4 nəhəng ABŞa qarşı birləşdi: Bjezinski xəbərdar etmişdi


Dünya 03 Noy 2018 09:39:00 267 0

4 nəhəng ABŞa qarşı birləşdi: Bjezinski xəbərdar etmişdi

Bir məqamı yaddan çıxartmayaq. Bjezinski "Böyük şahmat lövhəsi" kitabında konkret olaraq ABŞ-ın həm Çin, həm İranla eyni vaxtda müharibədən çəkinməsinin vacibliyini vurğulayır. Burada sadəcə hərbi qarşıdurmadan söhbət getmir, geosiyasi qarşıdurmalar da nəzərdə tutulur. Bzejinski məhz həmin kitabda bildirir ki, ABŞ heç vaxt eyni zamanda İran və Çinlə müharibə aparmamalıdır. Bu ABŞ üçün çox pis nəticələrə gətirib çıxara bilər.

Son.az bildirir ki, bu sözləri Axar.az-a Rusiya, Hindistan və İran rəsmi nümayəndələrinin noyabrda keçirəcəkləri görüşə münasibət bildirən politoloq Sahil İsgəndərov deyib. O bildirib ki, görüş zamanı müzakirə ediləcək layihənin reallaşmasında hər dövlətin öz marağı var:

"Amma burada Rusiyanın maraqları daha genişdir. "Böyük İpək Yolu" layihəsi Rusiyadan yan keçməklə, alternativ kimi yaradılmışdı. İndi isə Rusiyanın bura qoşulması nəzərdə tutulur. Digər tərəfdən, burada iqtisadi layihələr konkret olaraq iqtisadi xarakter daşımır. Hər bir iqtisadi layihənin geosiyasi əhəmiyyəti var. Hazırda burada çox böyük əhəmiyyəti olan və uzun bir xətti birləşdirən geosiyasi məsələ ortaya çıxıb. Layihədə Hindistan, Çin, Rusiya və Xəzər dənizindən keçməklə İrana uzanan yol nəzərdə tutulur. Bu dövlətlərin ən azı 3-ü - Rusiya, Çin, İran konkret olaraq ABŞ-ın həyata keçirdiyi siyasətin əleyhinə olan dövlətlərdir. Yəni ABŞ-ın siyasəti hər 3 dövlətə qarşı yönəlib və hər 3 dövlət ABŞ-ın çox ciddi sanksiyalar paketi ilə üzləşib".

Politoloq vurğulayıb ki, Hindistanın bu layihəyə qoşulması məsələsi çox maraqlıdır:

"Hindistanın hansı orbitə cəlb olunması ilə bağlı daim Rusiya, Çin və ABŞ arasında çox ciddi geosiyasi mübarizə gedirdi. Amma bu layihə reallaşsa, artıq bu məsələdə Hindistan hansı orbitdə iştirak edəcəyinə qərar vermiş sayılacaq. Nəzərdən qaçırmayaq ki, bu yaxınlarda ABŞ-ın bütün təzyiqlərinə, təkliflərinə, təhdidlərinə baxmayaraq, Hindistan Rusiya ilə S-400 hava hücumundan müdafiə raket komplekslərini almaqla bağlı müqavilə imzaladı. Bunun özü ən diqqətçəkən məqamlardan biridir".

Politoloq qeyd edib ki, Hindistan və Çinin münasibətləri heç vaxt yaxşı olmayıb:

"Bu dövlətlərin bir-biri ilə geosiyasi maraqları daim toqquşub. Düşünürəm ki, artıq Çin və Hindistanın eyni layihəyə qoşulması dördlüyün geoiqtisadi və geosiyasi layihədə birləşməsi və ABŞ-a qarşı böyük bir nəqliyyat layihəsinin həyata keçirilməsidir".