Oftalmoloq: Müasir texnologiyadan istifadə uşaqlarda görmə problemləri yaradır


Digərləri 02 Noy 2018 22:43:00 275 0

Oftalmoloq: Müasir texnologiyadan istifadə uşaqlarda görmə problemləri yaradır

Son vaxtlar görmə problemləri xeyli dərəcədə çoxalıb. Nəinki yaşlılar, gənclər, yeniyetmələr, hətta uşaqlar arasında da göz xəstəlikləri geniş yayılıb.

Son.az bildirir ki, AZƏRTAC-a müsahibə verən Bakı Baş Səhiyyə İdarəsinin Baş Oftalmoloqu Sevda Bəşirova bu barədə məlumat verib.

Oftalmoloq deyib: "Təəssüf ki, 9-15 yaşlı uşaqların təxminən 60 faizində görmə problemləri müşahidə olunur. Uşaqlar arasında miopiya xəstəliyi yayılıb. Bunu yaradan əsas səbəblərdən biri də erkən yaşda müasir texnologiyadan istifadədir. Əfsuslar olsun ki, çox vaxt valideyn öz rahatlığı üçün 2-3 yaşlı uşağın əlinə telefon verir ki, uşaq oynayıb başını qatsın. Azyaşlı da saatlarla həmin telefonla oynayır. Bu, o həddə gəlib çatır ki, artıq məktəbə gedəndə uşaqda göz zəifləməsi başlayır. Açıq havada, təbiət qoynunda olmaq əvəzinə uşaqlar daha çox kompüterin, planşetin, mobil telefonun ekranı qarşısında vaxt keçirir. Şübhəsiz ki, göz zəifliyində genetik faktorlar da az rol oynamır. Əgər valideynlər və ya onlardan biri eynək taxırsa, bu, onun övladına da keçir.

Alimlər sübut ediblər ki, kompüterdən gələn mavi işıq torlu qişada görmə zəifliyinə səbəb olan toksik maddə əmələ gətirir. Monitordan gələn mikrodalğalar göz toxumasında istilik yaradır və bu da büllurda dəyişikliyə səbəb olur. Məsələ ondadır ki, nəinki uşaqlar, yaşlılar da günün əksər hissəsini televizor və kompüter qarşısında keçirirlər".