iPhone 5G və yenilənmiş TrueDepth kameraları


Digərləri 06 Noy 2018 08:21:00 231 0

iPhone 5G və yenilənmiş TrueDepth kameraları

Məşhur analitik Ming-Chi Kuo Apple şirkətinin məhsulları barəsində öz yeni proqnozlarını verib. Öz hesabatında o, iPhone və iPad modelləri üçün olan TrueDepth kameralarının təkmilləşdirilməsindən danışıb. Gözləntilərə əsasən 2019-cu ildə Apple şirkəti yeni iPhone modellərində daha güclü infraqırmızı şüalanmaya sahib təkmilləşdirilmiş TrueDepth kameralarını təqdim edəcək. Təkmilləşdirilmiş DrueDepth kameraları vasitəsilə istifadəçi üzünün Face ID texnologiyası ilə skanı zamanı ətraf mühitin işığının təsiri minimal olacaq. İstifadəçi isə öz növbəsində iPhone modelini blokdan çıxaran zaman Face ID texnologiyasının nasazlıqları ilə daha az hallarda rastlaşacaq.

Son.az technote.az-a istinadən bildirir ki, analitikin ikinci proqnozu Time-of Flight (ToF) adlı texnologiya ilə bağlıdır. Bu texnologiya vasitəsilə cihazların arxa kameraları vasitəsilə 3D obyektlər yaratmaq mümkün olacaq. Sözügedən texnologiyanın ilk öncə gələn ilin sonunda satışa çıxacaq iPad modellərində olacağı güman olunur. Belə ki, planşet vasitəsilə 3D obyektləri yaradaraq onları yeni Apple Pencil stilusu ilə redaktə etmək mümkün olacaq. Daha sonra ToF texnologiyası 2020-ci ildə satışa çıxacaq iPhone modellərinə inteqrasiya olunacaq. Bu texnologiya vasitəsilə iPhone smartfonları ilə daha keyfiyyətli Portret rejimli fotolar çəkmək mümkün olacaq.

Son məlumatlara əsasən gələn il də Apple şirkəti 3 iPhone modeli təqdim edəcək. Bununla yanaşı böyük ölçülü modellərdə həmçinin üçlü arxa kameranın olacağı da güman edilir. Ming Chi-Kuo-nun proqnozlarından əlavə olaraq Fast Company adlı şirkətin hesabatına əsasən Apple şirkəti iPhone smartfonunun 5G versiyasını 2020-ci ildə təqdim etməyi planlaşdırır. Məlumatda qeyd olunub ki, şirkət gələcək iPhone modellərində Intel 8161 adlı 5G modemlərdən istifadə etməyi düşünür.