İlkin Həsəni: “Qalstuklu əmi”lər özlərini pis aparırlar


Şou-biznes 03 Noy 2018 14:03:00 254 0

İlkin Həsəni: “Qalstuklu əmi”lər özlərini pis aparırlar

Son.az tanınmış aparıcı və aktyor İlkin Həsəninin oxu.az-a müsahibəsini təqdim edir:

- Aparıcılıq, prodüserlik, aktyorluq və son olaraq biznesmenliyə başlamısınız. Xidmət sahəsinə gəlməyiniz nə ilə bağlıdır?

- Restoran biznesi mənim üçün yeni deyil. Həmişə xidmət sahəsini sevmişəm. Ona görə də, müxtəlif illərdə bu işlə məşğul olmuşam. Hər zaman hər yerdə yaxşı xidmət görmək istəmişəm deyə, restoranımın olmağını da istəmişəm. Orada müştərilərlə necə davranmaq lazımdır, onlar nəyi sevib, nəyi sevmirlər və sairə kimi nüanslara diqqət edilməsinin tərəfdarı olmuşam.

Əfsuslar olsun ki, əksəriyyət bu işlə məşğul olsa da, peşəsini sevmir, məcburiyyət qarşısında qalıb çalışır deyə, müştəri ilə xoş danışmır. Bütün bunlar xidmət sahəsinin çatışmazlıqlarıdır. 

- Baş çəkdiyiniz məkanlarda belə hallarla qarşılaşanda hansı reaksiyanı verirdiniz?

- Getdiyim məkanlarda belə hallarla qarşılaşanda çalışmışam ki, qarşımdakı insanın xətrinə dəymədən, onu başa salım ki, bunu belə etməzlər və ya bunu başqa cür etsən daha yaxşı olar. İstəmişəm ki, başqa yerdə görə bilmədiyim xidməti öz restoranımda, işlətdiyim klubda görüm. Bir neçə il öncə restoran-klub işlədirdim. O klub o qədər məşhur idi ki, hətta şənbə günləri özüm oturmağa yer tapmırdım. Sonda gedib, barın kənarında bir yerdə əyləşirdim.

Üstündən bir neçə il keçdi, düşündüm ki, yenidən niyə də bu sahəyə üz tutmayım? Bugünədək bir çox təkliflər var idi ki, sən bu işdən anlayışın var, ətrafın genişdir, yaxşı reklam edə bilirsən. Mən də onu başa salırdım ki, kimdənsə ödəniş alıb, onun müqabilində hansısa məkanı reklam etməmişəm. O məkan ya dostlarımın, ya da partnyor olaraq çalışdığımız şəxslərin olub.

Bu gün bir nəfər də deyə bilməz ki, İlkinə pul verdim, məni reklam etdi. Düşündüm ki, reklam baxımından da əlimdə imkanlar var. Əvvəllər hamı televiziyaya, jurnallara qaçırdısa, artıq hər kəs bunu sosial media vasitəsilə həyata keçirir. 

Çox adam fikirləşir ki, restoranın pulu yatırımı, təmiri mənə aiddir. Yox, bu, belə deyil. Menecmentliyi sıfırdan götürdük. Restorandakı ofisiantdan tutmuş, müğənniyə kimi hər kəsi sıfırdan yığdıq, dəyişikliyimizi etdik. On gündür ki, fəaliyyətə başlamışıq.

- Xidmət sahəsindəki çatışmazlıqları qeyd etdiniz. Maraqlıdır ki, məkana işçiləri seçməyi HR menecerə həvalə edirsiniz, ya birbaşa özünüz seçirsiniz?

- İşçilərin seçilməsi bir az çətin prosesdir. Heç kim əvvəlcədən sığortalaya bilməz ki, mən gələcəyəm və uzun illər yaxşı xidmət göstərəcəyəm. Baxmayaraq ki, 10 gün çox qısa bir zaman kəsiyidir, amma xidmətləri qane etmədiyi üçün biz artıq 4-5 nəfərlə vidalaşmışıq. Burada ilk növbədə müştərinin fikri maraqlıdır. Araşdırılır, kameralara baxılır, əgər həqiqətən də pis xidmət göstəribsə, kobudluq edibsə, biz onunla vidalaşırıq. 

- "Bozbash Pictures" layihəsini bitirdiniz...  Buna səbəb "Ağsaqqal"ın komandadan ayrılması idi?

- "Bozbash Pictures" hər dəfə bitir və yenidən başlayır (gülür). Layihədən heç kim getməyib. Bizim çəkilişlərimiz bölgələrdə olurdu, gedəndə isə bir neçə rayonda çəkiliş edirdik. Çəkiliş günlərini əvvəlcədən müəyyən edib, işlərimizi ona görə planlaşdırırdıq. Hətta elə günlər olub ki, mənim tədbirim, aparıcılıq edəcəyim toy olub, amma onlardan belə imtina etmişəm ki, çəkilişlər var.

May ayında Azərin (Azər Baxşəliyev - red.) toyu olduğu üçün o mart və aprel aylarından bizimlə çəkilişlərə gedə bilmədi. Biz də ssenarini elə dəyişdik ki, guya "Ağsaqqal"ı polislər yaxalayıb, aparıblar. 

Tamaşaçımız da qəribədir, ayrı vaxt deyirdilər ki, bu "Ağsaqqal"ı yığışdırın, daha sonra onun üçün darıxmağa başladılar. Bir müddət sonra Azərlə birlikdə açıqlama verdik ki, dostluğumuz davam edir, ancaq toyu ilə bağlı olaraq Azər seriala çəkilə bilmir. Son seriyamızda isə Azəri də çəkdik.

- "Buğlama" adlı proyektlə geri qayıdırsınız. Maraqlıdır ki, burada kimlər "buğlanacaq"?

- Burada baş aşpaz rolunda İlkin Misgərli ilə Nicat Rəhimovdur. "Bozbash Pictures"la əlaqəsi olmayan bir layihədir. Yeni obrazlardır, neçə aydır onları fikirləşmişik. Hər dəfə hər iki aktyor 6 ayrı obraz canlandıracaq.

- "Bombaltı" adlı filminiz ənənəvi olaraq mart ayında təqdim olunacaq. Aktrisa Ülfət Bəşir "Stalinin başı" adlı filminizə çəkiləndən sonra medianın diqqət mərkəzində idi. Bu ekran işində bizi hansı yeni sima və yeniliklər gözləyir? 

- Ülfət filmdən daha çox geyimləri ilə yadda qalır (gülür). Hər filmimizdə yeni bir sima olur, Ülfət Bəşir rejissor Emil Abdullayevin seçimi idi. Kaprizi olmayan, çəkiliş vaxtı heç bir problem yaratmayan aktrisadır, biz onu komanda olaraq çox sevdik. 

"Bir xalanın sirri" filmində isə Beyrək Rüstəmzadə çəkilib, maraqlı obraz yaratmışdı. "Bombaltı" adlı ekran işimizdə isə aktrisa Duyğu Dəvəli "Qılman"ın həyat yoldaşını, məxfi agenti canlandıracaq. İndiyədək bir neçə filmə çəkilsə də, partlayışı bizimlə olacaq. "Qılman" isə onun məxfi agent olduğunu bir neçə il sonra biləcək.

Ümumiyyətlə, yeni filmimiz ssenari, məzmun və hadisə baxımından çox zəngindir. Rusiyada fəaliyyət göstərən gizli bir agent Azərbaycana gəlir və Mingəçevir Su Anbarını partlatmaq, illər öncə oraya yerləşdirilən bombanı aktivləşdirmək istəyir. Bu baxımdan dövlətə agent kimi ağıla gələ bilməyəcək insanlar lazım olur. Dövlət də "Şəmi", "Şöşü", "Qılman", "Fəlakət", "Ağsaqqal" və "Şirin"ə müraciət edir ki, onlara bu məsələdə kömək olsunlar. Onlar da çox gülməli situasiyaya düşürlər. Çəkilişlərimiz Bakı və Mingəçevirdə gerçəkləşdirilib, Sankt-Peterburq hissəsi isə hələ ki qalıb. Yaxın aylarda çəkiliş edəcəyik.

- Belə baxıram ki, ölkədə iki gün işığın sönməsinin səbəbi sizin filminiz imiş.

- Bizim ssenarimiz tam hazır idi, işıq problemi ortaya çıxdı. Yazarlardan tutmuş, rejissora qədər hər kəs təşviş içində idi ki, bu cür problemdən sonra biz gedib Mingəçevirdə çəkiliş edə biləcəyikmi? Çünki elə vaxtlar olur ki, çəkiliş üçün dövlət qurumlarına müraciət edirik. Həmin anda bizim strateji əhəmiyyətli bir məkanda, üstəlik, komediya çəkmək üçün müraciət etməyimiz müşkül məsələ idi. Hamı deyirdi ki, çəkilişi yaddan çıxarın, məkanı dəyişib Şamaxı Rəsədxanası edin. Sonra gördük ki, hər şey sırf su anbarı ilə bağlıdır. Sağ olsunlar ki, başda Fövqəladə Hallar Nazirliyi olmaqla, dövlət qurumları müraciətimizi müsbət qiymətləndirdilər. Təbii ki, "olmaz"lar var idi. Bunları çox gözəl bilirdik və normal da qarşıladıq. Onu da qeyd edim ki, Mingəçevir Su Anbarının ətrafında, içində, bəndin üstündə film çəkən ilk və yeganə komanda bizik.

- İkinci - Şamaxı Rəsədxanası versiyası ilə də "problemlər" yarana bilərdi.

- Sağ olsunlar, onu da eşitdik, dedik nə yaxşı ki, Şamaxı Rəsədxanasında çəkiliş etməyib, Mingəçevirə getmişik (gülür).

- İndiyədək ən çox büdcəsi olan və izlənilən filminiz hansı olub?

- Ən çox büdcəsi və ən çox izlənilən filmimiz "Stalinin başı" olub.

- "Bir xalanın sirri" o rekordu yeniləmədi?

- Yox, nə büdcə baxımından, nə də tamaşaçı marağı baxımından "Stalinin başı"nı keçə bilmədi. İndəyədək Azərbaycan nümayiş etdirilən heç bir film bizim rekordumuzu təzələyə bilməyib.

"Bombaltı"nın büdcəsi "Stalinin başı" filmindən daha çoxdur. Burada bahalı və maraqlı səhnələri çox etmişik. Məsələn, əvvəl "Vaz 2106-21-07" partladırdıqsa, bu il bir "BMW" partlatmışıq, "Opel" aşırtmışıq. Əvvəl qrafik səhnələrə girə bilmirdik, indi qrafik, dava və silahlı səhnələrimiz çoxdur. Bu filmimizdə sevgi, aqresiyya, döyüş və bol gülüş olacaq.

- "Bozbash Pictures"ın obrazları bəzi kütlə tərəfindən bayağılığı təbliğ etdiyinə görə tənqid olunur. Buna münasibətiniz...

- Bugünkü gün bizim layihələrimizdə səsləndirdiyimiz mahnılar, geyimlər bir güzgüdür. Göstəririk ki, baxın görün kənardan necə görünürsünüz. Adətən, "Bozbash Pictures"ı onun bir seriyasına belə baxmayıb, hansısa müəyyən hissəsini görən insanlar tənqid edir. Başlayırlar ki, bizim uşaqlarımıza belə təsir edir, onlar bayağıdır və s.

Amma oturub diqqətlə izləsələr, görərlər ki, bizim serialımızda nə qədər sosial mesajlar var. Açıq-aşkar deyə bilmədiyimiz məsələlər var ki, biz onu "Şəmi"nin, "Fəlakət"in adı ilə dilə gətiririk. İnternet memlər var ki, hamı onları paylaşır, tənqid edirlər, həmin hadisələri "Bozbash Pictures"da işıqlandırırıq. Bu məsələlərdə həmin tamaşaçıları anlamıram.

Qardaş, baxma, bu, elə bir şeydir ki, kimsə səni buna məcbur etmir. Kanallarımız çoxdur, yerli kanallara baxmırsan? Əcəb edirsən! Türkiyə, Rusiya, Avropa kanallarına bax. Nəyisə tənqid edirəmsə, ona baxmıram. Seçim o qədərdir ki...

Görürəm ki, kimsə təpik atır, kimisə söyür, dombalaq aşır, kanalı çevirirəm, yaxud da silirəm. Əksər evlərdə Smart TV-lər, "Youtube" var, aylıq 10 manat kabel televiziyasına pul ödəyirəm, amma ondan istifadə etmirəm. Çünki mənə nə lazımdırsa, "Youtube"da var. Axşam saat 5-də TV-də filan şey var, qaçım, ona baxacağam dövrü artıq geridə qalıb.