ABŞ güzəşt edəcəyi 8 ölkənin adını açıqladı


Dünya 05 Noy 2018 21:15:00 235 0

ABŞ güzəşt edəcəyi 8 ölkənin adını açıqladı

ABŞ-ın dövlət katibi Mayk Pompeo İrana qarşı sanksiyalarla bağlı açıqlama verib.

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, Pompeo Türkiyənin də içərisində olduğu 8 ölkənin embarqodan azad ediləcəyini açıqlayıb.

O, bildirib ki, İrana qarşı sanksiyalar bu gün sürətləndiriləcək: "Burada diqqət edilməsi lazım olan bir şey var. İrana sanksiyalar davam edəcək və cəzalar da olacaq. İranla iş görmək pis nəticələr doğuracaq. Bəzi ölkələrə sərbəstlik verdik. Bunlar Çin, Hindistan, Cənubi Koreya, Türkiyə, İtaliya, Yunanıstan, Yaponiya və Tayvandır".

"Həqiqətləri ortaya qoymaq lazımdır. ABŞ nüvə müqaviləsinə daxil olduqdan sonra İran regiondakı təzyiqini artırıb. Atdığımız addımlarla İranın üzərindəki təzyiqin istədiyimiz nəticəyə nail olacağını və İranın risk çoxaldıcı bir faktor olmasına mane olacağını düşünürük" - deyə dövlət katibi deyib.

"ABŞ 50 İran bankı və 700-dən çox iranlını sanksiya siyahısına salıb. ABŞ İran Hava Yolları və 65 təyyarəni də sanksiya siyahısına daxil edib" - deyə o əlavə edib.

ABŞ maliyyə naziri Mnuchin deyib ki, 400-dən çox şirkət enerji və gəmiçilik sektorunda hədəfə alınıb. 250 nəfər sanksiya siyahısına salınıb. Bu günə qədər görünməmiş sanksiyalar tətbiq edilib.

Qeyd edək ki, ABŞ İrana qarşı sanksiyaların ikinci mərhələsini nəzərdə tutan 6 maddəni açıqlayıb.