"Kim psixoloq işləyə bilər" sualına cavab verəcək qanun


Digərləri 04 Noy 2018 22:26:00 313 0

"Kim psixoloq işləyə bilər" sualına cavab verəcək qanun

Millət vəkili deyir ki, qanunun əsas mahiyyəti ölkəmizdə psixoloji yardımın hüquqi bazasının yaradılmasıdır 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Azərbaycanda psixoloji yardım göstərən şəxslər üçün yeni tələblər qoyulacaq. Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu tələblər Milli Məclisə birinci oxunuş üçün təqdim edilən "Psixoloji yardım haqqında" qanun layihəsində öz əksini tapıb. Yeni layihəyə əsasən, psixoloji yardım göstərən şəxslər dövrü olaraq 5 ildə bir dəfə Azərbaycan Psixoloqlar Şurasının müəyyən etdiyi qaydada tədrisə cəlb ediləcəklər.

Azərbaycan Psixoloqlar Şurası psixoloji xidmət göstərən mütəxəssislərin fəaliyyətinin əlaqələndirilməsi, onların peşə hüquqlarının qorunması, təcrübə mübadiləsinin aparılması və təbliği, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, əhalinin keyfiyyətli psixoloji xidmətlə təmini, psixoloji xidmət sahəsində elmi tədqiqatların aparılmasına yardım göstərilməsi, psixoloji yardım standartlarının və etika normalarının işlənib hazırlanması məqsədilə yaradılacaq. İctimai əsaslarla fəaliyyət göstərəcək Şura yüksək ixtisaslı psixoloqlardan, müxtəlif sahələrdə psixoloji yardım göstərən dövlət orqanlarının nümayəndələrindən daxil olmaqla, 7 üzvdən ibarət olacaq.

Bununla yanaşı, klinik psixoloqlar peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədilə, dövrü olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb ediləcəklər. Mülkiyyət növündən asılı olmayaraq, səhiyyə müəssisəsində psixoloji yardımın göstərilməsi ilə təhsili, klinik psixologiya üzrə magistr dərəcəsindən aşağı olmayan mütəxəssislər (klinik psixoloqlar) məşğul ola bilərlər.

Layihəyə görə, klinik psixoloqlar klinik psixologiya üzrə magistr dərəcəsi almış və səhiyyə sistemində psixoloji yardım göstərmək icazəsi olan mütəxəssis-psixoloqlardır.

Qeyd edək ki, "Psixoloji yardım haqqında" qanun layihəsi Milli Məclisin oktyabrın 30-da keçiriləcək plenar sessiyasında müzakirəyə çıxarılacaq.   Psixologiya sahəsində atılan bu addımın hansı üstünlüklərinin olacağını, bu sahədə başqa hansı məsələlərin öz həllini tapmalı olduğunu mütəxəssislərlə müzakirə etdik.

Millət vəkili Musa Quliyev qeyd etdi ki, qanunun qəbul edilməsindən sonra ölkəmizdə psixoloji yardımın göstərilməsi sistemli hala gətiriləcək: "Səhiyyə komitəsi 3 ilə yaxındır ki, qanun üzərində işləyir. Qanunun əsas mahiyyəti ölkəmizdə psixoloji yardımın hüquqi bazasının yaradılmasıdır. Azərbaycanda həm özəl, həm də dövlət sektorunda çalışan çoxsaylı psixoloqlar var. Bu psixoloqların fəaliyyətinin tənzimlənməsi üçün indiyə qədər normativ hüquqi baza qanun səviyyəsində yox idi. Bu da bir sıra problemlərin ortaya çıxmasına, o cümlədən özəl sektorda qeyri-peşəkarların, psixoloq təhsili olmayanların işləməsinə gətirib çıxarırdı. Amma bu qanun "Kim psixoloq işləyə bilər" sualına cavab verəcək. Yəni bu sahədə ən azı bakalavr təhsili olanlar yardım göstərə biləcəklər. Klinik psixologiya ilə məşğul olmaq üçün isə magistr dərəcəsi və ya tibb universitetinin rezidentura səviyyəsində təhsil əsas şərt hesab olunacaq. Həmçinin kimlərə pulsuz psixoloji yardım göstərilməsi də qanunda öz əksini  tapıb. Yaradılacaq şuranın nizamnaməsini Nazirlər Kabineti təsdiqləyəcək. Bütövlükdə qanunun qəbul edilməsindən sonra ölkəmizdə psixoloji yardımın göstərilməsi sistemli hala gətiriləcək".