QMİ sədri: Azərbaycan multikulturalizmin real modelini təqdim edir


Digərləri 05 Noy 2018 19:09:19 195 0

QMİ sədri: Azərbaycan multikulturalizmin real modelini təqdim edir

İspaniyada “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfrans keçirilir.

Bakı. İspaniyanın paytaxtı Madrid şəhərində “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfrans keçirilir. Konfransda Azərbaycanı hökumət üzvləri, Milli Məclisin deputatları, tanınmış elm və din xadimləri, habelə Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Dağ yəhudiləri icmasının başçısı Milix Yevdayev və Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete və digərləri təmsil edirlər. Tədbir Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), İspaniyanın Ədliyyə Nazirliyi və Evsen Fondunun birgə təşkilatçılığı ilə təşkil olunub. Evsen Fondunun rəhbəri Eli Evsen tədbirdə çıxış edərək bildirib ki, bu gün insanların qarşısında gənclərin sağlam gələcəyinin təmin edilməsi əsas vəzifə kimi dayanır. Qeyd edib ki, bunun üçün bütün dinlərin nümayəndələri birgə fəaliyyət göstərməlidirlər. O deyib: “Biz gənclərə düzgün yol göstərməli, təhsil almalarını təmin etməliyik. Yalnız savad qazanmaqla, təhsil almaqla sağlam gələcək təmin edilə bilər. Bu gün bütün dünyada təriqətlərarası münaqişələrin olmasını inkar etmək olmaz. Ancaq biz müqəddəs bir amal - sağlam gələcək naminə bir olmalıyıq”. İspaniya ədliyyə nazirinin müşaviri Manuel Xesus Dols İspaniya Konstitusiyasında dini azadlığın tam təsbit olunduğunu bildirib. Qeyd edib ki, dinlərarası əməkdaşlıq bugünkü dünya üçün olduqca vacibdir. Bütün dünyada mövcud dinlərə qarşılıqlı hörmət göstərilməlidir. Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına salamlarını çatdıran QMİ sədri şeyxülislam Allahşükür Paşazadə Yer üzündə yaşayan insanların bir-birlərinə qarşılıqlı hörmət və ehtiram ruhunda yaşamalarının Uca Yaradanın ən böyük tövsiyəsi olduğunu söyləyib. “Bu barədə müqəddəs Kitabımız “Qurani-Kərim”də buyurulur: “Yer üzü (iman və ədalətlə) islah olunduqdan sonra, orada fəsad törətməyin”. Dinamik inkişafda olan, sürətlə dəyişən dünyada son zamanlar cərəyan edən hadisələr, təəssüf ki, dini və milli zəmində dözümsüzlük, qarşıdurma halları və ekstremizmin tüğyan etməsi ilə müşayiət olunur. Planetimizin müxtəlif yerlərində törədilən terror aktları, insan qırğını, maddi və qeyri-maddi mədəni irsin məhvi, separatizm, ksenofobiya, islamofobiya, antisemitizm təzahürləri, heç şübhəsiz ki, sivilizasiyalar arasında qütbləşməni dərinləşdirir, dinlərarası və millətlərarası dialoqa ciddi zərbə vurur.