"Bəzi aparıcıların şitliyi ucbatından tamaşaçı efirdən zövq ala bilmir"


Digərləri 06 Noy 2018 09:21:10 289 0

"Bəzi aparıcıların şitliyi ucbatından tamaşaçı efirdən zövq ala bilmir"

Sirr deyildir ki, teleradio yayımçıları əhalini maarifləndirmək və məlumatlandırmaqla yanaşı, həm də əyləndirmək missiyasını həyata keçirirlər. Azərbaycan efirində geniş yer alan şou xarakterli verilişlər də elə daha çox məhz bu məqsədə xidmət edir. Təbiidir ki, tamaşaçı da şoulara əylənmək və sinirlərini sakitləşdirmək məqsədilə baxır. Lakin bəzi efir aparıcılarının şitliyi, müştəbehliyi, qoyulan mövzuların bəsitliyi və primitivliyi ucbatından tamaşaçı efirdən nəinki istədiyi zövqü ala bilmir, üstəlik ya əsəbiləşir, yaxud da yad və bayağı təsirlərə məruz qalır.

Son.az xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurası (MTRŞ) sədrinin müavini, tarix elmləri doktoru, əməkdar jurnalist Qafar Cəbiyev "Xalq qəzeti"ndə dərc olunan məqaləsində bildirib.

Onun sözlərinə görə, bəzi teleaparıcılar bu gün efirin çox ciddi probleminə çevrilib:

"Etiraf edək ki, uğurlu seçim olmayan bəzi teleaparıcılar bu gün, sözün tam mənasında, efirimizin çox ciddi probleminə çevrilib. Nədənsə teleradio qurumlarının rəhbərləri insanların gözünü qabar etmiş olan bu cür başabəla aparıcılardan əl çəkmək istəmirlər. Məgər onları daha bacarıqlı, daha istedadlı və daha peşəkar insanlarla əvəz etmək olmaz?! Yəni, atalar demişkən "xoruz olmasa, sabah açılmayacaq?!"