Yaponiyada ən çox hansı peşələrə ehtiyac var?


Digərləri 05 Noy 2018 21:53:00 236 0

Yaponiyada ən çox hansı peşələrə ehtiyac var?

Xəbər verdiyimiz kimi noyabrın 2-də Yaponiya hökuməti ölkədə işçi çatışmazlığını aradan qaldırmaq məqsədilə əcnəbilərə yeni statusun verilməsi barədə qanun layihəsini bəyənib. Bu barədə məlumat verən Yaponiya Nazirlər Kabinetinin baş katibi Y.Suqanın bildirdiyinə görə, hökumətin tapşırığına əsasən Ədliyyə Nazirliyi ilin sonunadək əcnəbi işçilərin sayının artırılması üçün müvafiq tədbirlərin hazırlanması işini yekunlaşdıracaq.

Tədbirlər paketinin detalları barədə məlumat verən baş katib bildirib ki, buraya inzibati orqanlarda vahid pəncərə sisteminin yaradılması, məktəblərdə yapon dilinin tədrisinin keyfiyyətinin yaxşılaşdırılması, əcnəbilər üçün daha münasib tibbi sığortanın tətbiqi, həmçinin əcnəbi işçilərlə sərt rəftar edən işəgötürənlərə qarşı mübarizənin aparılması və digər məsələlər daxil ediləcək. Y.Suqa, həmçinin qeyd edib ki, hökumət yeni status almış əcnəbilərə yaponlarla bərabər əməkhaqqı verilməsinə də nəzarət edəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Yaponiya nazirliklərinin və müəssisələrin hesablamalarına görə, gələn ilin aprelində immiqrasiya haqqında qanun qüvvəyə mindikdən sonra 2019-cu maliyyə ili ərzində ölkə təqribən 40 min əcnəbi işçi qüvvəsi qəbul edəcək.

Hökumət həmin işçi qüvvəsini iqtisadiyyatın 14 sahəsinə, o cümlədən xəstələrə və yaşlılara qulluq və tikinti sahələrinə yönəltməyi planlaşdırır.

Bəs dünyanın inkişaf etmiş ölkələrindən olan Yaponiyada hansı peşələrə ehtiyac var? Əvvəla qeyd edək ki, Yaponiya güclü iqtisadiyyata, qədim tarixə və ənənələrə malik Asiya ölkəsidir. Mədəni fərqliliyə və spesifik iş şəraitinə baxmayaraq, Yaponiyada yaşayış və əmək fəaliyyəti çoxlu sayda əmək miqrantını cəlb edir. Təbii ki, onların sırasında keçmiş sovet məkanından olan xalqların nümayəndələri də az deyil. Bu Gündoğar ölkə yüksəkixtisaslı və məhsuldar işçi qüvvəsi ilə fəxr edə bilər. Ümumilikdə götürdükdə, Yaponiya vətəndaşları çox zəhmətsevərdirlər və adətən həmin fəaliyyət kifayət qədər yüksək qiymətləndirilir. Lakin bəzən yerli şərait əcnəbilərin heç də hamısını qane etmir. Bəs 2018-ci ildə Yaponiyada daha çox hansı peşələrə malik mütəxəssislərə ehtiyac duyulub?

Qeyd etmək yerinə düşər ki, son bir neçə on ildə iqtisadi geriləmə müşahidə edilsə də, yapon biznesi işçi qüvvəsinə, o cümlədən əcnəbi işçilərə böyük ehtiyac hiss edir. Yeli hakimiyyət orqanlarının bildirdiyinə görə, Yaponiyada 100 iş yeri axtarana ən azı 150 boş iş yeri təklif olunur. İqtisadiyyatın sənaye, nəqliyyat və tikinti sahələrində daha çox işçi qüvvəsinə ehtiyac duyulur.

Yaponiyada işsizlik 3 faizi keçmir. Hər hansı əcnəbi uğurlu vakansiya tapmaq üçün peşəkar təcrübəyə, aztapılan vərdişlərə, yaxşı təhsilə və ixtisasa malik olmalıdır. Bu zaman Yaponiya universitetlərindən birinin diplomu ən ideal variant hesab edilir. Təbii ki, yapon dilinə malik olmaq bu sırada ən ciddi tələblərdən biridir. Son illər Yaponiya hökumətinin ölkənin dünyaya daha geniş açılması, əcnəbi turistlərin buraya daha çox cəlb edilməsi siyasəti isə ingilis dili bilən işçilərə tələbatı xeyli artırıb.