Uşaqların 93 faizi çirklənmiş hava ilə nəfəs alır...


Dünya 04 Noy 2018 10:25:00 306 0

Uşaqların 93 faizi çirklənmiş hava ilə nəfəs alır...

Dünyada 15 yaşınadək uşaqların 93 faizi (1,8 milyard azyaşlı) çirklənmiş hava ilə nəfəs alır. Hava çirkliliyi nəticəsində onların sağlamlığında ciddi fəsadlar yaranır, hətta ölüm halları müşahidə olunur. 2016-cı ildə hava çirkliliyi ilə əlaqədar uşaqlarda aşağı tənəffüs yollarının infeksiyası nəticəsində 600 min azyaşlı həyatını itirib.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumat Dünya Səhiyyə Təşkilatının (DST) yeni hesabatında qeyd edilib. Hesabatda dünyada, xüsusən aşağı və orta gəliri olan ölkələrdə həm atmosferdə, həm də qapalı məkanlarda zəhərli havanın uşaqların sağlamlığına mənfi təsiri ilə bağlı aparılan tədqiqatın nəticələri yer alıb. Hesabatda deyilir ki, çirkli havanın təsirinə məruz qalan hamilə qadınlar böyük ehtimalla vaxtından əvvəl doğur və ya normadan az çəkisi olan uşaqlar dünyaya gətirirlər.

"Hava çirkliliyi uşaqlarda əsəb pozuntularına, zehni qabiliyyətin aşağı olmasına, həmçinin bronxial astma və xərçəng xəstəliklərinə səbəb olur. Yüksək dərəcədə toksik havaya məruz qalan uşaqlarda ürək-damar xəstəlikləri də yarana bilər.Uşaqların zəhərli havaya daha həssas reaksiya verməsinin səbəblərindən biri onların daha tez-tez nəfəsalması və toksik maddələri daha çox udmasıdır. Boyu hündür olmayan azyaşlılar, həmçinin zəhərli maddələrin daha çox toplandığı torpağa daha yaxın olurlar. Nəzərə almaq lazımdır ki, inkişaf mərhələsində olan uşaq beyini və orqanizmi çox kövrəkdir. Yeni doğulan körpələr və azyaşlılar qapalı məkanlardakı yanacaq növləri, yemək hazırlanması və qızdırılması, işıqlandırma ilə bağlı yaranan hava çirkliliyinə qarşı da həssasdırlar", - hesabatda qeyd edilib.