Hökumə Qurbanovanın 17 yaş gənc sevgilisi, həbsdəki Təranə, vergidən yayınan məşhurlarımız, hamam vannasındakı Flora Kərimova


Şou-biznes 05 Noy 2018 00:45:00 616 0

Hökumə Qurbanovanın 17 yaş gənc sevgilisi, həbsdəki Təranə, vergidən yayınan məşhurlarımız, hamam vannasındakı Flora Kərimova

Son.az jurnalist HƏFTƏBECƏRnun müəllif layihəsi olan "Həftəbecər"i (196-cı say) təqdim edir.

Xəbərlərə keçməzdən əvvəl çox maraqlı bir faktı diqqətinizə çatdırmaq istəyirəm. Əslində, bu faktı təqdim etməyə də bilərdim. Sadəcə, demək istədiyim başqa məqam var. Deməli, əfsanəvi aktrisa Hökumə Qurbanova Ələsgər Ələkbərovdan sonra Nüsrət Fətullayevlə (Vəfa Fətullayevanın atası) ailə qurur və 25 ildən sonra boşanırlar. Nüsrət Fətullayev gedib aktrisa Ofeliya Məmmədzadə ilə evlənir, Hökumə xanım da Ofeliyanın keçmiş həyat yoldaşı Gündüz Abbasovla ("Bir qalanın sirri" filmindəki Elşən) eşq yaşamağa başlayır. Elşən Hökumə Qurbanovadan 17 yaş kiçik idi... Bunu niyə xatırlatdım? Baxın, illər öncə də belə şeylər varmış, sadəcə, sənətkarların şəxsi həyatları tamaşaçıya qədər gəlib çatmırmış. Yaxud da belə faktlar yalnız o adamlar vəfat edəndən sonra ortaya çıxırmış. İndi də keçək mövzulara.

Türkiyədə ən çox vergi ödəyən məşhurların və iş adamlarının siyahısı açıqlanıb. Sənət məşhurları arasında ən öndə gedənlər Acun İlicalı və Kıvanç Tatlıtuğ imiş. Acun 7 milyon, Kıvanç 4 milyon lirə vergi ödəyirmiş. Azərbaycanda Acun və Kıvanç qədər olmasa da, böyük məbləğlər qazanan sənət adamları yetərincədir. Elə Bakının özündə 10-15 min dollara toya gedənlərin nə qədər vergi ödədikləri maraqlıdır. Yəqin ki, ən yaxşı halda 5-3 yüz manat. Yaxud da hansısa vəzifəli şəxsin məclisində bir-iki ağız oxumaqla məsələ tamam olur.

Ötən həftə daha bir azərbaycanlı məşhuru-təşkilatçı və prodüser Nahid Emiloğlunu itirdik. O Nahid ki, Tarkandan İbrahimə qədər məşhurları Bakıya gətirməyi bacarmışdı, xeyli sənət adamına əl tutmuşdu. Amma nədənsə dəfn mərasimində həmin şəxslərin əksəriyyəti gözə dəymədi. Yenə qayıdıram şou biznes haqqındakı fikrimə. Bu aləmdə dost, dostluq anlayışı yoxdur və olmayacaq. Çünki işin bünövrəsində saxtalıq, saxtakarlıq var. Hətta kimsə bunun əksini sübut etməyə çalışsa belə, o da yalan danışır.

Sevil-Sevinc bacıları deyiblər ki, kasıblamışıq, pul qabımızda siçanlar oynayır. Ümumiyyətlə, lirənin kursu aşağı düşəndən təkcə bu bacılar yox, əksər sənətçilərdə də kasıblama müşahidə edirəm. Çünki əksəriyyətinin gəlirləri Türkiyədən idi. Axı onları buradan aparıb 50-10 min lirəyə toyda oxudurdular.

Təranə-Nazənin münaqişəsindən təzə xəbər var. Təranə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək 4 min manat cəriməylə bağlı çıxarılan qərara etiraz etmişdi. Məhkəmə də deyib ki, etirazın yersizdir, get, pulu ödə. Yəni, bunu mən demirəm, qərarın məğzi bundan ibarətdir. Mənə bir şey çatmır ki, vəkillərə pul xərcləyincə, məhkəmələrə müraciət edincə, niyə Təranə həmin dörd mini birbaşa ödəmir? Bəlkə qarşı tərəfin həmin pula doğrudan da ehtiyacı var.