Qarabağa gedən yol uzanır Ermənistanla hansı dildə danışmalı?


Siyasət 03 Noy 2018 08:29:00 264 0

Qarabağa gedən yol uzanır  Ermənistanla hansı dildə danışmalı?

"ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfərindən sonra çox təəssüflər olsun ki, yenə də deklorativ bəyanatlardan savayı Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yenə də heç nə, konkret heç bir irəliləyiş yoxdur. Bəyanatdan belə anlaşılır ki, əsas məsələ ondan ibarətdir ki, hər iki dövlət danışıqlar masasına əyləşməyə hazırdır".

Bunu təhlükəsizlik və geosiyasi məsələlər üzrə ekspert Arzu Nağıyev Son.az-a açıqlamasında bildirib.

Yenə gəliblər - Bu səfər nə qədər əhəmiyyətlidir? Onun sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makronun, Rusiya Prezidenti Vladimir Putinin və ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun bu regiona səfərindən sonra həmsədr dövlətlərin hər biri münaqişənin həllində öz ciddiliyini və əzmli olduğunu göstərmək üçün müəyyən addımlar atmağa çalışırlar: "Əgər ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Cənubi Qafqaz regionuna səfəri çərçivəsində bu münaqişənin həllində birbaşa maraqlı olduqlarını deyirsə, artıq burda kimin daha çox nüfuz sahibi olmağa çalışması məsələsinin üzə çıxdığını görürük. Yəni onlar çalışacaqlar ki, bu məsələdə müəyyən addım atsınlar. Lakin yenə də söhbətlər yalnız sülh danışıqlarının bərpası və gərginliyin azaldılması istiqamətində gedir. Təəssüf ki, hələ də söhbət BMT TŞ-nin qəbul etdiyi 4 qətnamənin icra mexanizmindən getmir. Atəşkəsin pozulması davam edir. Ermənistanın işğalçı ordusunun Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı nə Kazan, nə Vyana protokolları, nə Sankt-Peterburq danışıqlarından danışılır. Sadəcə bildirilir ki, danışıqlar davam edəcək. Bu istiqamətdə Prezident İlham Əliyev də Minsk qrupu həmsədləri ilə görüşdə konkret qeyd edib ki, Azərbaycan ərazi bütövlüyü çərçivəsində istənilən danışıqlara getməyə hazırdır".

Ermənilərin Şuşanı "paytaxt" seçməsinin səbəbləri A.Nağıyev qeyd edib ki, son vaxtlar Ermənistanda gedən proseslər, eləcə də Nikol Paşinyanın Azərbaycan prezidenti İlham Əliyevlə Düşənbə görüşündən dərhal sonra bir cür, ölkəsinə qayıtdıqdan sonra isə verdiyi fərqli açıqlamalar göstərir ki, ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi Ermənistan üçün sadəcə bir siyasi kartdır və bundan istifadə etməkdə davam edirlər: "Ermənstan parlamentində baş nazirin seçilməsi ilə bağlı debatlar da göstərdi ki, Dağlıq Qarabağ kartından sui-istifadə edirlər. Nikol Paşinyan bilirdi ki, ardıcıl iki dəfə səsvermədə seçilməyəcək və bu, parlamentin buraxılmasına gətirib çıxaracaq. O, bu addımı yeni seçkilər keçirib qələbə çalmaq, daha sonra bütün strateji yerlərə öz adamlarını yerləşdirməyə və hakimiyyətə tam olaraq nəzarəti ələ keçirmək üçün atır. Aydındır ki, hakimiyyəti tam ələ keçirmədən Paşinyan iqtidarı ölkədə iqtisadi, sosial, siyasi, hərbi problemləri həll edə bilməyəcək. Ona görə də vasitəçilərin regiona səfərləri davam etsə də, yenə də konkret müsbət nəticə əldə edilmir".

ABŞ Azərbaycanı terror təhlükəli ölkə elan etdi - Həqiqətən, bomba üstdə oturmuşuq? - FOTO   Ekspert hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təcili təsir mexanizmi həyata keçirilməlidir: "Əks halda həm Azərbaycan, həm də qlobal faktorlar Ermənistanla başqa dildə danışa bilər. Onsuz da bu gün Ermənistan regiondakı bütün önəmli iqtisadi layihələrdən təcrid olunub. Lakin onun təcrid olunması daha da geniş miqyas ala bilər. Mən təcili təsir mexanizmi dedikdə BMT TŞ-nin qətnamələrinin yerinə yetirilməsini və bunu etmədikdə Ermənistana qarşı həm iqtisadi, həm siyasi sanksiyaların tətbiq olunmasını nəzərdə tuturam. Yəni bütün regional faktorların maraqları nəzərə alınmaqla bu məsələyə son qoyulmalıdır. Nə qədər ki, təhlükəsizliyə təhdid problemi ortadan götürülməyib, regiona sərmayə yatırılması, genişmiqyaslı, makroiqtisadi layihələrin gerçəkləşməsi də sual altında qalacaq. Məhz bu səbəblərdən Ermənistana təsir və təzyiq artırılmalıdır".  

İlkin İzzət Son.az