Xorvatiya şimaldan cənuba: Krka və Şibenik FOTO


Digərləri 04 Noy 2018 23:07:00 264 0

Xorvatiya şimaldan cənuba: Krka və Şibenik  FOTO

Son.az AZƏRTAC-a istinadən yazını təqdim edir.

Xorvatiyaya səyahət barədə reportajın davamı olaraq, biz Krka Milli Parkından - Dalmasiyanın əsl incisindən danışmaq istəyirik. Meşəli təpələrin arasından axaraq Krka çayına tökülən 7 gözəl şəlalə bu məkanın ən əsas görməli yerləri sayılır. Bu təbiət fenomenindən zövq almaq üçün hər il Milli Parkı 1,3 milyon nəfər ziyarət edir.

Park Şibenik, Knin və Skradin kimi tarixi şəhərlərin yaxınlığında yerləşir ki, bunların da hər biri turistlərin ayrıca diqqətini çəkməyə layiqdir.

Şəlalələr diyarında və ya tuf fenomeni

İlk baxışdan göründüyü kimi, "Krka" sözünü yazarkən biz sait hərfi buraxmamışıq. Xorvat dilində xeyli söz var ki, bunlarda sait hərflər yoxdur. Məsələn: "prst" (barmaq), "trg" (meydan) və s. Bununla belə, "Krka" adı "Kırka" kimi səslənir. 

Ümumi sahəsi 109 kvadrat kilometr olan Milli Park Krka çayını və onun sol qolu olan Çikola çayının aşağı axınının vadilərində ən gözəl yerləri əhatə edir. Parka getməyin ən rahat yolu yaxınlıqdakı Skradin şəhərciyindən müntəzəm üzən teploxodla səyahət etməkdir. Skradindən əvvəl getdiyimiz Zadardan parkadək təxminən 1 saatdan artıq vaxt (76 kilometr) tələb olunur. Milli Parkın Skradində yerləşən turizm ofisində parka giriş biletləri satılır: soyuq mövsümdə (noyabr, dekabr aylarında) biletin qiyməti 30 kuna (təxminən 4,6 dollar), yay aylarında isə 200 kuna (təxminən 30 dollar) təşkil edir. Teploxodun gediş haqqı da biletin qiymətinə daxildir.

Teploxod yaşıl təpələr arasından dolaşıq axan çay boyunca 20 dəqiqə üzərək, körpüyə yan alır. Buradan parkadək bir az piyada getmək lazımdır. Burada sizi şəlalələrdən birincisi - Skradin şəhərinin şərəfinə adlandırılmış Skradinski buk gözləyir. Bu, 7 şəlalə arasında ən böyüyü və hündürüdür (46 metr). Onun görünüşü insanı məftun edir. Bu, hətta bir deyil, biri digərinə tökülən iki enli şəlalədir. Güclü su axını şəlalənin üzərində buxar əmələ gətirir, hər tərəfə su damcıları sıçrayır, suyun səsindən isə qulaq tutulur. Şəlalə yaşıllıqlarla əhatə olunduğundan suya zümrüd çalarları verir. Bununla belə, Krka çayı büllur kimi təmizdir. Onun sularında üzən balıqları (azı 18 növ) əlbəttə ki, ovlamaq qadağandır. Krka çayı ətrafında flora və fauna son dərəcə müxtəlifdir. Burada 1022 növ bitki, 221 növ quş, 46 növ məməli heyvan var. Bunlardan bir çoxu endemik, nadir və ya yox olma təhlükəsində olanlardır.

Krka qoruğunun əsas fenomeni tuf daşıdır. Tuf daşına bu regionda su axını səthində tez-tez rast gəlmək olur. Tuf - suyun çöküntüsü olan məsaməli süxurdur, onu əmələ gətirən yosunlarda, mamırlarda və s. toplanır və bu yolla müxtəlif geomorfoloji formalar yaradır.

Yeri gəlmişkən, Skradinski buk parkda yay aylarında çimmək mümkün olan yeganə şəlalədir. Lakin sentyabrdan may ayınadək çayda çimmək qadağan edilir, çünki bu dövrdə axın güclənir.

Körpü vasitəsilə çayı keçən qonaqlar taxta meydançaya ayaq basırlar. Bu meydança onları təhlükəsiz olaraq Milli Parkın maraqlı yerlərinə aparır. Qonaqlar yolda təkcə şəlalələr və müşahidə meydançalarını deyil, bir sıra mədəni-tarixi məkanları, o cümlədən monastırları, kiçik etnoqrafiya muzeylərinə uyğunlaşdırılmış köhnə dəyirmanları, camaşırxanaları və s. görə biləcəklər.

Suyun enerjisi və 950 yaşlı yubilyar

Şübhəsiz, insanlar hələ ta qədimdən suyun gücündən təsərrüfat ehtiyacları üçün istifadə ediblər. Keçmişdə unun üyüdülməsindən ötrü çay üzərində onlarca su dəyirmanı fəaliyyət göstərib. Hazırda onlardan yaxşı vəziyyətdə qalan bir neçəsində ağır dəyirman daşının köməyi ilə keçmişdə buğdanın necə üyüdülməsini görmək mümkündür. Burada, həmçinin qədim camaşırxana var. Qadınlar burada paltar yuyub, təmiz çay suyunun axınında yaxalayardılar. Ənənəvi dəmirçixanada isə milli geyimli usta arzu edənlərə kürəyə havanı püskürməkdən ötrü qədim körükdən, ağır çəkicdən və dəmirçi zindanından istifadə edərək metalın döyülmə prosesini göstərir. 

Əlbəttə, çayın gücü buraya sənayeçiləri cəlb etməyə bilməzdi. Krkanın bəzi hissələrində XX əsrin ərəfəsində 4 hidroelektrik stansiyası tikilib ki, bunlar da sənaye memarlığının son dərəcə qiymətli abidələridir. Onlardan üçü bu günədək fəaliyyət göstərir. Hidroelektrik stansiyaların dördüncüsü - Skradinski bukda yerləşən ən qədimi hazırda bərpa olunur. Bu hidroelektrik stansiyanın unikallığı ondadır ki, o, 1895-ci ildə - Niaqara şəlaləsində Nikola Teslanın hidrostansiyası fəaliyyətə başladıqdan cəmi iki gün sonra işə salınıb. Eyni zamanda, 11 kilometr uzunluğunda elektrikötürmə xətləri tikilərək, Xorvatiyada ilk tam elektrik təchizatı - şəhər işıqlandırma şəbəkəsi çəkilib. Bunun sayəsində Krka yaxınlığındakı Şibenik şəhərində elektrik işığından Vyana, Roma, London və digər Avropa paytaxtlarından daha erkən istifadə olunmağa başlanılıb.