Hüquqşünas boşanmaların qarşısını necə almağın yolunu göstərdi


Digərləri 03 Noy 2018 16:52:00 257 0

Hüquqşünas boşanmaların qarşısını necə almağın yolunu göstərdi

"Boşanmaların sayı günbəgün artmaqdadır. Necə mane olmalı? Hüquqi prosedurlar boşanmaların qarşısını almağa qadirdirmi? Hansı məhdudiyyətlər var?"

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, hüquqşünas Anar Qasımlı bu barədə öz "Facebook" səhifəsində yazıb.

O, qeyd edib ki, Ailə Məcəlləsinin 15-ci maddəsi qadının hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ərin nikaha xitam verilməsi barədə iddia qaldırmasını qadağan edir. Anar Qasımlı bunu çox mütərəqqi norma sayaraq bildirib ki, təcrübə bu bir illik müddət ərzində əksər ailələrdə barışıq olduğunu göstərir.

"Məhkəmə nə vaxt boşanma barədə qətnamə çıxara bilər? Ailə Məcəlləsinin 20.1-ci maddəsi deyir ki, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Təəssüf ki, məhkəmə qətnamələrinin 99%-də ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü əsaslandırılmır. Əslində bu müddəa boşanma barədə iddia tələbinin rədd olunması üçün hüquqi əsasdır. Lakin məhkəmə təcrübəsində boşanma barədə iddiaların hamısı təmin olunur. Mən indiyədək təmin edilməyən boşanma iddiası görməmişəm" - deyə o vurğulayıb.