"Təhtəlşüurda biri digərindən mütləq çox sevilir"


Kriminal 05 Noy 2018 06:30:00 218 0

"Təhtəlşüurda biri digərindən mütləq çox sevilir"

Son.az kaspi.az-a istinadən müsahibəni təqdim edir.

Müsahibimiz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Rebus teatrının yaradıcısı və rəhbəri, aktyor və rejissor Ceyhun Dadaşovdur.

- Özünüz haqqında qısa məlumat verin.

- Ceyhun Dadaşov, 1983-cü ildə Sumqayıt şəhərində anadan olmuşam. Elə orada da orta məktəbi bitirmişəm. Demək olar ki, incəsənətin bütün sahələrində özümü sınamışam. Yadımdadır, hələ ikinci sinifdə oxuyarkən özəl kukla teatrında çıxış edirdim. 2001-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu fakültəsinə qəbul olmuş, 2004-2006-ci illərdə rejissorluq üzrə magistr təhsilimi başa vurmuşam. Tələbə vaxtlarımdan Pantomim teatrında çalışmışam. Arada Sumqayıtda dram dərnəyində də işləmişəm. 14 ildən sonra Pantomim teatrından ayrılıb özəl teatrımı yaratmışam.

- Pedaqoq, rejissor, aktyor, bunları bir arada tənzimləmək çətin olmur ki?

- Rejissor olanda aktyor olmaq vacib hala çevrilir. Aktyor kimi rejissor olmaya bilərəm, ancaq rejissor kimi aktyor olmaq mütləqdir. Çünki aktyorun nə istədiyini, nə hiss etdiyini bilməliyəm. Pedaqoqluq isə tamam başqa sahədir. Möhtəşəm rejissorlar var ki, pedaqoq deyil, yaxud da əksinə. Bu normaldır. O ki qaldı tənzimləməyə, əgər istək varsa, mümkündür.

- Bəs, bu fəaliyyət sahələrindən hansı ruhunuza daha yaxındır?

- Açığı deyim, bu barədə çox fikirləşməmişəm. Tək pedaqoji fəaliyyətlə məşğul olmaq istəmirəm. Çünki səhnədən uzaq qala bilmirəm. Rejissorluq və aktyorluq - bunları ayırmaq mənimçün çətindir. Təhtəlşüurda biri digərindən mütləq çox sevilir. Amma bilirəm ki, hansını seçsəm, fikrim o birində qalacaq (red. gülür).

- Uzun illər Pantomim teatrında həm aktyor, həm də rejissor kimi çalışmısınız. Bəs, nə baş verdi ki teatrdan ayrılmaq qərarına gəldiniz?

- Bəzən nəyisə dəyişmək ehtiyacı duyursan. Yaradıcı tərəfdən nailiyyətlərə əl atmaq üçün uğurlu da olsan, uzun müddət bir yerdə qaldıqca eyni müstəvidə davam etdiyini görəcəksən. Başqa mərhələyə keçmək üçün nələrdənsə əl çəkmək lazımdır. Orada bizim hər problemimizi Bəxtiyar müəllim (Bəxtiyar Xanızadə - red.) həll edirdi. Teatrımız, məşq etməyə yerimiz, həmçinin məvacibimiz, bir sözlə, yaradıcılıq üçün bütün şəraitimiz var idi. Amma son zamanlar hiss etdim ki, nə isə çatışmır. Başa düşdüm ki, mənə mübarizə çatmır. Ordan imtina etdim, Elnur İsmayılzadə və Əli Əlizadə ilə birgə yeni teatr yaratdıq. İndi məşq etmək üçün də, tamaşa qurandan sonra oynamaq üçün də məkan axtarırıq. Beləliklə, mübarizə yarandı. Bəxtiyar müəllimin bir sözü var: "Bir müəssisədə iki nəfər eyni düşünürsə, biri mütləq getməlidir. Yaxud iki nəfər fərqli düşünürsə, onlardan biri yenə getməlidir". Bilirəm, bu sözümün ardınca dərhal belə bir sual yarana bilər ki, mən hansıyam? Cavabında deyim ki, bilmirəm hansıyam (red. gülür). Onun üçün Pantomim teatrından ayrılmalıydım.

- Maraqlıdır, 21 tamaşada rol almısınız, 8 tamaşaya rejisorluq etmisiniz, 9 tamaşaya plastik həll vermisiniz, üstəgəl filmoqrafiya və elmi məqalələr. Düzünə qalsa, gənc sənətçi üçün bu qədər iş böyük nəticədir. Bununla belə, digər həmkarlarınızdan fərqli olaraq,  diqqət mərkəzində deyilsiniz.

- Bu gün məşhur olmaq üçün yeganə platforma var ki, bu da seriallardır. Bir serialın üç seriyasına çəkilmək kifayət edər ki, məşhur olasan. Mən bu haldan incimirəm. İllərlə tanıdığım aktyorlar var ki, heç də məndən nə çox, nə az tanınmır. Ona baxanda düşünürəm ki, platforma başqa yerdədir. Əgər məni sənətimə görə tanıyanlar varsa, bu mənimçün daha rahat, daha özəldir. 

- Özəl demişkən, son illər özəl teatrların sayı artır. Elə birini də siz yaratdınız - Rebus. Niyə Rebus?

- Teatrın yaranması çox təsadüfi oldu. Əvvəldən teatr yaratmaq fikrimiz olmayıb. İranda meydan festivalı keçirilirdi və belə bir təklif gəldi ki, dövlət teatrı istəmirik. Biz də qərara aldıq ki, yeni teatr truppası yaradaq. Üç-dörd nəfər birləşib bir tamaşa qurduq. Sonda düşündük, bu truppanın adı olmalıdır. Və Rebus adını seçdik. Niyə, çünki Rebus işarə və simvollarla hansısa fikrin ifadə olunmasıdır. Bizim tamaşalarda istəsək də, istəməsək də, sözdən istifadə etsək də, işarə və simvollar əsasdır. İşarələr oxunsun, fikir çıxsın dedik və yaratdıq.

- Digər özəl teatrlarla müqayisədə sizin teatrınız o qədər də aktiv deyil.

- Bu günə qədər "Teserak", "Hamlet", "Onlar hələ də gülürlər", "Mən və mən" kimi tamaşalarımız olub və onlardan yalnız birini 2017-ci ildə Teatr Xadimləri İttifaqında oynamışıq. Qalanlarını ancaq festivallarda göstərmişik. Yəni iş elə gətirir ki, tamaşalarımızı ancaq festivallarda oynamalı oluruq. Belə deyək, gizli fəaliyyətimiz var (gülür- red.). Bundan başqa özəl təşkilatlar üçün də tamaşalar oynamışıq.

- Tamaşalar oynayanda, festivallara gedəndə mediada bu haqda məlumata rast gəlinmir.

- Bəli, tamamilə razıyam. Sizin həmkarlarınızı da deyəcəm, hərdən mənə elə gəlir ki, mətbuatı bu kimi məlumatlar maraqlandırmır. Bir aylıq yay məktəbinə getdim, Azərbaycandan tək mən düşmüşdüm, heç bir səs-soraq olmadı. Şəkil belə paylaşmışdım. Artıq bu barədə düşünmürəm. Fikirləşirəm ki, bu mətbuata lazım deyil. Ona görə lazım deyil ki, ictimaiyyətə lazım deyil.