Azərbaycan dilinin normaları daha çox Bakıda pozulur Xalq şairi Prezidentin Fərmanını təqdir etdi
Digərləri 06 Noy 2018 07:00:00 288 0
"Dövlət Dil Komissiyasının yanında Monitorinq Mərkəzinin yaradılması Azərbaycan dilinin tətbiqi ilə bağlı qanunlara əməl edilməməsi faktlarının qarşısının alınmasında mühüm rol oynaya bilər. Bu baxımdan Prezident İlham Əliyev tərəfindən belə bir Mərkəzin yaradılması təqdirəlayiqdir".
Bunu Son.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Pariyasının (VHP) sədri, sabiq millət vəkili, Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanla bağlı fikirlərini bölüşərkən bildirib.
Onun fikrincə, dövlət başçısı tərəfindən belə bir fərmanın imzalanması Azərbaycan dil siyasətinin mütəmadi davam etdirildiyini göstərir: "Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra ana dilinin statusu Sovet dövrünə nisbətən qat-qat yüksəlib. Düzdür, Sovet dövründə də Azərbaycan dili dövlət dili idi, lakin bu, yalnız formal olaraq kağız üzərində, Konstitusiyada belə idi. İdarələrdə bütün yazışmalar rus dilində idi, iclaslar rus dilində aparılırdı. Hətta küçədə də yuxarı təbəqə yalnız rus dilində danışırdı. Bu dövr bitdi. Artıq "meydan hadisələri"ndən sonra 30 ilə yaxındır ki, dövlət dilinə qayğı artıb. Bununla bağlı əvvəla, "Dil haqqında" Qanun qəbul olunub. Həmin qanunda Azərbaycan dilinin dövlət dili kimi işlənməsi və inkişafı məsələsinin vacibliyi qeyd olunub, dövlət dilin qorunması və inkişafı hüquqi cəhətdən əsaslandırılıb. Daha sonra latın qrafikalı əlifbaya keçid oldu, eləcə də Azərbaycan prezidentləri Heydər Əliyev və İlham Əliyev tərəfindən müxtəlif vaxtlarda dövlət dilinin qorunması və inkişafı ilə bağlı bir neçə mühüm sənədlər qəbul olunub. Prezident İlham Əliyev tərəfindən "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanı isə göstərir ki, ölkədə dil siyasəti ardıcıl şəkildə davam etdirilir. Dilimizin qorunması və onun inkişafı dövlətin marağındadır. Bununla bağlı Dövlət Dil Komissiyasının yaradılması və cənab Prezidentin özünün də burada sədr olması ciddi göstəricilərdən biridir".