"Bakı, sabahın xeyir"... FOTO


Kriminal 02 Noy 2018 21:32:00 357 0

"Bakı, sabahın xeyir"...  FOTO

Bu gün Emin Sabitoğlunun anadan olmasının 81-ci ildönümü tamam olur

Onun yazdığı mahnıların adını çəkmək bəs edir ki, söhbətin kimdən getdiyi aydın olsun: "Dərələr", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Dağlar", "İnsaf da yaxşı şeydir", "Payız gəldi", "Kəpənək"... Amma təkcə bunlarmı? Bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema... Bəs bəstəkarın musiqi çeşməsindən süzülən kino və komediyalar üçün yazdığı musiqilər? Əslində, bunlar da onun yaradıcılığının hamısı deyil...

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu gün 600-dən çox mahnının, 9 musiqili komediyanın, 40-a yaxın film musiqisinin müəllifi olan xalq artisti Emin Sabitoğlunun anadan olmasının 81-ci ildönümü tamam olur.

Özü aramızda olmasa da, "bəzən bir ümid, bəzən göz yaşı gətirən" nəğmələri həmişə bizimlə olan unudulmaz bəstəkarın yubileyi ötən il dövlət səviyyəsində keçirilib. Bununla bağlı Prezident İlham Əliyev ötən il avqustun 5-də "Emin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən hazırlanan tədbirlər planına uyğun olaraq sənətkarın 80 illik yubileyi ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd edilib.

Bir payız axşamı görkəmli dramaturq Sabit Rəhmanın ailəsində dünyaya göz açan Emin sonralar məşhur mahnılarından birində söylədiyi kimi, "haradan gəlib hayana gedəcəyini" çox gözəl bilirdi. Belə olmasaydı, Üzeyir Hacıbəyli adına Azərbaycan Konservatoriyasının nəzdindəki orta musiqi məktəbində (indiki Bülbül adına məktəbdə) təhsil almazdı, 1954-cü ildə Konservatoriyada, Qara Qarayevin sinfinə daxil olmazdı, 1957-1961-ci illərdə təhsilini P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında davam etdirməzdi.

Sonralar o, "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər, Ü.Hacıbəyli adına Dövlət Konservatoriyasında (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) müəllim işləyib.


Xəbərə aid fotolar