MTRŞ sədr müavini: Azərbaycan dilinin leksik və qrammatik normalarını efir aparıcıları tez-tez və kobud surətdə pozurlar


Digərləri 06 Noy 2018 09:43:00 222 0

MTRŞ sədr müavini: Azərbaycan dilinin leksik və qrammatik normalarını efir aparıcıları tez-tez və kobud surətdə pozurlar

Azərbaycan dilinin leksik və qrammatik normaları efirdə aparıcılar tərəfindən tez-tez və kobud surətdə pozulur

Bakı. Elçin Mehdiyev – İnsanları daha çox narahat edən məsələlərdən biri, efirdə rəsmi dövlət dili olan Azərbaycan dilinin leksik və qrammatik normalarının aparıcılar tərəfindən tez-tez, həm də kobud surətdə pozulmasıdır. Trend-in məlumatına görə, bunu Milli Televiziya və Radio Şurası sədrinin müavini, tarix elmləri doktoru, Əməkdar jurnalist Qafar Cəbiyev bildirib. O qeyd edib ki, bu sahədə vəziyyəti yaxşılaşdırmaq məqsədi ilə hələ 2012-ci ildən başlayaraq Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Elektron Mediaya Yardım Fondu İctimai Birliyinin layihələri əsasında davamlı olaraq teleradio yayımçılarının monitorinqləri aparılıb, Nəsimi adına Dilçilik İnstitutu və BDU-nun dilçilik kafedrasının əməkdaşları tərəfindən aşkar edilmiş pozuntu faktları medianın iştirakı ilə Şura tərəfindən geniş müzakirə olunub: “Ədalət naminə deməliyik ki, bütün bunların nəticəsi olaraq efirdə Azərbaycan dilinin leksik və qrammatik normalarına əməl olunması istiqamətində hissolunacaq dərəcədə irəliləyişə nail olunub. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin saflığının və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzalamış olduğu 1 noyabr 2018-ci il tarixli fərmanda qeyd olunduğu kimi, televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilib. Bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil pozuntularının azadılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir”.