Beynəlxalq Əmək Təşkilatında hökumətlər qrupuna rəhbərlik Azərbaycana həvalə olunub


Digərləri 02 Noy 2018 17:50:00 258 0

Beynəlxalq Əmək Təşkilatında hökumətlər qrupuna rəhbərlik Azərbaycana həvalə olunub

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatının İdarə Heyətinin iclasında iştirak edib.

Bakı. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimlinin başçılıq etdiyi nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatının (BƏT) İdarə Heyətinin iclasında iştirak edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, BƏT-in İdarə Heyətinin üzvü olan Azərbaycan Təşkilatın rəhbər orqanının iclaslarında, eləcə də siyasi qərarların qəbulunda fəal iştirak edir. Hazırda üçtərəfli (hökumət, işəgötürənlərin və işçilərin nümayəndələri) təmsilçilik şəraitində fəaliyyət göstərən BƏT-də hökumətlər qrupuna rəhbərlik Azərbaycana həvalə olunub. İdarə Heyətinin iclasında BƏT-in rəhbər orqanının hesabatı dinlənilib, Beynəlxalq Əmək Konfransının 107-ci sessiyasından, BƏT-in Baş Direktoru Qay Rayderin məruzəsindən irəli gələn mövzular, Dayanıqlı İnkişaf Məqsədlərinə dəstək, üçtərəfli dialoqun və layiqli əməyin təminatı üzrə siyasətlər və s. məsələlər müzakirə olunub. Müzakirələrdə iştirak edən nümayəndə heyəti iclas çərçivəsində bir sıra BƏT rəsmiləri ilə görüşüb. BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Haynts Kollerlə görüşdə cari ilin may ayında BƏT-lə əməkdaşlıq çərçivəsində Davamlı İnkişaf Məqsədlərinin icrasına dair Bakıda keçirilmiş beynəlxalq konfransın önəmi vurğulanıb. Həmin konfransda iştirak etmək üçün ilk dəfə ölkəmizə səfər etmiş BƏT-in Baş Direktoru Qay Rayderin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi, eləcə də səfər çərçivəsində keçirilmiş digər görüşlərlər məmnunluqla qeyd edilib, müzakirə edilmiş məsələlərin icra vəziyyətinə dair fikir mübadiləsi aparılıb. Görüş zamanı M.Kərimli Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar barədə məlumat verib. O, ölkəmizin sosial-iqtisadi uğurlarının beynəlxaq səviyyədə yüksək dəyərləndirildiyini, bunun növbəti təsdiqi kimi, Dünya Bankı tərəfindən yayılan yeni “Doing Business 2019” hesabatında Azərbaycanın dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edildiyini, hesabatda Azərbaycanın 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşmaqla, MDB ölkələri arasında lider mövqeyə yüksəldiyini diqqətə çatdırıb. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr tarixli sərəncamı ilə “2019–2030-cu illər üçün Məşğulluq Strategiyas”ının qəbul edildiyi barədə məlumat verilib, BƏT-in dəstəyinin Strategiya üzrə Tədbirlər Planı layihəsinin hazırlanmasında da davam edəcəyinə ümid ifadə edilib.