İbtidai sinif şagirdlərinin repetitora ehtiyacı varmı?


Digərləri 04 Noy 2018 21:35:00 286 0

İbtidai sinif şagirdlərinin repetitora ehtiyacı varmı?

Bəzən valideynlər övladlarına lazımi qədər vaxt ayıra bilmədikləri, ailədaxili problemlər, yeni təhsil məzmunundan məlumatsızlıq səbəblərindən əlavə məşğuliyyət təklifini böyük həvəslə qəbul edirlər 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Yaxın zamanların tədqiqatı göstərdi ki, praktiki olaraq ölkədəki hər üç şagirddən biri repetitorla məşğul olur". Rusiya mətbuatı bu sözləri təhsillərinin gələcəyi üçün heç də qürur duymadan tirajlayır. Valideynlərdən birinin: "birinci sinifdə övladım cavan, təcrübəsi olmayan müəllimin sinfində oxuyurdu. Qiymət verilmirdi. Əvvəllər mən buna razı idim ki, qiymət qoyulmasın - əgər pis qiymət yazılarsa, bu, yəqin ki, uşağın psixikasına zərər yetirə bilər. İkinci sinfin əvvəlində aydın oldu ki, qızım hələ birinci sinif proqramını demək olar ki, mənimsəməyib və əlavə məşğələlərə ehtiyacı var. Sonralar bildim ki, sinfimizin hər üç şagirdindən biri repetitor yanına gedir. Proqramı yalnız ilyarımdan sonra mənimsəyə bildik" - sözləri bu sferada narahatlığa rəsmilərin də diqqətini cəlb edib. 

Məlum olub ki, şagirdlərin yarısı bir neçə fəndən məktəb proqramını mənimsəyə bilmir və əlavə məşğələlərə ehtiyacları yaranıb. Nəticədə əgər əvvəllər repetitor yanına yalnız 10-11-ci sinif şagirdləri gedirdisə, indi valideynlər ibtidai siniflərdən uşaqlarına repetitor tutmaq məcburiyyətində qalırlar. 

Əlbəttə, "ibtidai siniflərdə repetitor tutmaq mənasızdır" - uşaqlarını birinci sinfə göndərən valideynlərin bəzisi isə belə deyir. Görünür, belə valideynlər övladlarının hazırlığına sərf etməyə özlərində vaxt tapan və ya tədris prosesindən, fənlərdən anlayışı olanlardır. Digər tərəfdən, təcrübələr göstərir ki, uşağının dərslərinin hazırlığına vaxt tapmayan və ya təməl savadı müasir proqramla uyğunlaşmayan valideynlər çətinlik qarşısında qalırlar. Müəllimin sinifdə əlavə hazırlıq təklifi isə onların övladlarının təməldən yaxşı hazırlaşmaq istəyini dəstəkləyir. Bu sıraya "qonşudan qalma dala" prinsipi ilə repetitor yanına yollananları da əlavə etsək, artıq siyahının kütləviləşməsindən danışmaq mümkündür. Pedaqoqların isə öz mövqeləri var: "Müəllim uşaqlara ümumi proqramı öyrədir". 

Qonşu ölkənin azyaşlı vətəndaşlarının təhsili ilə bağlı qayğısı, əslində bizim də oxşar problemimizdir. Belə ki, bizim ibtidai sinifdə oxuyan uşaqlar üçün də repetitor tutmaq get-gedə ənənəyə çevrilir. Valideynlərə elə ibtidai sinifdə dərs deyən müəllimlər əlavə hazırlıq təklif edirlər. Təbii ki, ödənişli əsaslarla. Məktəblərin birində söhbətləşdiyim valideynlərdən təxminən bu sözləri eşitdim: "Xüsusən ikinci sinfin axırlarına yaxın repetitor yanına meyillər yaranır və 4-cü sinifdə artıq sinfin yarısından çoxu repetitorla məşğul olur". Hətta valideynlər övladlarına repetitor tutmaq üçün əvvəlcədən pul yığmağa başlayırlar. Bəziləri elə düşünür ki, 1-3 sinif proqramını mənimsəmək o qədər də çətin deyil. 4-cü sinifdə isə səylə məşğul olmaq, elə bu sinifdəcə övladının hansı fəndən daha fəal olduğunu öyrənmək lazımdır. Bəziləri isə elə birinci sinifdən övladlarını əlavə təhsilə yönləndirirlər.

Maraqlıdır, valideyn uşağına əlavə hazırlığın lazım olub-olmadığını necə müəyyənləşdirir? Onun min bir zəhmətlə qazandığı pulunu əbəs yerə xərcləmədiyinə kim təminat verir? Ümumiyyətlə, kütləvi surətdə repetitor tutmağa səbəb nədir: təhsilin keyfiyyətinin aşağı düşməsimi? Bəlkə səbəb uşaqların dərs oxumağa həvəssizliyi və ya qavrayışlarının zəif olmasıdır? Bəlkə valideynlərin təkəbbürü buna səbəb olur? Ya bəlkə ibtidai siniflər üçün nəzərdə tutulan proqramın tədrisində çatışmazlıqlar var? 

Məsələyə münasibətdə təhsil ekspertlərinin fikirləri uşaqları az yaşda əlavə yükdən qorumaq baxımından üst-üstə düşür.

Uşaq dərslərdən dincəlməlidir