"Alver övladı" Bakıdan nə istəyir?


Siyasət 02 Noy 2018 11:52:37 265 0

"Alver övladı" Bakıdan nə istəyir?

Reallıq.info internet portalının redaktoru İkram Rəhimovun tutulmasına görə narahatam. Jurnalistin tənqidi məqalələrinə görə təqib olunduğunu bildirirəm. İşin təfərrüatları barədə əlavə məlumatları axtarırıq.

ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Harlem Dezir Azərbaycandakı jurnalistlərin peşə fəaliyyəti ilə bağlı əndişələnib. O, təlaşını gizlətmir.

Nə eybi var ki, təlaş qəfildir, iki şəxslə bağlıdır və o şəxslər də hakimiyyətə qarşı çox sərt mövqe tutanlardır.

Üstəlik, 58 yaşlı Dezir Ermənistana yollanandan bir həftə sonra bu hissləri keçirib.

O, əvvəlcə İkram Rəhimova görə qüssələnib, sonra da İsmayıl İslamoğlu adlı gənci xatırlayıb.

Və Twitter-dəki akkauntunda yazıb: "Kanal 13 internet-kanalının jurnalisti İsmayıl İslamoğlunun oğurlanması və işgəncələrə məruz qalması deyilir. O, tənqidi mövqeyinə görə təqib olunur. Azərbaycanın hakimiyyət dairələrindən xahiş edirəm ki, bu insidentin təfərrüatlı və şəffaf təhqiqatını təmin etsinlər".

58 yaşlı fransız sosialist Harlem Dezirin bu iki açıqlamasının ATƏT-in yüsək çinli məmuruna, siyasətçiyə və ən başlıcası, Avropa məkanında kütləvi informasiya vasitələrinin, yəni mass-medianın normal fəaliyyətinin təminatına görə "cavabdeh" olduğunu vurğulayan adamın mövqeyinə nə qədər uyğundur?

Sual ritorikdir, çünki cavabı müsyö Dezir üçün heç ürəkaçan deyil.

Fransa Sosialist Partiyasının ilk qaradərili katibi olmuş Dezirin siyasi karyerası 8 il əvvəl, 2012-ci ildə yüksələn xətdə idi. Fransız sosialistlər onun intellektinə, hazırcavablığına və məntiqinə həsəd aparırdılar. Fəqət, sən demə, görüntü mahiyyətdən fərqli, zahir batindən çox uzaqmış.

2017-ci ilin mayında baş nazir Eduar Filip hökuməti formalaşdıranda Dezir ən azı nazir postuna yiyələnəcyini gözləyirdi. Olmadı: sosialistlərin "gözləri açılmışdı" və bu səbəbdən də Dezir portfellərin paylanmasından kənarda qaldı.

Və elə həmin ilin iyulun 18-də Harlem Dezir ATƏT-in KİV və söz azadlığı üzrə nümayəndəsi təyin olundu.

Alverin övladı

Bu təyinatın çox maraqlı pərdəarxası var.

Ukraynanın şərqindəki Luqansk və Donetsk bölgələrindəki separatizm, Rusiyanın bu separatizmlə bağlı "fərqli" mövqe tutması ilə bağlı ATƏT rəsmi Moskvaya qarşı yeni sanksiyalar paketini nəzərdən keçirirdi. Rusiya da cavab tədbiri olaraq ATƏT və AŞPA-ya üzvlük haqqı ödənişlərini dayandıracağını demişdi.

Rusiyanın üzvlük haqqının məbləği az deyil və ATƏT ilə AŞPA-nın büdcəsinin əhəmiyyətli, özü də çox böyük qismini təşkil edir. Moskva ödənişləri dayandırsaydı, ATƏT-in fəaliyyəti faktiki olaraq, iflic duruma düşəcəkdi.

Üstəlik, ATƏT-in ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Dünya Miyatoviçin işi, xüsusilə də son bəyanatları Moskvanı həddən ziyadə qıcıqlandırmışdı.

İş o yerə çatmışdı ki, bosniyalı Miyatoviçin xələfi Mikloş Haraşti ilə məsləhətəşmələr aparan ATƏT funksionerləri "Bəs kimi təyin edək?!" sualına cavab arayırdılar.

Bu səbəbdən də ATƏT-lə Rusiya arasında danışıqlar başlandı. Uzun sürən kuluar müzakirələrdən sonra Miyatoviçin yerinə Harlem Dezirin təyinatına qərar verildi.

Çünki Dezir Fransa Sosialist Partiyasında "vurulmuş rəhbər"lər sırasında olması ilə yanaşı, ehtiyatlı adam kimi tanınırdı.

Görünür, müsyö Dezir son bir il ərzində demokratiya, söz və ifadə azadlığı, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin təminatı və s. kimi məsələlərin təqdimatında ötənlərdə əldən verdiyi şansların intiqamını almaq məqsədilə radikallaşıb.

İş o yerə çatıb ki, Fransa mediasında solçu olmayan jurnalistlər Deziri "alver övladı" adlandırmağa başlamışdılar.

Müsyö Deziri "əndiləşəndirən" və "narahat edən" iki şəxsə gəldikdə isə...

İkram Rafiq oğlu Rəhimov tabeçiliyində olan şəxslərlə birlikdə "Realliq.info" və digər reket informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplamasında şübhəli bilinir.

Dövlət Təhlükəsizliyi Xidməti əməliyyat keçirərək Rəhimovu saxlayıb.

Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət işi açılıb, istintaq gedir.

İsmayıl İslamoğlu isə saxlanmayıb, tutulmayıb, itkin düşməyib, nə də hansısa mifik işgəncələrə məruz qalmayıb. Bu gənc evindədir və fəaliyyət ampluasına sadiq qalaraq "Bu hakimiyyət getməlidir!" tipli verbal ekzersislərlə məşğuldur.

Və ən nəhayət, Azərbaycanın hakimiyyətinə "araşdırmaların təfərrüatlı və şəffaf" olması ilə bağlı messiclər ünvanlamaq çox pis pərdələnmiş, kobud və bəsit təzyiq formasıdır.

Lakin müsyö Harlem Dezir nədənsə unudur ki, Azərbaycana təzyiq, sadəcə, mümkün deyil.

Dezirə qədər çoxları cəhd göstərib. Belə uğursuz cəhdləri sadalamağa gərək varmı?!

Elçin Alıoğlu Son.az