Avropada ondan imtina edilir, biz də başlamalıyıq


Digərləri 04 Noy 2018 22:35:00 263 0

Avropada ondan imtina edilir, biz də başlamalıyıq

Plastik məhsulların istifadəsi 2021-ci ildən qadağan olunacaq 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

XXI əsrin ən böyük bəlalarından biri də plastik torbalar, bir dəfəlik istifadə üçün nəzərdə tutulan qablardır. Bunların sağlamlığa vurduğu zərər haqqında yəqin ki,  az-çox məlumatınız var. Amma onların ekologiyaya vurduğu zərər isə daha böyükdür. Bununla mübarizə aparmaq üçün dünya təcrübəsində müxtəlif təcrübələr tətbiq olunur.  Məsələn, Polşada yaşayan müsahibim deyir ki, orada marketlərdə plastik torbalar və qablar pulla satılır. Bunu etməkdə əsas məqsəd isə  ətraf mühitin təmizliyini qorumaqdır. İnsanlar plastikə pul verməyi artıq bildiyi üçün, marketə parça torbalarla gəlirlər. Qonşu ölkə Gürcüstandan da bu təcrübə tətbiq olunmaqdadır. Ölkəmizdə isə bu sahədə vəziyyət heç də qaneedici deyil. Amma yaxşı xəbərlər də var. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkədə plastik qablardan istifadənin azaldılması ilə bağlı tədbirlərə başlayıb.   Trend-in məlumatına görə, bu barədə nazirlikdə keçirilən mətbuat konfransında qurumun ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib. U.Tağıyevanın sözlərinə görə, hazırda bununla bağlı tədbirlər hazırlanır: "Bildiyiniz kimi, Avropa Parlamenti tərəfindən plastik qablaşdırmanın qadağan olunması ilə bağlı qərar qəbul olunub. Qərara görə, plastik məhsulların istifadəsi 2021-ci ildən qadağan olunmalıdır. Ölkəmizdə də bu istiqamətdə artıq müəyyən işlər görülməkdədir. Belə ki, Nazirlik tərəfindən kompleks tədbirlər planı hazırlanır. Bu məqsədlə prosesin ilkin mərhələsində ictimai rəyin öyrənilməsi üçün əhali arasında sorğu keçirilməsi planlaşdırılır. Əlbəttə ki, bu tədbirlər bütün tərəflərin maraqlarını nəzərə alınaraq, mərhələli şəkildə həyata keçiriləcək. Toplanma və çeşidlənmə işlərinə əhalini cəlb etmək üçün ETSN-nin təşəbbüsü ilə başlanılan kampaniya çərçivəsində ümumilikdə 35 şəhər və rayon üzrə plastik qabların toplanması və çeşidlənməsi üçün 100-dək konteyner yerləşdirilib. Yerləşdirilən konteynerlərdən 32 ədədi ETSN, 50 ədədi Rayon İcra Hakimiyyətləri, 12 ədədi yerli sahibkarlar, 2 ədədi isə AzEkol tərəfindən hazırlanıb".