işdə bütün məsuliyyət düşmənin və onu himayə edənlərin üzərinə düşür, çünki Ermənistan hakimiyyəti Azərbaycanı buna təhrik edir".

E.Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin bu bəyanatı Azərbaycan xalqında, xüsusən cəbhə bölgəsində yaşayan insanlarda ruh yüksəkliyini artırdı.