Analitik: Bakıda Fələstinin Asiya ölkələrindəki Səfirlərinin Konfransının keçirilməsi Azərbaycan diplomatiyasının gücünün göstəricisidir


Digərləri 05 Noy 2018 17:26:00 364 0

Analitik: Bakıda Fələstinin Asiya ölkələrindəki Səfirlərinin Konfransının keçirilməsi Azərbaycan diplomatiyasının gücünün göstəricisidir

Bakıda Fələstin Dövlətinin Asiya ölkələrindəki Səfirlərinin Konfransının keçirilməsi Azərbaycan diplomatiyasının gücünün göstəricisidir.

Bakı. Samir Əli - Bakıda Fələstin Dövlətinin Asiya ölkələrindəki Səfirlərinin Konfransının keçirilməsi Azərbaycan diplomatiyasının gücünün göstəricisidir. Bunu Trend-ə açıqlamasında analitik Ehtiram Aşırlı deyib. O qeyd edib ki, Azərbaycan-Fələstin əlaqələrinin yüksək səviyyədə inkişafı hamıya məlumdur: "Azərbaycan hər zaman Şərqi Qüds paytaxt olmaqla, Fələstin məsələsinin BMT-nin müvafiq qətnamələri və iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Fələstin Dövləti də Dağlıq Qarabağ münaqişəsində rəsmi Bakının mövqeyini dəstəkləyir, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Bakı belə bir konfransa ev sahibliyi etməklə Fələstin probleminin həllində istəkli, çox maraqlı olduğunu nümayiş etdirir". E.Aşırlı xatırladıb ki, əvvəlki illərdə də Azərbaycan Fələstinlə əlaqədar bir sıra mühüm tədbirlərə ev sahibliyi edib: "Məsələn, 2013-cü ildə Azərbaycanın ev sahibliyi ilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində “Müqəddəs Əl-Qüds şəhərinin inkişafı üçün Strateji Sektor Planının maliyyələşdirilməsi”nə dair İƏT Xarici İşlər Nazirlərinin Donor Konfransı və Fələstin Dövlətinə yardım üçün “İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsi” adlı tədbirlər Bakıda keçirilib, eləcə də 2017-ci ildə Azərbaycan BMT-nin Fələstin xalqının Ayrılmaz Hüquqlarının tətbiqi üzrə Komissiyasının, Humanitar məsələlərin Əlaqələndirilməsi üzrə Ofisinin, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və digər QHT və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Qüds məsələsi üzrə Beynəlxalq Konfransa ev sahibliyi edib. Bunlar həm də Azərbaycanın beynəlxalq gündəlikdə duran məsələlərin həllinə töhfə vermək əzmini, həmçinin beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan etimad və hörməti göstərir”. Analitik bildirib ki, bu xüsusda ölkəmizin Fələstin xalqını çətin günlərdə tək buraxmadığını vurğulamaq yerinə düşər: “Belə ki, Azərbaycan BMT-nin ciddi maliyyə çətinlikləri ilə üzləşən Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə bu ilin oktyabr ayında 200 min dollar məbləğində yardım edib. Bundan əvvəl, 29 sentyabr 2014-cü il tarixində Fələstinin Qəzza sektorundakı humanitar böhranın aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən ayrılmış 635 min ABŞ dolları məbləğində yardım XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə həmin agentliyin hesabına köçürülüb”. O əlavə edib ki, həm Fələstinlə, həm də İsraillə olan yüksək əlaqələri sayəsində Azərbaycan Yaxın Şərqdəki bu münaqişənin həllinə mühüm töhfə verə bilər. E.Aşırlı deyib ki, bütün bunlar Azərbaycanın beynəlxalq arenada münasibətlərin inkişafında, eləcə də yaranmış gərginliklərin müsbət istiqamətdə həllində önəmli rol oynayan aparıcı ölkəyə, vasitəçiyə çevrildiyini göstərir: “Azərbaycan dünyada siyasi, iqtisadi münasibətlərin inkişafına da mühüm töhfə verir, bir çox konfranslara, forumlara ev sahibliyi edib və edir. Azərbaycan beynəlxalq aləmdə sülhün tərəfdaşı kimi çıxış edir”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin