İcbari tibbi sığorta ana və uşaq ölümlərinin sayını azaldacaq


Digərləri 02 Noy 2018 23:39:00 548 0

İcbari tibbi sığorta ana və uşaq ölümlərinin sayını azaldacaq

Bəzi hamilə xanımlar imkansızlıqdan lazım olan bütün tibbi müayinələrdən keçə bilmirlər 

"Ana olmağa hazırlaşıram, artıq hamiləliyin 6-cı ayıdır, sözün həqiqi mənasında həkim və analizlərə, müalicəyə verilən pul bizi yıxıb sürüyür. Əldə olan nə varsa, elə həkimlərə gedir. Məndə bəzən başqa problemlər də yaranır ki, daha çox xərcimiz çıxır. Hələ birinci uşağımızdır, sağ-salamat doğulsun, iki-üçüncü uşaq fikirləşsək, bu uşağı saxlaya-saxlaya onları dünyaya gətirmək düşünürəm ki çox çətin olar". Bu sözləri bizimlə söhbətində 3 aydan sonra ana olmağa hazırlaşan Aytən Mehdiyeva bildirdi. Müsahibimizin elə bu problemindən dolayı belə bir sual yarana bilər: İcbari tibbi sığorta ana olmağa hazırlaşan xanımlar üçün hansı imkanları yaradır? Maddi tərəfləri ilə yanaşı, başqa nə kimi faydası olacaq?

Axı ölkəmizdə İcbari tibbi Sığortanın tətbiqi sahəsində işlərə başlanılıb, iki ilə yaxındır ki, ilkin olaraq seçilmiş Yevlax, Mingəçevir və Ağdaş şəhərlərində pilot olaraq layihənin icrası həyata keçirilir. Növbəti ildən icbari tibbi sığortanın artıq bütün ölkə üzrə tətbiqi nəzərdə tutulur. Ona görə hər kəsi bu istiqamətdə maraqlandıran suallar çoxdur. Biz bu yazımızda ana olmağa hazırlaşan xanımları maraqlandıran suallara cavab tapmağa çalışacağıq.

İlk olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əlaqə saxladıq. Son.az xəbər verir ki, Agentliyin Tibbi Sığorta Departamentinin rəhbəri Vüqar Qurbanov "Kaspi"yə açıqlamasında bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanı ilə icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsinin şərtləri və qaydası müəyyən olunub, baza (əsas xidmətlər) zərfinə daxil olan tibbi xidmətlərin siyahısı, tibbi xidmətlərə görə tariflər təsdiq edilib. Pilot layihə çərçivəsində sığorta olunanlara tibbi xidmətlər həmin siyahıya uyğun növdə, həcmdə və şərtlərlə göstərilir. Hamiləlik dövründə ana və dölün sağlamlığının tam təminatı üçün baza zərfi çərçivəsində həkim tərəfindən təyin olunmuş bütün tibbi xidmətlər icbari tibbi sığorta tərəfindən qarşılanır.

Hətta əgər hamilə qadının hər hansı xəstəliyi mövcuddursa, baza zərfi çərçivəsində ona uyğun digər laborator və instrumental müayinələrə də təminat verilir. Yəni, doğuşa aid hər bir xidmət bura daxil olacaq, qeysəriyyə əməliyyatları da. Doğuş zamanı hər pasientin durumu fərqli olduğu üçün, göstəriləcək xidmətlər də dəyişə bilər. Məsələn, tutaq ki, hamilə qadın şəkərli diabetdir, ya ürək xəstəsidir. O zaman da əlavə xidmətlər göstərilir.