Səhiyyə Nazirliyi: "Mikayıl Müşfiqin qalıqlarının tapılması üçün bütün genetik müayinələr Azərbaycanda aparılacaq"


Digərləri 02 Noy 2018 12:40:00 361 0

Səhiyyə Nazirliyi: "Mikayıl Müşfiqin qalıqlarının tapılması üçün bütün genetik müayinələr Azərbaycanda aparılacaq"

Şair Mikayıl Müşfiqin qalıqlarının tapılması üçün aparılacaq genetik müayinələrin hamısı Azərbaycanda həyata keçiriləcək.

Son.az xəbər verir ki, bunu özəl olaraq Trend-ə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin (MTEPAB) direktoru Ədalət Həsənov deyib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları bu işlə məşğul olmağa başlayandan sonra müəyyən sənədləri və iş materiallarını toplayacaqlar:

"Bundan sonra qərar çıxarılacaq, suallar qoyulacaq və o qərar icra edilmək, eyni zamanda sümük qalıqları öyrənilmək üçün bizə veriləcək. Ola bilər ki, bizə verilən bir necə sümük, yaxud bütöv skelet, ya da bir necə şəxsə aid olan skelet qalıqları olsun. Mən bu barədə hələ heç nə deyə bilmirəm, çünki bizə hələ heç nə təqdim edilməyib".

Ə.Həsənov qeyd edib ki, lazımi materiallar təqdim edildikdən sonra MTEPAB tərəfindən həmin qalıqların genetik müayinəsi aparılacaq:

"Daha sonra həmin müayinənin nəticələrinin müqayisə olunacağı şəxslər, yaxud meyit qalıqları bizə təqdim ediləcək. Həmin şəxs, yaxud şəxslər istintaq orqanları tərəfindən müəyyən ediləcək. Onlardan material, məsələn, yaşayan şəxsdirsə, qan götürüləcək və onun da genetikası öyrəniləcək, müayinələrin nəticələri tutuşdurulacaq".