"Üç qardaş", Brivibas və yuqendstil... FOTO


Digərləri 04 Noy 2018 22:22:00 319 0

"Üç qardaş", Brivibas və yuqendstil...  FOTO

Son.az AZƏRTAC-a istinadən yazını təqdim edir.

Latviyanın paytaxtı və Baltikyanı bölgədə ən böyük şəhər olan Riqanın əsası XII əsrin əvvəlində qoyulub. Bu müddətdə şəhər çox kataklizmlərlə üzləşib. Təkcə son 100 ildə - 1991-ci ildə Latviya dövlət müstəqilliyini bərpa edənə qədər Riqa bir neçə dəfə işğal edilib, dağıntılara məruz qalıb.

Bu gün Avropanın dinamik inkişaf edən paytaxt şəhərlərindən biri, regionun iqtisadi inkişaf mərkəzi və əsas nəqliyyat qovşağı olan Riqada tarixi keçmişlə müasir meyillər üzvi şəkildə birləşir. Çoxsaylı turistlər "Köhnə şəhər"in ensiz küçələrində gəzişmək, muzeylərə tamaşa etmək və dadlı milli yeməklərdən ləzzət almaq üçün buraya axışırlar.

Bugünkü reportajımızda sizə bu və bir sıra başqa məsələlər barədə məlumat vermək istəyirik.

Ratuşa meydanı, Qarabaşlılar Evi və Bremen musiqiçiləri

Bakı ilə Riqa arasında birbaşa aviareyslər işləyir. Latviyanın milli airBaltic aviaşirkətinin reysləri ilə Bakıya uçuş müddəti təqribən 3 saat 50 dəqiqədir. Biznes-klass salonunda uçan sərnişinləri aeroportda ayrıca qeydiyyat stolu, təyyarədə isə lap restoranda olduğu kimi isti yemək gözləyir. Biz səhər reysi ilə uçduq, salonda bizə hisə verilmiş mal əti, toyuq əti və pendir təklif etdilər. Riqada 1973-cü ildə tikilmiş airBaltic aeroportu ildə 4 mindən çox sərnişin qəbul edir. Aeroportdan şəhərin mərkəzinə avtomobillə 10 dəqiqəyə çatmaq olar. 

Yol boyu pəncərələrdən baxanda qeyri-adi binalar - əsasən XIX əsrə aid ağac memarlığı nümunələri görünür. Riqada ağacdan tikilmiş evlərdən ibarət bütöv məhəllələr var. Bu evlərin bəziləri bərpa olunub, digərləri hələ növbə gözləyirlər. Bu ərazidə taxta tikililərin çox olması həm bu materialın bol olması, həm də onun istiliyi yaxşı saxlaması ilə izah edilir. Yeri gəlmişkən, Riqanın ağac memarlığı nümunələri UNESCO-nun mədəni-tarixi irs siyahısına daxil edilib.

Şəhərin mərkəzi hissəsində modern, neorenessans və digər üslublarda tikilmiş möhtəşəm binalar diqqəti cəlb edir. Nəhayət, Riqanın tarixi mərkəzi sayılan "Köhnə şəhər" də UNESCO-nun dünya irsi siyahısına daxil edilib. "Köhnə şəhər" orta əsrlər memarlığı qoruğudur. Riqaya gələn turistlər adətən şəhərlə tanışlığı bu hissədən başlayırlar.

Dauqava (Qərbi Dvina) çayının sağ sahilində yerləşən "Köhnə şəhər"in özəyi Ratuşa meydanıdır. Orta əsrlərdə buranı bazar meydanı adlandırırdılar. İkinci Dünya Müharibəsi dövründə bu meydan praktiki olaraq dağıdılıb. Bu gün Ratuş meydanı və orada olan bütün binalar tamamilə yenidən qurulub.

Təbii ki, şəhər idarəsi - Riqa Dumasının iclasları keçirilən Ratuşa bu meydanda yerləşir. Lakin şəhərin bu hissəsinin əsas bəzəyi Qarabaşlılar Evidir. Parlaq fasadlı, qeyri-adi gözəlliyi ilə diqqəti cəlb edən bu bina Şimali Avropa manyerizmi üslubunda inşa edilib. Onun tavanlarında çəkilmiş rəsmlər görənləri heyran edir. XIV əsrdən etibarən burada yerləşən orijinal ev 1941-ci ildə nasist ordusunun artilleriya atəşi nəticəsində dağılıb, 1999-cu ildə isə elə həmin yerdə yeni bina ucaldılıb. Qarabaşlılar Evi tarixən subay tacirlər gildiyası üçün nəzərdə tutulurdu. 2012-2015-ci illərdə bu bina Latviya Prezidentinin iqamətgahı olub, 2017-ci ildə isə yenidən turistlər üçün açılıb. Prezidentin dəftərxanası isə digər tarixi kompleksə - 1330-cu ildə əsası qoyulmuş Riqa qəsrinə köçürülüb.

Qarabaşlılar Evinin qarşısında Rolandın heykəli qoyulub. Əlində qılınc və qalxan tutmuş bu cəngavər orta əsrlərdə ədalət rəmzi olub. Elə buradaca öz memarlıq xüsusiyyətlərinə görə ümumi ansambldan seçilən düzbucaqlı şəkildə binanı görmək olar. Latviyanın işğalı muzeyi yerləşən bu binada ekspozisiya ölkənin sovetlər (1940-1941,1944-1991) və nasistlər (1941-1944) tərəfindən işğalına həsr edilib.

Ratuş meydanının yaxınlığında Müqəddəs Pyotr kilsəsi ucaldılıb. Kilsənin günbəzinsə yerləşən 123,5 metr hündürlüyündə ...uzaqdan seçilir. Maraqlıdır ki, 1985-ci ildə hündürlüyü 368,5 metr olan yeni teleqüllə tiklinə qədər bu kilsə şəhərdə ən uca tikili hesab edilirdi. Kilsənin yanında tuncdan tökülmüş "Bremen musiqiçiləri" kompozisiyası yerləşir. Bu kompozisiya Riqaya onunla qardaşlamış alman şəhəri Bremenin hədiyyəsidir.

Ətriyyat, şokolad muzeyi və dirijabllar üçün anqarlar

Latviya Avropa İttifaqının üzvüdür və burada dövriyyədə olan valyuta avrodur. "Köhnə şəhər" alış-veriş üçün geniş imkanlar verir. Addım başı suvenir dükanları, xalq sənəti məmulatlarının - kəhraba bəzək əşyaları, taxta müxəlləfat, yun məmulat satılan köşklər gözə dəyir. Burada "Galerija Centrs" adlı müasir mol da var. Lakin hələ sovet dövründən məşhur olan iki brendin firma mağazaları diqqəti daha çox cəlb edir. söhbət Dzintars ətriyyat markasından və Laima qənnadı müəssisəsindən gedir. SSRİ dövründə Dzintars firmasının məhsulları (Dzintars latış dilində "kəhraba" deməkdir) Bakının bütün univermaqlarında satılırdı. Bu gün Azərbaycanda bu məhsulları görməzsiniz, amma Riqada demək olar ki, hər yerdə Dzintars mağazaları var. Özü də elə təsəvvür yaranır ki, bu mağazada qiymətlər elə sovet dövründəki kimidir. Məsələn, kişilər və qadınlar üçün ətriyyatın qiyməti 3-4 avrodan başlanır. Yaxşı məlum olan klassik məhsullar buraxılışı davam edir, lakin tamamilə yeni məhsullar da var. Piştaxtalarda odekolon, ətir, dəriyə və saçlara qulluq vasitələri, bir sıra başqa məhsulların böyük çeşidi nümayiş etdirilir. 

Laima qənnadı brendi Azərbaycanda o qədər də məlum deyil. Halbuki bu brendin tarixi 1870-ci ildən başlanır. Həmin ildə alman Teodor Riqert Latviyada ilk şokolad istehsalını yaradıb. Bu barədə Riqada 2014-cü ildən fəaliyyət göstərən Laima firma şokolad muzeyində olarkən xəbər tutduq. Bir neçə ildən sonra Riqetrin fabriki təkcə Baltikyanı bölgədə deyil, bütün Rusiyada şirniyyat istehsal edən ən iri müəssisələrdən birinə çevrilir. 1881-ci ildə geniş çeşidli məhsullar - şokoladdan başlamış balıq konservlərinə qədər müxtəlif məhsullar istehsalı üzrə ixtisaslaşan Gegingerin fabriki yaradılır. 1921-ci ildə isə Makedoniya şirniyyat fabriki açılır, sonrada onun adı dəyişdirilərək Laima adlandırılır. 1938-ci ildə Latviya hökuməti yuxarı adlarını çəkdiyimiz şirkətlərin səhmlərini alır və onları Laima adı altında bir müəssisə şəklində birləşdirir.

Məlumdur ki, 1958-ci ildə Laimanın buraxdığı məhsullar çeşidində 169 növ müxtəlif şirniyyat, o cümlədən məşhur "Serenada", "Trüfel", "Krasnıy mak", "Belokça", "Prozit" və başqa konfetlər vardı. Qaysı qurusu və şokoladlı qoz, müxtəlif tamlı zərif zefir qarışığından ibarət "Serenada" konfetləri, araxısli və kremli "Cielavina" ("Qaranquş") tort-beze bu brendin fəxridir.