Mübariz Mənsimov həyatından danışdı


Digərləri 03 Noy 2018 15:57:00 270 0

Mübariz Mənsimov həyatından danışdı

"Palmali" Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov 1968-ci il martın 22-də Bakıda anadan olub. Türkiyə vətəndaşlığı aldıqdan sonra Mübariz Mənsimov Qurbanoğlu soyadını alıb və donanmasını İstanbuldan idarə edir.

Son.az xəbər verir ki, "SeaNews" beynəlxalq gəmiçilik jurnalı neft daşımalarından liman idarəçiliyi, futbol klubu sahibliyindən inşaatçılığa qədər bir çox işlə məşğul olan Mübariz Mənsimov ilə uşaqlığı, qazandığı uğurlar və gələcəklə əlaqədar planları barədə söhbətləşib.

Son.az həmin müsahibəni təqdim edir:

- Hörmətli Mübariz Mənsimov sizi tanıya bilərik?

- 1968-ci ildə Bakıda anadan olmuşam. Anam evdar xanım, atam liman işçisi idi. Mən 9 qardaşın dördüncüsüyəm. Məndən böyük 3 bacım var.

Xəzər bəziləri üçün göl, bizim üçün isə dənizdir və Bakı bildiyiniz kimi, Xəzər dənizi sahilində yerləşir. Bundan ilhamlanaraq uşaqlığımda kapitan və ya dənizçi olmaq istəyirdim, lakin ailəm məni təəssüf ki, hərbi məktəbə göndərdi. Uşaq bağçası və orta məktəbi Azərbaycanda oxudum. Mən Azərbaycanda uzun müddət qalmadım. 12 yaşım olanda hərbi məktəbə getdim, hərbi kariyeram oldu. 1990-cı ilin əvvəlində ordudan ayrıldım. 1990-cı illərin əvvəllərində Sovet İttifaqı dağıldı. O illərdə ordudan ayrıldım və uşaqlıq arzularımın ardınca - dənizə geri döndüm. İlk növbədə dənizçiliyi öyrənməyə başladım. Gəmilərdə qısa bir müddət çalışdım. Əvvəlcə aşpaz kimi işləyirdim, amma yemək bişirməkdə yaxşı olmadığımı anlayıb göyərtəyə qalxdım. İlk gəmimi 1991-1992-ci illərdə 3 ortaq birgə aldıq. Kiçik bir balıqçı gəmisi idi. Sonra bir yük gəmisini aldıq və yükdaşıma işinə başladıq. Həyatımın böyük bir hissəsi Rusiyada keçdi. 12 yaşından sonra Moskvada və Sankt-Peterburqda yaşadım. İlk şirkətlərimi də elə bu şəhərlərdə qurdum. O dövrdə Türkiyəyə də gəlirdim. 1993-cü ildə "Acente 34"ə ortaq oldum. Suat Dinçelek mənim sevimli qardaşım, dostumdur. Onunla tanış olduq. Öncə "Acente 34" şirkətini, daha sonra "Samed Xarici Ticarət", ən sonda isə "Palmali" şirkətini qurduq. O zamanlar Rusiyada "Lena Liner" adlı bir şirkətim vardı. Oradan da ayrıldım və 1993-94-cü illərdən sonra demək olar ki, həmişə Türkiyədə olurdum. Ticari mərkəz olaraq Türkiyəni seçdim. Mənim ilk şirkətim 1992-ci ildə Rostovda, "Palmali" isə 1997-ci ildə yaradılıb. Daha doğrusu, şirkətimin adı dəyişərək "Palmali" oldu. 1997-ci ildə "Palmali" şirkətinin 17 gəmisi var idi. Yavaş-yavaş, böyüyə-böyüyə bu sayı 200-ə qədər artırdıq.

- "Palmali" adı haradan gəlir?

- Mənimlə 20 ildən artıq işləyən Nuray xanım var. Rusiyadan ona zəng elədim. "Mərkəzi İstanbula keçirəcəyəm, şirkət qur" dedim. "Nə şirkət?" deyə soruşdu və mən də dənizçilik şirkəti deyə cavabladım. 1997-ci ilin oktyabr ayı idi. İşdən yorğun gəlib yatdım. Səhər oyananda qapı döyüldü. Açdım ki, Nuray xanımdır. "Hər şey hazırdır, qalx imza atmağa gedək" dedi. "Nə imzası?" deyə soruşdum. "Dediyin şirkəti qururuq" dedi. Televiziyanın yanında "Robinson Crusoe" filminin diski var idi. Onun kimi mən də möcüzə ilə üzləşmişdim. Robinzon adaya düşdüyü zaman "Mən haradayam?" deyə özünə sual edir və başı palma ağacına dəyir. Bu səbəblə harada oyandığını fərq etmir və adanın adını palmali qoyacağını deyir. Bilirsiniz palma ağacı dözümlü bir ağacdır, dəniz suyuna qarşı dayanıqlıdır, tənhalığı sevir. "Palmali" adı da oradan gəlir. Yəni ad sadəcə bu filmdən gəlir. Başqa heç bir səbəb yoxdur.

- Türkiyəyə olan sevginizi hər fürsətdə dilə gətirirsiniz. Bu sevgi necə başladı?

- Bəziləri bunu xoşlamır, amma mən irqçiyəm, türkçüyəm, türk oğlu türkəm. Mərhum babam Məcid həmişə sandıqdan bayraq çıxarar və mənə göstərib deyərdi: "Bizim əsl torpaqlarımız bu dağları aşdıqdan sonra başlayır. Biz türkük, türk". Bax beləcə, babam mənə türkçülük sevdasını aşıladı. O, həmişə Atatürkdən danışardı. Babamın boyu çox uzun idi. Deyərdi ki, Atatürkün boyu ondan da uzundur. Bizim də xəyalımızda Atatürk boyu 2 metrdən uzun bir pəhləvan kimi qalmışdı.

- Sizin Azərbaycanla olan biznes və digər münasibətləriniz necədir?

- Azərbaycana investisiyalar yatırmağa davam edirəm. Oradakı bütün işlərimi kiçik qardaşım idarə edir. Azərbaycan mənim evimdir. Mən Azərbaycan türküyəm. Müxtəlif sahələrdə də ticarət fəaliyyətləri davam edir və davam edəcək.

- Ortaqlarınızla işbirliyinin pozulduğu deyilir. Bu barədə nə deyə bilərsiniz?

- "Palmali"nin heç vaxt ortağı olmayıb. "Palmali"nin sadəcə hər hansı fərqli layihələrdə ortaqlıqları var. ARDNŞ ilə tərəfdaşlığımız olub. Onlarla da fikir birliyi ilə ortaqlığı ləğv elədik. Onlar Azərbaycan Dövlət Neft Şirkəti olaraq köhnədən həmişə FOB (Free On Board) satırdılar, CIF (Cost Insurance and Freight) biznesinə başlamaqları üçün kömək etdim. CİF hər zaman FOB-dan daha effektiv və daha sərfəli olduğundan əlimdən gələn köməyi etdim. Peşman deyiləm, çox gözəl bir iş gördüm. Vətənimə kömək etdim. Ümumilikdə 14 gəmimiz var idi. Mən şirkətdə 35 faiz paya sahib idim. Ayrıldım.

- Biz əsasən, neft və neft məhsulları daşınmasını həyata keçirdiyinizi bilirik. Çeşidləndimi?

- Bizim əsas işimiz dənizçilik, gəmiçilik, göndərmə və logistikadır. Limanlarda təşkilatlarımız da var. Biz yalnız öz gəmilərimizlə deyil, həm də kirayəyə götürdüyümüz gəmilərlə də daşımaları həyata keçiririk. "Palmali Group" dünyanın ən böyük donanmalarından biridir. Xam neft daşınmasından başqa bütün daşınma işləri ilə məşğul oluruq. Qida və içki sənayesində daha çox maye yük daşıyırıq. Bütün tankerlərimiz minimum İMO II sinfinə aiddir. Qara dənizdən gələn neftin 75%-ini daşıyırıq. O bazarda da çox yaxşıyıq.