Rəqs üstündə bəyin sağdışını öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA


Kriminal 02 Noy 2018 21:35:00 269 0

Rəqs üstündə bəyin sağdışını öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA

Bakı Ağır Cinayətlər Məhkəməsində Qusarda rəqs etmək üstündə qətl törətməkdə təqsirləndirilən Səlim Mirzəbəyovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Elan olunmuş ittiham üzrə S.Mirzəbəyov özünü təqsirli bildiyini deyib.

Daha sonra mərhum İlqar Qədirovun hüquqi varisi, onun atası İslam Qədirov ifadə verib. O söyləyib ki, həyat yoldaşı ilə boşanıb, özü Qusar rayonunda yaşayır:  "Oğlum anası ilə Bakıda qalırdı. Onun 2 azyaşlı övladı var. İlqar Bakıda N saylı hərbi hissədə gizir işləyirdi. Hadisə günü İlqara gecə saat 11 radələrində zəng vurdum ki, gəlib onu evə aparım. Dedi bəyi oynadacaqlar, ondan sonra gələrəm. Gecə 1-in yarısında polisdən mənə zəng etdilər. Dedilər ki, oğlun toyda dava salıb, bölməyə gəlməyimi istədilər. İlqara zəng etdim, telefonunu açan olmadı. Sonra qayınatası ilə danışdım. Bildirdi ki, oğlum öldürülüb və hazırda morqun qabağındırlar. Mən də ora getdim".

İ.Qədirov qeyd edib ki, oğlunun dəfn mərasiminə S.Mirzəbəyovun yaxınları gəlməyib.

O, təqsirləndirilən şəxsi bağışlamadığını bildirib.

Təqsirləndirilən S.Mirzəbəyov dindirilən zaman deyib ki, hadisənin baş verdiyi məkan bacısının toy evi olub. Onun sözlərinə görə, İ.Qədirovla aralarında dava rəqs etmək üstündə olub: "Bacım oğlunun toyunda azca - yarım butulka araq içmişdim. Gecə bəy oynayan zaman mən də qoşuldum. Bu zaman mərhum İlqar mənim onlarla oynamağıma irad bildirdi. Mən isə onun dediyinə əməl etmədim və oynamağa davam etdim. Sonra İlqar məni bağa aparıb, orda döydü, təhqir etdi. Səbəbini soruşanda heç nə demədi. Sadəcə mənim onlarla oynamağımı istəmədiyini söylədi. O, məni bağda döyən zaman bizi heç kəs ayırmadı".