"İnsanları daha çox aparıcıların efirdə dili normalarını kobud surətdə pozması narahat edir"


Digərləri 06 Noy 2018 09:39:00 274 0

"İnsanları daha çox aparıcıların efirdə dili normalarını kobud surətdə pozması narahat edir"

İnsanları daha çox narahat edən məsələlərdən biri, efirdə rəsmi dövlət dili olan Azərbaycan dilinin leksik və qrammatik normalarının aparıcılar tərəfindən tez-tez, həm də kobud surətdə pozulmasıdır.

Son.az report-a istinadən xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurası sədrinin müavini, tarix elmləri doktoru, əməkdar jurnalist Qafar Cəbiyev "Xalq qəzeti"ndə dərc olunan məqaləsində bildirib.

"Bu sahədə vəziyyəti yaxşılaşdırmaq məqsədi ilə hələ 2012-ci ildən başlayaraq Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Elektron Mediyaya Yardım Fondu İctimai Birliyinin layihələri əsasında davamlı olaraq teleradio yayımçılarının monitorinqləri aparılmış, Nəsimi adına Dilçilik İnstitutu və BDU-nun dilçilik kafedralarının əməkdaşları tərəfindən aşkar edilmiş pozuntu faktları medianın iştirakı ilə Teleradio Şurası tərəfindən geniş müzakirə olunmuşdur. Ədalət naminə deməliyik ki, bütün bunların nəticəsi olaraq efirdə Azərbaycan dilinin leksik və qrammatik normalarına əməl olunması istiqamətində hissolunacaq dərəcədə irəliləyişə nail olunmuşdur. Lakin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin "Azərbaycan dilinin saflığının və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" imzalamış olduğu 1 noyabr 2018-ci il tarixli fərmanda qeyd olunduğu kimi, "Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilmişdir. Bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil pozuntularının azadılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir", - o bildirib.