Media nümayəndələri Bakı Regional Peşə Tədris Mərkəzinin fəaliyyəti ilə tanış olublar (FOTO)


Digərləri 05 Noy 2018 15:32:00 258 0

Media nümayəndələri Bakı Regional Peşə Tədris Mərkəzinin fəaliyyəti ilə tanış olublar (FOTO)

Jurnalistlərə hazırda 330 nəfərin peşə kursunda olduğu mərkəzdə tədris prosesi barədə ətraflı məlumatlar verilib

Bakı. Kütləvi informasiya vasitələrinin nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhərindəki Regional Peşə Tədris Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirin məqsədi işsiz və işaxtaran vətəndaşların əmək bazarına çıxış imkanlarına malik olmaları üçün onların yeni peşələrə yiyələnməsinə şərait yaradılması istiqamətində aparılan işlər barədə ictimaiyyət arasında dolğun təsəvvürlərin formalaşdırılması olub. Rayon (şəhər) Məşğulluq mərkəzlərində işsiz və işaxtaran kimi qeydiyyata alınmış vətəndaşlar peşə və ya ixtisaslara malik olmadıqda, yaxud peşə vərdişlərinə uyğun gələn iş tapılmadığı halda onlar üçün əmək bazarına çıxış imkanına yiyələnmələri məqsədilə işəgötürənlərin mövcud tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilir. Cari ilin 9 ayında da Dövlət Məşğulluq Xidmətinin xətti ilə 1923 nəfər peşə hazırlığına cəlb olunub. Kursları bitirənlərə peşə şəhadətnamələri verilir və yaşadıqları rayon (şəhər) Məşğulluq Mərkəzləri tərəfindən onların yeni qazandıqları peşələr üzrə məşğulluqlarının təmin edilməsi üçün müvafiq işlər aparılır. Peşə hazırlığı və əlavə təhsil kurslarının təşkilində Xidmətin Regional Peşə Tədris Mərkəzləri önəmli rol oynayırlar. Hazırda Bakı, Naxçıvan və Göyçay şəhərlərində belə mərkəzlər fəaliyyət göstərir. Peşə hazırlığına cəlb olunanların böyük bir hissəsi üçün həmin Mərkəzlərdə peşə təlimi təşkil olunur.