Uşaqların qüsursuz doğulması üçün nə etməli?


Digərləri 02 Noy 2018 22:50:00 237 0

Uşaqların qüsursuz doğulması üçün nə etməli?

UNICEF-in sağlamlıq imkanları məhdud uşaqların vəziyyəti ilə əlaqədar hesabatında göstərilir ki, dünyada 14 yaşdan aşağı olan hər 20 uşaqdan birinin əlilliyi var və bu, təxminən 93 milyon azyaşlı deməkdir.

Son.az xəbər verir ki, körpələrin sağlam doğulması hansı səbəblərdən asılı olduğu barədə K. Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitununun baş həkimi Səadət Ələsgərova deyib: "Anomaliyaların ən əsas səbəbi ananın vaxtında müayinədən keçməməsidir. Qadınların hamiləlikdən əvvəl və ya hamiləliyin ilk həftəsindən həkimə müraciət etməsi həmin problemin aradan qaldırılmasında əsas rol oynayır. Həmçinin analarda olan infeksiyalar, ciddi somatik problemlərlə yanaşı qohum nikahları da problemin yaranmasına səbəb olur".

Onun dediyinə görə, anadangəlmə inkişaf qüsurları arasında ilk sırada ürək-qan-damar sistemi xəstəlikləri durur. Bundan başqa böyrək, sidikçıxarıcı orqanın qüsurları və genetik faktorlar da var: "Ən vacib məqam həmin patologiyaların erkən və daha tez aşkarlanıb müayinə olunmasıdır. Böyrəklər və mərkəzi sinir sistemi tərəfindən olan qüsurları da həmin sıraya aid etmək olar. Bunun qarşısını almağın əsas yolu xəstəliyi vaxtında aşkara çıxarıb düzgün müalicə etməkdir".