Pakistanla sərhəddə girov götürülən 12 iranlı sərhədçinin taleyi naməlum olaraq qalır


Dünya 04 Noy 2018 16:23:00 250 0

Pakistanla sərhəddə girov götürülən 12 iranlı sərhədçinin taleyi naməlum olaraq qalır

Oktyabrın 15-də İranın Pakistanla sərhəd məntəqəsində naməlum silahlı qruplaşma tərəfindən girov götürülən 12 iranlı sərhədçinin taleyi hələ də naməlum qalır.

İran mətbuatı yazır ki, ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərifin geniş nümayəndə heyəti ilə Pakistana səfəri və burada keçirdiyi yüksək səviyyəli görüşlərdən sonra da sərhədçilərin tapılması istiqamətində aparılan axtarışlar nəticə vermir. M.C. Zərif Pakistana səfəri çərçivəsində baş nazir İmran Xan, xarici işlər naziri Şah Mahmud Kureş və Pakistan ordusunun qərargah rəisi general Kumar Cavad ilə də görüşərək bu məsələni müzakirə edib. Tərəflər səyləri birləşdirib axtarışları davam etmək qərarına gəliblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, lakin 12 əli silahlı hərbçinin sanki bir əşya kimi oğurlanıb aparılması və axtarışların nəticəsiz qalması ictimaiyyətdə haqlı sualların yaranmasına səbəb olub. Bəzi mətbuat orqanları hesab edir ki, bu da ABŞ-ın İran ilə Pakistan arasındakı münasibətləri pozmaq üçün növbəti oyunudur. Digərləri isə qeyd edirlər ki, sərhədçiləri narkotik qaçaqmalçılığı ilə məşğul olan silahlı dəstə qaçırıb. Üçüncülər isə yazırlar ki, sərhədçilərin arasında satqın olub. Həmin satqın nəzarət məntəqəsində keşik çəkən sərhədçilərin yeməyinə yuxu dərmanı qatıb və sərhədçilər yeməkdən sonra elə dərin yuxuya gediblər ki, oğurlandıqlarından xəbərləri belə olmayıb. Mətbuatın irəli sürdüyü variantlar həm ağlabatan, həm də mümkündür. Lakin müasir dövrdə- termal və elektron müşahidə cihazlarının olduğu bir zamanda bir qrup adamın müəyyən ərazidə yoxa çıxması yenə də suallar doğurur.