“Libasımı dəyişib xəlvətcə reydlərə çıxıram”


Digərləri 06 Noy 2018 10:02:00 245 0

“Libasımı dəyişib xəlvətcə reydlərə çıxıram”

Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərmli ictimai nəqliyyatdakı mövcud vəziyyət, problemlər və onların həlli yolunda atılan addımlarla bağlı modern.az-ın suallarını cavablandrıb.

Son.az müsahibəni təqdim edir:

- Vüsal müəllim, sirr deyilsə, sonuncu dəfə ictimai nəqliyyatdan nə vaxt istifadə etmisiniz? 

- Ötən həftənin şənbə günü.

- Maraqlıdır, ictimai nəqliyyatdan mütəmadi olaraq istifadə edirsiniz, yoxsa bu, bir təsadüf idi? 

- Elə bilirsiniz, əməkdaşlarımın mənə verdiyi məlumatların hamısına inanıram? (gülür). Sözümdən belə anlaşılmasın ki, məni aldadırlar. Əsla! Sadəcə, problemi özüm yerində görməmiş rahat ola bilmirəm. "BakuBus"da da, BNA-da da hansısa məqamı yoxlamaq üçün libasımı dəyişib əraziyə gedirəm. Lazım olanda şəkil də çəkirəm. Bizim işçilərlə birgə "Whatsapp" qrupumuz var. Məsələn, hansısa avtobusla bağlı daxil olan şikayətə əməkdaşlarımız yerində baxır, "hər şey normaldır" deyir. 1 həftə sonra özüm həmin şikayəti araşdırıram. Olub ki, şikayətçini də, daşıyıcını da dəvət edib bir yerdə müzakirə aparmışıq. Bu gün bir görüşdən gəlirdim. Gördüm səkidə işarələmə işləri aparılıb. Daha sonra işarələmə işləri aparan qurumun rəhbərilə danışdım. Məlum oldu ki, kimsə özü üçün parklama yeri düzəldib və xətləmə aparır. Biz dərhal bunun qarşısını aldıq.

- Belə anlaşıldı ki, əməkdaşlarınızın sizi aldatdıqlarına dair şübhələriniz yarandığından qəfil yoxlamalar aparırsınız?

- Yox, məsələ işçilərin məni aldadıb-aldatmaması ilə bağlı deyil. Rəhbər şəxsin öz vizionu olmalıdır. İşə, hadisələrə öz yanaşması, öz baxışı olmalıdır. Biz "BakuBus"ı dişimizlə-dırnağımızla qurmuşuq. Ona görə də "BakuBus"la bağlı qərəzli fikir bildiriləndə, çox pis oluram. Çünki "BakuBus" böyük zəhmət hesabına başa gəlib. Orada hansısa korrupsiya faktı ola bilməz. Digər daşıyıcılarda sərnişinlərdən alınan 30 qəpiklər hara gedir, nəyə xərclənir, bilinmir. "BakuBus"da isə hər şey kart sistemilə, köçürmə ilədir. Alınan hər bir yeni avdanlıq da kartla alınır. Burada hansısa yeyinti faktı ola bilməz. Bəzi mətbuat orqanlarının "BakuBus"u ləkələmək istəyi məni məyus edir. Bilirsiniz, indi burada çalışan 30-35 yaşlı işçilərimiz gələcəyin nəqliyyatçılarıdır. 15 ildir Azərbaycanda nəqliyyatçı yetişmir. Biz bunu etməyə çalışırıq. Buna kölgə salmaq cəhdləri isə xoşagələn deyil. Biz investisiya qoyub onları kurslara göndəririk. Mən özümə görə yox, o uşaqlara görə narahatam. Mən rəhbərəm, sabah vəzifəmi icra edə bilməsəm, ölkə rəhbəri tərəfindən işimə xitam veriləcək. Çünki vəzifə əbədi deyil, işin başında işini bilənlər olmalıdır. Əsas gənclərin həvəsdən düşməməsidir.

Bəzən əməkdaşlarımız gəlib deyir ki, "müəllim, bizdən mənfi yazırlar, amma siz reaksiya vermirsiniz". Belə bir hal bu yaxınlarda da baş verdi. Yenə ənənəvi olaraq başıma kepka qoydum "Gənclik Mall"ın qarşısına getdim. Deməli, sürücü ərazidə avtobusu qeyri-qanuni saxlayıb, mən də onun şəklini çəkirəm. Televiziya kanallarından biri kadrda məni göstərir və deyir ki, "baş verənlərdən Bakı Nəqliyyat Agentliyinin xəbəri yoxdur". Operator və "jurnalist"in BNA rəhbərinin kimliyindən xəbəri belə yoxdur. Olsaydı, kadrda ən azı məni tanıyardı. Jurnalist xalqı maarifləndirməlidir, qara yaxmamalıdır. Əgər nöqsan var və onun həllinə çalışılmırsa, onu tənqid etmək olar. Amma hadisə yerində rəhbərliyin olduğu bir anda "BNA-nın heç bir əməkdaşı burada yoxdur" demək heç bir jurnalist etikasına sığmır. Ən azı qurumun mətbuat katibindən açıqlama almaq olardı.

- Yəqin ki, Agentliyə avtobuslarla bağlı çox sayda şikayətlər daxil olur. Maraqlıdır, şikayətlər hansı şəkildə araşdırılır?

- Qeyd edim ki, bu gün BNA-ya daxil olan hər bir məktub, müraciətlər şəxsən tərəfimdən izlənilir. Qəza baş verən 160 saylı avtobusla bağlı bütün müraciətlərin hamısını araşdırmışıq. O vaxt avtobuslar paylaşdırılarkən heç bir müsabiqə keçirilməyib. Müsabiqə məsələsini ilk dəfə BNA həyata keçirdi. Hətta bunu da tənqid edirlər ki, niyə müsabiqə keçirirlər. 3 il əvvəl də indiki problemlər var idi. Maraqlıdır niyə indi qabardılır?

- Hər halda bu, insanların Agentliyin yeniliklər edəcəyinə dair yaranan ümidindən irəli gəlir...

- Əlbəttə. Bilirsiniz, Bakı bizim övladlarımıza qalacaq. Bakını başqasına verməyəcəyik. Ona görə indi atılan addımlar ağrılı olsa da, gələcəyimizin rahatlığı üçün təminatdır. Çünki 5 il sonra Bakını idarə etmək mümkün olmayacaq. Bu gün Bakıda böyük tikinti işləri gedir. Onların tənzimlənməsi böyük səy tələb edəcək. Hazırda 49 təklif vermişik, hamısına baxılır. Onların reallaşması zaman alacaq. Mən niyə hansısa layihənin icrası zamanı Avropaya istinad etməliyəm... Mən nəqliyyatda Bakı standartını yaratmaq istəyirəm. "BakuBus"ın qarajı Avropanın heç bir şirkətində yoxdur. Digərlərində də bu sistemi qurmağa çalışacağıq.

- Dediniz şikayətlərlə şəxsən maraqlanırsınız. Bu gün əksər şikayətlər sosial şəbəkələr üzərindən səsləndirilir. Maraqlıdır, sosial şəbəkədən istifadə edirsiniz? Bəlkə orada da "libasınızı" dəyişibsiz, xəbərimiz yoxdur?

- Sosial şəbəkəni izləməyimi bizim mətbuat katibimiz Maisdən soruşun ki, gecə saat neçədə ona yazıram. Ki, vətəndaş "Facebook"da, "İnstagram"da bizə sual ünvanlayıb, niyə cavablandırmamısan... Sosial şəbəkələrdən istifadə edirəm, amma öz adımla deyiləm (gülür).

- Məlumdur ki, bəzi özəl şirkətlərin arxasında məmurlar dayanıb. Onlarla mübarizə aparmaq isə çətinlik yaradır. Onlarla necə mübarizə aparmağı düşünürsünüz?

- Bilirsiniz, dövlət başçısı mənim arxamda durduğu müddətdə, hansısa daşıyıcının arxasında duran məmur mənə maraqlı deyil. Cənab Prezidentin ictimai nəqliyyatdakı nöqsanlarla bağlı çıxışından sonra Bakıya özəl şirkət tərəfindən 50 avtobus gətirilib. Yaxın günlərdə bəzi istiqamətlərdə köhnə avtobusları dəyişəcəm. Əvvəl, özəl şirkətlər tərəfindən bu addımlar atılmırdı. Amma ölkə başçısının çıxışından sonra bu məsələlər həll olunmağa başlayıb. Bu gün konkret addımların atılmaması hansısa məmurdan asılılığa görə deyil, vətəndaşın avtobussuz qalmamasına görədir.

- Vüsal müəllim, xüsusilə Bakıətrafl kəndlərə işləyən marşrut xətlərində vəziyyət bərbaddır. Hətta o gün sosial şəbəkələrdə bir foto vardı, avtobusda oturacaq yerinə stul qoyulmuşdu...

- Bəzən köhnə fotolar yayımlanır. Amma bu gün onu edəcək daşıyıcı bilir ki, belə olan təqdirdə fəaliyyət göstərə bilməyəcək. Bəzi hallarda daşıyıcılara hansısa xətti verəndə, deyirlər ki, yol bərbaddır gedə bilmərik. Bunlar hamısı bir-birinə zəncirvari bağlıdır. Hər halda qeyd olunan məqam da tərəfimizdən araşdırılacaq.

- Bir müddət əvvəl Bakıda tramvay və tralleybusların fəaliyyət göstərəcəyi gündəmə gəlmişdi. O məsələnin axırı necə oldu?

- Fransız şirkəti bununla bağlı BNA-ya müraicət etmişdi. Bu gün Avropada tramvayların olduğu yerlərdə əhali sayı azdır. Bakıda tramvay xətlərinin çəkilməsi üçün Lökbatan qəsəbəsi istiqamətində bulvarın kənarı ilə bütün ictimai nəqliyyatı ləğv edərək, Zığ qəsəbəsinədək həyata keçirə bilərik. Amma tramvay xəttini düzəltdiyimiz vaxt vətəndaş ora nə iləsə gəlməli və getməlidir. Ona görə, bu məsələ real görünmür. 

- Bakının ictimai nəqliyyatındakı mövcud vəziyyəti necə dəyələndirərdiniz?

- Ümumilikdə Bakı Nəqliyyat Agentliyi fəaliyyətə başladığı 3 ilin ilk ilini mövcud problemlər və onların araşdırılmasına yönəltdi. Nəqliyyat sistemi canlı orqanizmdir. Canlı orqanizmin dayandırılması və müəyyən layihələrin icra olunaraq, davam etdirilməsi kimi hüququmuz və lüksumuz yoxdur. Ona görə də problemləri mərhələli şəkildə - qısamüddətli hədəflər və ortamüddətli hədəflər şəklində müəyyən etmişik. Ən zəruri məsələ avtobus parklarının yenilənməsidir. Nəzərinizə çatdırım ki, Bakı Nəqliyyat Agentliyi fəaliyyətə başldığı zaman daşıyıcıların sayı 67 idi ki, hazırda bu rəqəm 41-ə endirilib. Ölkə rəhbəri son çıxışında da bildirdi ki, özəl sektor bu sahədə gözləntiləri doğrultmadı. Hazırda biz bu istiqamətdə də işlərimizi davam etdiririk. "BakuBus" nümunəsi olaraq, müqavilələr bağlanmaq üzrədir. Bu yaxınlarda 300 yeni avtobus ölkəyə gətiriləcək. Mövcud xətlər 3 il ərzində özlərini peşəkar şəkildə göstərə bilməyən daşıyıcılardan alınacaq və əhaliyə daha yüksək xidmət göstərənlərə veriləcək. Eyni zamanda, əsas məsələlərdən biri də paytaxtdakı sıxlıqlarla bağlıdır. Tıxaclar və sıxlıqlar bütün dünya ölkələrinin şəhərlərinə xas xüsusiyyətdir. Lakin tıxacların və sıxlıqların süni yolla yaradılmasının qarşısını almağı hədəfləmişik. Bəzi yerlərdə qeyri-qanuni parklamalar, bəzi yerlərdə tikinti şirkətləri tərəfindən icazəsiz tikintilər aparılması, səkilərin, yolların hesablanmadan tikinti ərazisinə daxil edilməsi bu problemləri daha da qabardır. Eyni zamanda, Bakı şəhərinin inzibati ərazisindəki avtomobil yollarında nişanlama və işarə çatışmazlığı mövcuddur. Hazırda onların analizi yekunlaşıb və hökumətə göndərilib. Önümüzdəki ildən etibarən həm məlumatlandırıcı, həm işarəverici nişanların quraşdırılmasına başlanacaq. Ümumilikdə bütün bunları bir neçə mərhələyə bölmək olar: avtobusların nizamlanması, taksilərə dair kvotanın tətbiqi üzrə tədbirlər planın hazırlanması. Küçə və prospektlərdəki piyada səkilərin yenidən bərpa olunması, piyadalar üçün daha təhlükəsiz piyada zolaqlarının yaradılması, eyni zamanda bəzi küçələrin istiqamətinin dəyişdirilməsi gündəmdədir. Bununla da süni şəkildə yaradılan tıxacların həllinə nail ola biləcəyik.

Bütün dünyada belə bir təcrübə var ki, şəhəri daha çox avtomobil istifadəsi üçün deyil, piyada istifadəsi üçün hazırlayasan. Biz şəhəri piyadaların daha çox, nəqliyyatın daha az olması istiqamətində hazırlayırıq. Avropa standartları məhz bunu ehtiva edir. Bakı Nəqliyyat Agentliyinin hədəfi Bakı standartları yaratmaqdır. Bakıda küçələrdə pandusların inşasına başlamışıq. Bugünə qədər 3 mindən çox pandus, təhlükəsizlik üçün tumbalar quraşdırılıb. Təəssüf ki, bir çox qəzalar zamanı nəqliyyat vasitələri piyadaların üstünə çıxır. Bizim quraşdırdığımız məhəccərlər və tumbalar məhz belə nəticələrin qarşısını almağa yönəlib.

Nəqliyyat vasitələrinin daha az olması isə ictimai nəqliyyatın yüksək səviyyədə olmasını tələb edir. Bunun üçün parkinq yerləri, ictimai nəqliyyatın daha əlçatan olması lazımdır. Hazırda məhz bu istiqamətdə işlərimizi davam etdiririk.

- Bakı Nəqliyyat Agentliyi paytaxtda nəqliyyatın işini yaxşılaşdırmaqdan ötrü xeyli işlər görür. Amma buna baxmayaraq, sizin də qeyd etdiyiniz kimi, Bakının tıxac problemi həll olunmur. Bu problem sizin fəaliyyətinizdə, avtobusların intervalının müəyyən olunmasında hansı çətinlikləri yaradır? Agentlik olaraq bu sahədə hansı qəti addımları atmağı planlaşdırırsız?

- Tıxac bir az əvvəl də qeyd etdiyim kimi, əsasən süni problemlərdən yaranır. Burada qeyri-qanuni parklamadan danışmaq istərdim. Bildiyiniz kimi, qeyri-qanuni parklamaya dair İnzibati Xətaların icrası Agentliyə tapşırılıb. İki aya yaxın müddətdə bunun xüsusi inteqrasiya proqramını hazırladıq. Artıq br neçə gündür ki. İnzibati Xətaların tətbiqinə başlanılıb. İlkin olaraq, əməkdaşlarımız qeyri-qanuni parklamanı planşetlər vasitəsilə müəyyən edir. Qanunvericilikdə ediləcək dəyişikliklərə verdiyimiz təkliflərdə qeyd etdiyimiz kimi, yeni ildən etibarən qeyri-qanuni parklamalar insanlar yox, kameralar vasitəsilə müəyyən ediləcək. Ümumi strategiyamızın hədəfi insan təmasının olmamasıdır. Kamera vasitəsilə həm şəffalıq təmin ediləcək, həm də ora hər hansı müdaxilə mümkünsüz olacaq.

- Düşünürsüz ki, məsafədən idarəetmə bu sahədəki çətinlikləri aradan qaldıracaq?

- Siz özünüz də həm nəzəri, həm də praktiki yoxlaya bilərsiniz. Əvvəllər "Gənclik" metrostanasiyasının qarşısında yaranan tıxac, indi hiss olunacaq dərəcədə azalıb. Ərazidə günün pik saatlarında sürət 12 km/saat idisə, hazırda 20-25 km/saatdır. Burada tıxacın yaranma səbəbi qanunsuz parklama və avtobusların taksilər səbəbindən dayanacağa girə bilməməsi idi.  Eyni zamanda, daşıyıcılar sürücülərə ciddi nəzarət etmədiyi zaman da intizamsızlıq yaranır. Nəzarət mexanizmi sadəcə işdən çıxarılma olmamalıdır.

Hər bir vətəndaşın şikayəti analiz olunur. Əgər bizim daxili nəzarət şöbəsi tərəfindən sürücü ya qaydanı pozub, ya etik çərçivə kənarında danışırlarsa, onlar barədə lazımi tədbirlər görülür.

Mən bundan başqa, bizdəki sürücülük mədəniyyətinə toxunmaq istərdim. Bu sahədəki çatışmazlıq böyük tıxaca da səbəb olur. Zolaqlar üzrə hərəkət, demək olar ki, çox azdır, işıqfora yaxınlaşmamış zolaqdəyişmələr var. Bizdə 3 zolaq varsa, baxırsan ki, 4-5 avtomobil yanaşı dayanıb. Zolaqlar elə-belə düşünülməyib. Zolaqların sayı fövqəladə hal yarandığı təqdirdə vətəndaşın avtomobildən rahat çıxışını təmin etmək üçündür. Əfsus olsun ki, bizdəki sürücülər buna riayət etmir. Eyni zamanda, sürücü qaydaları pozur, sürücülük mədəniyyəti aşağıdır, üstəgəl tıxacdan da şikayət edir. Tıxacı biz yaradırıq, avtomobillər yaratmır, qəzaları biz törədirik, avtomobillər törətmir. Sürücülük mədəniyyəti, onun sürücülük vəsiqəsi aldığı andan sükan arxasına keçənə qədər formalaşmalıdır.

Eyni zamanda, tıxaclardan danışarkən inşaat işlərini vurğulamaq istərdim. Bəzən özümüz gedib baxırıq ki, inşaat maşını orta küçəni bağlayıb beton tökür. Kim icazə verib, bilinmir. Maraqlısı budur ki, işlər ya səhər tezdən, ya da axşam vaxtlarında edilir. Deməli tıxacı da, sıxlığı da yaradan biz özümüzük. Əsas məqsədimiz cəzalandırmanı, inzibati tənbehi bir az da gücləndirməkdir. Təbii ki, qeyri-qanuni parklamanın aradan qaldırılması zamanı istər planşetlərin, istər kamerların tətbiqi, istər avtomobillərin təxliyə olunması ağır bir proses olacaq. Amma şəffaflıq təmin olunacaq.

- Ötən ayın əvvəlində Bakıxanov və Səməd Vurğun küçələrinin kəsişməsində sarı tor nişanlanması məhz tıxacların qarşısının alınması üçün salındı. Artıq bir aya yaxın vaxt keçir. Bilmək istərdik sarı tor nişanlanması nə dərəcədə effektlidir və gələcəkdə digər küçələrdə də tətbiqi nəzərdə tutulubmu?

- Əslində, sarı torun bütün kəsişmələrdə salınması nəzərdə tutulub. Avropada, qonşu Türkiyənin özündə sarı torun üzərində kameralar da quraşdırılıb. Əgər işıqforun yaşıl işığı yanırsa belə, sürücünün oradan keçməsi mümkün deyilsə və o, yaşıl işıqda tora düşürsə, bu, inzibati tənbehə tabe tutulur. Ümumilikdə, bütün kəsişmələrdə, binaların çıxışında, xüsusilə yanğın, mühafizə çıxışlarında sarı torun tətbiqini planlşdırırıq. Hazırda təsdiq almışıq. Bakını 74 kəsişməsində sarı torun tətbiqi planlaşdırılır. Bu, ciddi dərəcədə tıxacların aradan qalxmasına təsir göstərəcək. Çünki kəsişmələr dolu olmayandan sonra nəqliyyat axını davam edəcək.

- Statistika bəllidirmi ki, bugündək neçə sürücü sarı tora düşüb?

- Torun inzibati tənbehi bizim qurum tərəfindən həyata keçirilmir. Ona görə də statistika onlarla əlaqəli şəkildə təqdim edilə bilər. Amma vizual araşdırma ərazidəki ənənəvi tıxacların azaldığını deməyə əsas verir.