Kocaelinin Körfəz şəhər bələdiyyəsinin nümayəndə heyəti AZƏRTACda olub


Digərləri 02 Noy 2018 19:26:00 273 0

Kocaelinin Körfəz şəhər bələdiyyəsinin nümayəndə heyəti AZƏRTACda olub

Azərbaycanda səfərdə olan Türkiyənin Kocaeli vilayətinin Körfəz şəhər bələdiyyəsinin sədri İsmayıl Baranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə noyabrın 2-də AZƏRTAC-da görüş keçirilib.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamını xatırladaraq Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin böyük tarixə malik olduğunu bildirib. Vurğulayıb ki, dövlət başçıları İlham Əliyev ilə Rəcəp Tayyip Ərdoğan arasında şəxsi dostluq münasibətləri ölkələrimizi və xalqlarımızı bir-birinə daha sıx bağlayır. Ölkələrimiz arasında bütün istiqamətlərdə olduğu kimi, media sahəsində də əlaqələr yüksək səviyyədədir. AZƏRTAC və Anadolu uzun illərdir həm ikitərəfli qaydada, həm də beynəlxalq media qurumları çərçivəsində sıx əməkdaşlıq edir, geniş informasiya mübadiləsi aparırlar.

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar olaraq Körfəz şəhərində "Xocalı şəhidləri" abidəsinin ucaldılmasının ölkəmizdə rəğbətlə qarşılandığını və yüksək qiymətləndirildiyini qeyd edən Aslan Aslanov Körfəz bələdiyyəsinin sədri İsmayıl Barana bu təşəbbüsə, habelə azərbaycanlı tələbələrə göstərilən yardıma görə minnətdarlığını bildirib.

İsmayıl Baran iki qardaş ölkənin hər zaman bir-birini sıx dəstəklədiyini, Türkiyə və Azərbaycan arasında əlaqələrin digər dövlətlər üçün nümunə olduğunu deyib. Türkiyənin Xocalı soyqırımını heç vaxt unutmayacağını deyən bələdiyyə sədri "Xocalı şəhidləri" abidəsinin bu faciənin gələcək nəslin yaddaşında həkk olunması məqsədilə ucaldıldığını vurğulayıb.


Xəbərə aid fotolar