Evimizə yol açan "bomba"


Digərləri 05 Noy 2018 12:21:00 248 0

Evimizə yol açan "bomba"

Plastik qablar və politelin torbalar gündəlik həyatımızın bir parçasına çevrilib. Əvvəllər belə qablardan daha çox içməli suların və quru qidaların qablaşdırılması üçün istifadə edilirdi. İndi isə istifadə etdiyimiz əksər qida və qeyri-qida məhsullarının qablaşdırılmasında bunlara rast gəlirik.

Plastik qablara o qədər öyrəşmişik ki, çoxumuz onun fəsadları barədə düşünmür və ya bilmirik. Bəs belə növ plastik məhsulların gündəlik həyatımızda bu qədər çox istifadəsinin səbəbi nədir? Nə üçün bu "bəla" ilə ailəmizi, uşaqlarımızı, gələcəyimizi öz əllərimizlə bilərəkdən zəhərləyirik?

Bu fəsadlar isə olduqca çoxdur.

Son.az xəbər verir ki, alimlər plastik qab-qacaq, eləcə də polietilen torbaların insan sağlamlığına zərərləri ilə bağlı həyəcan təbili çalır. Araşdırmalar göstərir ki, hazırda hər cür plastik materiallardan qablar hazırlanır. Adətən qablar hazırlanarkən sanitar qaydalar və hazırlanma texnologiyası da ciddi şəkildə pozulur. Onların saxlanma şəraitinə və müddətinə baxılmır.

İstifadə qaydaları pozulmuş bu məhsulların təsiri dərhal hiss edilmir. Çünki onlar orqanizmə təsirini tədricən, yavaş-yavaş göstərir. İnsan orqanizmində bioloji mühitdə dəyişikliklər törədir, bədənin reaksiyası pozulur. Bu da insanlarda ürək-damar sistemində çatışmazlıqlar, tənəffüs sistemi, allergik və s. xəstəliklər, hətta bəzən xərçəngin yaranmasına səbəb olur. Uşaqların və qocaların orqanizmi zəif olduğundan onlara daha çox təsir edir.

Bu səbəbdən alimlər onların istifadəsini nəinki azaltmaq, tamamilə dayandırmaq lazım olduğu qənaətinə gəliblər.

Məsələnin başqa bir tərəfi isə plastik qabların ekoloji cəhətdən çirklənməyə səbəb olmasıdır. Bu tip materialdan olan tullantılarda təbii çürümə prosesi getmir və yüz illər boyu torpağa qarışmır.

Bir müddət keçdikdən sonra isə torpağın münbit qatına keçərək canlılar üçün təhlükə mənbəyinə çevrilir. Onları yandırdıqda isə tərkibindəki kimyəvi qarışıqlar atmosferə çirkli və zəhərli maddələr yayır.